Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Nəqliyyat Nazirliyi yol qəzalarında baş verən ölüm hallarından necə qazanır? 

Nəqliyyat Nazirliyi və bu nazirliyin tabeçiliyində olan qurumların əməkdaşlarının vətəndaşlarla münasibətdə sərgilədiyi kobudluq hər kəsə bəllidir. Nazirlik qoçularının hər ay bir neçə sürücünü döyməsi, onları haqlı-haqsız cərimələrə məruz qoyması ölkə mətbuatının daim gündəmə gətirdiyi problemlərdəndir.

Bugünlərdə 24saat.org-a məlumat verən özəl mənbə Nəqliyyat Nazirliyi yetkililərinin yeni “çörək pulu” üsulundan bəhs edib. Mənbənin qan donduran məlumatına görə, nazirlik  bəlli bir müddətdir ki, avtobus qəzaları nəticəsində baş verən ölüm hallarından da öz cibini doldurmaq məqsədilə faydalanmaqdadır. Bu prosesin necə, hansı şəkildə baş verdiyinə gəlincə, mənbə bunun üçün tələb olunan bütün incəliklərin nazirlik tərəfindən ölçülüb-biçildiyinə diqqət çəkdi.

Nazirlikdən marşurut sahiblərinə xəbərdarlıq

Mənbənin sözlərinə görə, bütün marşurut və xətt sahiblərinə müraciət edən nazirlik avtobus qəzaları nəticəsində  baş verən ölüm halları müqabilində həmin xəttin bağlanacağını bəyan edib: “Nəqliyyat Nazirliyi bundan bir müddət öncə bütün xətt sahiblərinə müraciət edərək bildirib ki, əgər hansı xətdə avtobus qəzası nəticəsində ölüm hadisəsi baş versə, o zaman həmin xətt dərhal bağlanacaq. Həmin xəttə olan eyni saylı avtobusların fəaliyyəti isə qadağan olunacaq.

Şübhəsiz, nazirlik tərəfindən sahibkarlara edilən bu tip xəbərdarlıq onları daha diqqətli olmağa sövq etməklə yanaşı, iş adamlarının məsuliyyəti də artırır ki, xəbərdarlığın bu baxımdan mühüm önəm kəsb etdiyi inkarolunmazdır. Lakin xəbərdarlıqda yer alan cəza mexanizminin absurdluğu da Azərbaycansayağı orijinallığı ilə diqqət çəkir. Məlumat üçün qeyd edək ki, dünyanın heç bir ölkəsində bu cür cəza mexanizmi mövcud deyil. Heç bir ölkədə avtobus qəzası nəticəsində ölüm faktı baş verəndə həmin xətt və ya həmin xətt üzrə işləyən eyni nömrəli marşurutların fəaliyyəti yasaqlanmır. Çünki bu cəza, qəzaya yol verən şəxslə yanaşı, baş verənlərdə heç bir suçu olmayan daha onlarla şəxsin, o cümlədən marşurut sahibinin haqsız yerə cəzalandırılması deməkdir. Bu isə nə hüquqi, nə də vicdani baxımdan ədalətli hesab edilə bilməz. Bundan başqa, unutmaq olmaz ki, bu cür qəzalarda günah əksər hallarda marşurut sürücülərində olsa da, bəzi istisnalar da yaşanıb. Bəzən piyadaların təhlükəsizlik qaydalarına əməl etməməsi,  bu qaydaların tələblərini ciddi şəkildə pozması onların ölümünə yol açır. Bu baxımdan nazirliyin məlum cəza mexanizminin yetərincə qüsurlu və anormal olduğu ortadadır. Lakin əcaibliyi göz qabağında olan bir qaydanın Nəqliyyat Nazirliyi tərəfindən israrla müdafiəsi məlum cəza mexanizminin arxasında əslində tamam başqa maraqların dayandığını göstərir”.

Sahibkarların qarət olunmasının astar üzü

Nazirliyin öz təxəyyül məhsulu olan məlum qaydadan istifadə edərək sahibkarları sözün həqiqi mənasında qarət etdiyini bildirən mənbə, sözügedən cəza sisteminin məmurların maraqları baxımından faydalı tərəflərinə diqqət çəkdi: “Məlum qayda ilk baxışdan ölümlə nəticələnən qəza hallarının qarşısının alınmasına yönələn xəbərdarlıq kimi görünsə də, əslində bu qaydanın keşiyində dayandığı məqsəd tamamilə başqadır. Daha dəqiq desək, Nəqliyyat Nazirliyinin ölkənin nəqliyyat sisteminə gətirdiyi bu son qayda sahibkarların soyulmasına xidmət edir. Belə ki, hansısa avtobus sürücüsü qəza nəticəsində piyadanın ölümünə səbəb olan kimi dərhal Nəqliyyat Nazirliyinə çağırılan marşurun sahibinə xəttin əlindən alınacağı bildirilir. Nazirlik əməkdaşları daxili qaydanı əsas gətirərək sahibkara bildirilər ki, onun tabeçiliyində çalışan şəxs bu qaydanı pozduğuna görə artıq həmin xəttə sahiblik edə bilməz.

Şübhəsiz, məsələnin belə qoyuluşu sərnişindaşıma ilə məşğul olan sahibkarın təşvişinə səbəb olur. Qanuni ödənişlərdən başqa külli miqdarda “şapka” hesabına əldə etdiyi xəttin bir andaca əlindən alınmasını həzm edə bilməyən sahibkar, sahib olduğu xətti qoruyub saxlamaq üçün nazirlik əməkdaşlaır ilə “razılığa” gəlməyə məcbur olur. Bu razılaşma isə xətt sahibinə böyük maliyyə itkisi hesabına başa gəlir. Daha dəqiq desək, sahibkar istifadə etdiyi xətti yenidən almalı olur”.

Mənbənin bildirdiyinə görə, məlum situasiya ilə üzləşən sahibkarların nazirlik əməkdaşları ilə anlaşmasını zəruri edən amillərdən biri də yeni xətlərin əldə edilməsinin daha baha başa gəlməsi ilə bağlıdır: “Xətt sahibləri yaxşı bilir ki, əgər sahib olduqları xətti əllərində saxlaya bilməsələr, o zaman yeni bir xətt almaq məcburiyyətində qalacaqlar ki, bu da çox ciddi maliyyə itkiləri ilə paralel müşahidə ediləcək. Xətt almaqdan imtina etmək isə sahibkarın sərəncamında olan onlarla avtobusun fəaliyyətsiz qalması demək olacaq ki, bu da iş adamının iflas olması anlamına gəlir. Buna görə də, sahibkarlar bütün hallarda Nəqliyyat Nazirliyi yetkililərinin istəklərini qarşılamaq məcburiyyəti qarşısında qalırlar”.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Mirşahinin Eynulla Fətullayev haqda çəkdiyi – “Bədbəxt adam” filmi

%d bloqqer bunu bəyənir: