Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müxalifətin referendum taktikası – Əbülfəz Qurbanlı

Sentyabrın 26-na təyin edilən referendum barədə gələcək zamanda danışmaq olmur. Ölkə reallığına bələd olan hər kəs üçün referendum elan edildiyi gün də “keçirilən”, arxada qalan proses idi. Burda heç proses sözü də vəziyyəti tam ifadə etmir, çünki proses hərəkətdir, canlılıqdı, bizim referendum isə klassik ifadə ilə desək, ölü doğulan uşaqdır.

Referendumun məqsədi də, nəticələri də ilk gündən aydın idi. Müxalifətin qarşıdakı günlərdə mürtəce mahiyyətli dəyişikliyə qarşı təşkil edəcəyi dinc tədbirləri nəzərə almasaq, fəal vətəndaşda bu prosesə maraq oyadacaq hər hansı məqam yoxdur. Hətta hakimiyyətin özü üçün də referendumdan daha önəmli müxalifətin bu mürtəce dəyişikliyə qarşı atacağı addımlardır. Son repressiyalar da məhz bu səbəbdəndir.

Axır günlər tuhatutlar o qədər çoxalıb, adama elə gəlir ki, hakimiyyət referendumu müxalifəti tam əzmək üçün bir bəhanə kimi düşünüb. Belə olan halda müxalif partiya və təşkilatların referendum taktikalarının, fəaliyyət istiqamətlərinin müzakirə və təhlili çox faydalı ola bilər.

Bu ilk növbədə strateji məqsədə nail olmaq üçün vacibdir. Hər bir halda səhv və ya doğru fəaliyyət təhlil olunmalı, nəticələr aydınlaşmalıdır. Bütövlükdə isə Azərbaycanda müxalifətin demokratiya uğrunda mübarizəsi siyasi tarixi proses kimi nəzərdən keçirilməlidir. Bəndəniz siyasi ekspert deyil, sadəcə müstəqil şəxs kimi müşahidələrim əsasında uzunmüddətli prosesin referendum hissəsi ilə əlaqəli qənaətimi sizinlə bölüşmək istəyirəm.

İlk növbədə bu yazı müxalifət qurumlarının referendum münasibətindən bəhs etsə də YAP-ı unutmaq ədalətsizlik olar. Hakim partiya Konstitusiya Məhkəməsinin qərarına qədər referendumla bağlı hər hansı bəyanat və ya mövqe sərgiləmədi. Siyavuş Novruzov istisna olmaqla, sanki bu partiya öz prezident sədrinin dəyişiklik təklifləri ilə razı deyildi. Konstitusiya Məhkəməsinin qərarından sonra YAP yuxarıdan gələn direktivə əməl etmək zorunda qalmış halda ümumrespublika müşavirəsi keçirdi. Müxalif strukturlar və siyasətçilər xəbəri etirazla qarşıladı.

Kim və ya hansı qurum referendumda necə iştirak edəcək?

İlk olaraq bəyanatlar verildi. Milli Şura “nəticələri öncədən Prezident Administrasiyasında hazırlanan referendum tamaşasında iştirakdan və bununla da Azərbaycan dövlətçiliyinin və respublika quruluşunun təməlini sarsıdan siyasi şouya nisbi-demokratiklik və legitimlik donu geyindirməkdən imtina edir” bəyanatı ilə öz mövqeyini ifadə etdi, dinc mitinq və nümayişlərlə Konstitusiyanın dəyişdirilməsinə etiraz edəcəyini bildirdi.

(Redaksiyadan: Müəllif yazını Milli Şura və Müsavat Partiyası mitinqlər təyin etməmişdən əvvəl yazıb)

REAL “Konstitusiyaya təklif olunan dəyişikliklər sistemi nəinki dəyişmir, onu daha dərin böhrana sürükləyir, ölkə üçün əlavə risklər və təhlükələr yaradır” çağırışını bəyan etdi.

Müsavat Partiyası da “demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini ölkədə avtoritar cəmiyyətin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu” açıqladı.

Bu mərhələdə Milli Şura və REAL hərakatının referendum taktikalarının dəqiq müəyyən olunduğu görünür.

Milli Şura və AXCP referendum şousunda iştirak etməyəcək, dinc mitinq və digər tədbirləri ilə Konstitusiyasının pozulmasının qarşısını almaq üçün vətəndaşların fəal boykot etirazını təşkil edəcək.

REAL isə təşviqat qrupu yaradılması istiqamətində işə başlayaraq, Respublikaçı Alternativ təşəbbüs qrupunu yaradır.

Müsavat Partiyası da qanunla mümkün olan bütün vasitələrdən istifadə edəcəyini bildirir. Daha sonra partiyanın növbədənkənar Məclisində “Respublika” təşəbbüs qrupunu yaradır.

AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı Konstitusiya Məhkəməsinə müraciət edir.

Mİlli Şura və AXCP mitinq anonsu verir

Belə bir mərhələdə REAL-ın əsas liderlərindən Natiq Cəfərli haqqında qanunsuz sahibkarlıq bəhanəsi həbs-qətimkan tədbiri seçilir, ardınca iki gənc üzv inzibati qaydada həbs olunur və referendumla bağlı çap materialları müsadirə olunur.

Həbs dalğası REAL-la məhdudlaşmır. Ardınca Milli Şuranın aparıcı qüvvəsi olan AXCP-nin iki gənc üzvü şərlənərək inzibati qaydada həbs olunur. Bununla kifayətlənməyən repressiya maşını, növbəti absurda imza atır. Bu dəfə cəbhəçilər nə qədər qəribə olsa da “Gülənçi”likdə ittiham olunur. Partiyanın Gənclər Komitəsinin fəallarından olan Fuad Əhmədli və Əli Kərimlinin köməkçisi Faiq Əmirli bu cəfəng ittihamla şərlənərək həbs olunurlar.

Az sonra AXCP sədrinin mümkün həbs xəbəri yayılır

Repressiya qismən məqsədinə çatır. N.Cəfərlinin qanunsuz həbsinin ardınca REAL mətbuat konfransı keçirərək üzvlərinin həbsini önləmək üçün referendum prosesində iştirakdan imtina edir. İmza toplama dayandırılır.

Ardınca Müsavatın Təşviqat Qrupunun yaranması üçün təqdim etdiyi imzaların 3000-in saxta olduğu elan edilir və qrup qeydə alınmır.

Beləliklə, hazırkı mənzərə budur: Müsavat Partiyasının təşviqat qrupu qeydə alınmayıb. Bundan sonrakı mərhələdə hansı addımların atılacağı bilinmir.

REAL referendum prosesində iştirakdan imtina edib. Bundan sonra atacaqları addımlarla bağlı isə cəmiyyətə hər hansı mesaj verilməyib.

Milli Şura və AXCP isə ilk mitinqin vaxtını elan edib və hazırlıqlara başlayıb.

Beləliklə, müxalifət strukturlarının referendum prosesində atdığı addımları nəzərdən keçirdik. Əlbəttə, bundan sonrakı fəaliyyəti də izləyərək qiymətləndirə biləcəyik.

Hansı taktika effektiv və mövcud duruma adekvatdır?

Siyasi fəaliyyətdə taktikalar strateji məqsədə çatmaq üçün müəyyən olunur. Strategiyanın gerçəkləşməsi üçün taktiki fəaliyyətin şərtlərə uyğun, effektiv və ardıcıl olması çox önəmlidir. Öncədən hesablama və planlama olmadığı halda bu meyarların heç biri olmayacaq və fəaliyyətdə ardıcıllıq pozulacaq.

Eyni zamanda şəraitə və şərtlərə görə formaların seçilməsi də bura daxildir. Məqsədə çatmaq üçün ilk növbədə siyasi dəyərləndirmə olmalıdır, mövcud vəziyyət, rəqibin gücü, hədəf qruplarının fəallığı, resurslar və s. kimi elementlər dəyərləndirilməlidir. Əgər bir kampaniyanın başlanğıcında siyasi dəyərləndirmə olmursa və ya bu yanlış dəyərləndirmə olarsa, o zaman hətta minumum uğuru qazanmaq mümkün olmayacaq.

REAL niyə başladı və geri çəkildi?

Arqumentlərdən biri: “biz başdan bilirdik ki, bütün bunlar oyundur, imza toplamaq mənasız işdir”. Bu nəticəni cəmiyyətin aktiv təbəqəsi də bilirdi. O zaman nəticəsi öncədən məlum olan boş və mənasız işə qoşulmaq nə demək olur?

Növbəti arqument: Vətəndaşlarla ünsiyyət qurmaq və hakimiyyəti ifşa etmək

Bütün siyasi qüvvələrin təşkilati işdə əsas qayğılarından biri vətəndaşlarla kommunikasiya qurmaqdır. Bunun indiki şəraitdə müxtəlif formaları var. 41 min imza toplamaq, AzTV və İTV-də bir neçə dəqiqəlik debat fürsəti qazanmaq bu formalardan ən məhdud imkanlısıdır.

Daha bir arqument: “biz prosesin gedişində “daha çox itki verməmək üçün geri çəkilirik”

Məgər referendum prosesindən qabaq Əliyev rejiminn avtoritarlığı mövcud deyildi, yoxsa repressiya siyasətinin şiddətlənməsinin fərqində deyildik? Hələ xeyli müddət qabaq böhran dövründə hakimiyyətin daha sərt olacağı haqda konkret hesablamalar mövcud idi. Elə bu referendum dəyişiklikləri də hakimiyyətin dərinləşən böhran şəraitində bağları möhkəmləndirməsi kimi realizə olunurdu.

Belə bir əsəbi və isterik geriləmə həm də hakimiyyətin qorxu yaratmağ planına tam cavab verə bilər. Bir neçə həbsdən sonra daha çoxunun həbs olunmaması üçün referendumda iştirakdan imtina insanlarda hansı təsəvvürü yaratmalıdır ki? İndiki dövr Azər Qasımlının qeyd etdiyi qədim tarixi dövr – Çingiz xanın Çin səddindən çəkilməsi dövrü deyil. Siyasi strukturda əsgər yox, dinc vətəndaş var. Vətəndaşda ruh yüksəkliyi və inam yaradılmalı, nümunələr ortaya qoyulmalıdır.

Və nəhayət, REAL referendumla bağlı son mətbuat konfransında növbəti plan – b planın təqdim edə bilərdi. Amma bu da olmadı.

Uzun illərin siyasi təcrübəsinə rəğmən Müsavat Partiyası referendumda iştirak qərarı vermişdi. 3 min imzanın saxta olunması ilə iştirak taktikasına nöqtə qoyuldu.

Bundan sonra Müsavat başqanı facebook statusunda uğursuz iddia ilə çıxış etdi: “müşahidə işinə diqqəti artıracağıq.” Mərkəzi Seçki Komissiyasının qapısından geri qaytarılan siyasi qüvvə məntəqə seçki komissiyalarında nəyin müşahidəsin təşkil edəcəkdir? Adamlar həbs olunur, təşviqat qrupunuz qeyd alınmır və yenidən bu prosesə seçki kimi yanaşmaq nə qədər doğru ola bilər? Ölkənin əsas seçki müşahidə institutu sıradan çıxarılıb, seçki proses olaraq gözdən salınıb. Bütün bunlardan sonra 26 sentyabrdakı məzhəkəni müşahidə etmək istəyini necə qiymətləndirmək olar?

Müşahidələrlə ifşadan daha vacib MSK-nın saxta elan etdiyi etdiyi 3 min imzanı cəmiyyətə təqdim etmək və saxta olmadığını sübut etmək üçün Avropa Məhkəməsinə üz tutmaq daha uğurlu olmazdımı?

Hər bir halda zərərin yarısından da qayıtmaq da xeyirlidir. Bu mənada Müsavat başqanının mətbuat konfransındakı mövqeyi- referenduma etiraz mitinqləri təqdirəlayiqdir.

Milli Şuranın referendum bəyanatı Konstitusiya dəyişikliklərinin, hazırkı siyasi durumun, seçki mühitinin peşəkar dəyərləndirilməsi idi.

Konstitusiya dəyişikliklərini referenduma çıxarmağı “siyasi şou” adlandırıb boykot etmək hazırkı duruma uyğun mövqe idi. Yüz illik respublika dəyərlərini tapdalayan, əbədi hakimiyyət hərisliyini təmin etmək üçün Azərbaycan Konstitusiyasını bir vasitəyə çevirmək istəyinə adekvat münasibət bu prosesdə iştirakdan imtinanıdır və belə vəziyyətdə bunun alternativi yoxdur. Bu mövqeyi meydanda mitinqlərdə ifadə etmək hələlik mümkün formalardan ən effektilisidir.

Həmçinin bu dönəmdə iki qat repressiyaya məruz qalan AXCP-nin “tamam” yox, “davam” iradəsi birmənalı təqdir olunmalıdır. Hakimiyyətin referendumu sakitcə keçirmək üçün qorxu mühitini dərinləşdirmək cəhdinə qarşı ən tutarlı cavab zəhmətlə qazanılan cəsarətin nümayişidir.

Kütləvi mitinqlərə hazırlıq üçün AXCP yetkililərinin rayonlara səfər edərək görüşlər keçirməsi, sosial şəbəkələrdə “Monarxiyaya yox!” mitinqlərinə (ilk mitinq sentyabrın 11-nə təyin edilib) çağırışlar əhəmiyyətli olduğu qədər də ardıcıllıq tələb edir. Yalnız görüşlər və çağırışlarla bu proses davam etməməlidir.

abzas.net

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Öz gücünə inan və 11 sentyabrda onu ifadə et

%d bloqqer bunu bəyənir: