Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nardaran hadisələrinə görə təqsirləndirilən şəxs vəkilindən imtina etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Onlardan bir neçəsinin vəkili olmadığı məlum olub. Digərlərinin isə vəkilləri dövlət hesabına təyin olunanlardır.

Təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov vəkildən imtina edib və bunu ibtidai istintaq zamanı onu müdafiə edən vəkil tərəfindən təzyiqlərə məruz qalması ilə əsəslanıdırıb: “Bandotdeldə mənə o qədər işgəncə vermişdilər ki. Vəkilim məni müdafiə etmək əvəzinə, onlara qoşulub az qalırdı məni döysün”.

Daha sonra hakim təqsirləndirilən şəxslərdən məhkəmə tərkibinə etiraz edib-etmədiklərini soruşub.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib: “Hakimlər dəyişsə də, heç nə dəyişməyəcək. Ona görə etirazım yoxdur”. Təqsirləndirilən F.Qəhrəmanlı həmçinin məhkəmə iclaslarının tez-tez keçirilməsini istəyib: “Kürdəxanıda vəziyyət çox ağırdır. Bu istidə bu qədər insanın orada saxlanılması özü mənəvi işgəncədir”.

Təqsirləndirilən şəxslərinin bəzilərinin vəkilləri olmadığından onların müdafiəçi ilə təmin olunması üçün prosesdə fasilə elan olunub.

Məhkəmənin hazırlıq iclası günün ikinci yarısı davam edəcək.

Qeyd edək ki, Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində DİN xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla ümumilikdə altı nəfər şəxs həlak olub. Əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

AXCP sədrinin müavini F.Qəhrəmanlı barəsində ötən il dekabrın 8-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. İnarə Rafiqqızı Virtualaz.org

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Məmur olmaq istəyənlər üçün müsabiqə elan olundu

%d bloqqer bunu bəyənir: