Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Müxalifətçilər ABŞ-dakı seçkilərindən danışdı: “ABŞ keçmiş SSRİ deyil ki…”

ABŞ-da prezident seçkilərinə hazırlıq prosesində keçirilən praymerizlərin nəticələri bütün proqnozların əskinə olaraq, D.Trampın qələbəsini şərtləndirir. Artıq bu prosesin finalında Demokratlar Partiyasından namizəd olan Hillari Klintonla Respublikaçılar Partiyasından olan Donald Trampın üz-üzə qalacağı heç kimdə şübhə doğurmur.

Hər iki halda yenə ABŞ tarixində ilk yaşana bilər. B.Obama Ağ Evin ilk qaradərili prezidenti idisə, yeni prezident ya qadın, ya da populist olacaq. Bir zamanlar D.Trampın seçki prosesinin sonuna qədər gedəcəyinə ehtimal verməyən politoloqlar belə, indi onun qələbəsindən danışırlar.

Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a bildirdi ki, D.Trampın verdiyi vədlər real deyil: “Mən ABŞ-da keçirilən seçki prosesini izləyirəm. Təbii ki, dünyanın fövqəlgücündə baş verən dəyişikliklər bütün dünyada, o cümlədən Cənubi Qafqaz regionunda da bəzi müsbət və ya mənfi nəticələrə səbəb ola bilər. Amerikada seçki öncəsi çox vədlər verilə bilər, namizədlər seçici səsi almaq üçün fərqli ampulada ola bilər, fərqli mesajlar və ya şüarlar seçə bilər. Lakin ABŞ mərkəzləşdirilmiş qaydada idarə olunan dövlətdir. Və prezidentlərin arzu və istəklərinə görə idarə olunan dövlət deyil. Orada mərkəzləşdirilmiş dövlət siyasəti var və o siyasəti də prezidentlər sadəcə icra edirlər. Prezidentlərin vəzifəsi mərkəzləşdirilmiş siyasəti necə icra etmələrinə verilən qiymətə görə ölçülür. Yox, D.Tramp yerindən qaxdı və bir şüar dedi, sonra o şüara uyğun da siyasət həyata keçirdi – belə bir şey ola bilməz. D.Tramp indiki dönəmdə çoxlu vədlər verir, dünyanı heyrətə gətirə biləcək açıqlamalarla çıxış edir. Xüsusən İslam dünyasına qarşı aqressiv fikirlər səsləndirir. Ancaq bugünkü şərtlərlə onun seçiləcəyi o qədər də inandırıcı görünmür. Lakin seçiləcəyi təqdirdə, hətta o özü deyəcək ki, bu, seçkiöncəsi idi, daxildə əhval-ruhiyyəni bilirdim və ona uyğun da seçiciyə mesajlar verirdim, indi isə dövlət başçısı olaraq, fərqli siyasət yürüdəcəyəm. Mən belə olacağına əminəm”.

ADP sədri Sərdar Cəlaloğlu da D.Trampın verdiyi vədləri prezident seçildikdən sonra həyata keçirəcəyinə inanmır: “D.Trampın prezident seçiləcəyi ehtimalı məni narahat etmir. Əvvəla, Amerika ictimaiyyəti kifayət qədər güclüdür. Orada prezident hakimiyyətini neytrallaşdıran güclü hakimiyyət orqanları var. Məsələn, Amerika ali məhkəməsi istənilən prezidentin verdiyi fərmanı qüvvədən sala, etibarsız elan edə, prezidenti məhkəməyə çağırıb, ondan hesabat tələb edə bilər. İkincisi Konqres var ki, respublikaçıların tam nəzarətində deyil. Konqresdən keçməyən istənilən qərar Amerika dövləti üçün heç bir əhəmiyyətə malik deyil. Ona görə də, namizədlər seçkidən əvvəl bu cür radikal fikirlər səsləndirsələr də, seçiləndən sonra məcburdurlar ki, Amerikanın mövcud siyasi rejiminin tələblərinə cavab versinlər. Əks halda bir gün də Amerikada prezident ola bilməzlər. Ona görə də, mən narahat deyiləm. Düşünürəm ki, bu seçkiqabağı şoudur. Fərqli mövqe ortaya qoymaq, populist çıxışlar etmək bir növ avantüradır və seçicini cəlb etmək məqsədilə atılan addımdır. Lakin D.Tramp bu gün dediklərini, heç vaxt dövlət səviyyəsində həyata keçirə bilməz. Kimin seçiləcəyinə gəlincə, Amerika tarixində belə bir ənənə var. Bir partiya heç vaxt iki seçkidən artıq hakimiyyətdə qalmır. B.Obama iki dəfə Demokratlar Partiyasının təmsilçisi olub. Bu ənənələrə görə, D.Tramp seçilə bilər. Ancaq D.Tramp anti-müsəlman mövqeyindən çıxış edir və amerikalıların maraqlarına zidd hərəkət edir. Bu baxımdan islama meyilli amerikalılar birləşərsə, D.Trampın prezident seçilməsi ehtimalı çox azdır”.

KXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə, D.Tramp heç bir halda müsəlman dünyası üçün bir təhdid deyil: “İstər D.Tramp, istərsə də anti-islam olan başqa şəxs seçilsin. Bizim üçün heç bir fərqi yoxdur. Amerikanın elə bir qaydaları var ki, ona rəğmən ən qatı anti-islamçılar belə, seçki zamanı dediklərini həyata keçirə bilmirlər. Amerika nə keçmiş SSRİ, nə də Qafqaz dövlətləri deyil ki, orada prezident istədiyini edə bilsin”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Türkiyə bu ölkəni hasarlarla ayırır

%d bloqqer bunu bəyənir: