Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
px

Mühafizə polisləri: Bilmirik rəisin itinə xidmət edirik, yoxsa Vətənə

“Bölük komandiri hər ay maaşımızın 45 manatını əlimizdən alır”

Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin polis əməkdaşları əmək haqqlarını ala bilmirlər. Problemləri barədə prezidentə göndərdikləri məktubda belə yazıblar. Məktubun bir nüsxəsini də Meydan TV-yə göndəriblər.

Məktubda bildirilir ki, idarə rəhbərliyi müxtəlif bəhanələrlə onların maaşlarını kəsir. Ölkə başçısına müraciətdən sonra isə Daxili İşlər Nazirliyindən idarəyə yoxlama gəlib və işçilərdən izahat alınıb. İşçilər bildirirlər ki, həqiqəti söyləsələr idarə rəhbərliyi onları işdən azad edər. Ona görə də susublar:

“İdarənin yazılmamış qanunlarını həyata keçirən kadr məsələləri üzrə baş inspektor mayor Mirzə Vəliyevdir. Hər ay maaşımızın 45 manatını əlimizdən alır. Bu məbləğ bölük komandiri, Mirzə Vəliyev, idarə rəisi və digər zabitlər arasında bölünür”.

İşçilər bildirir ki, idarədə rütbə və vəzifə təyinatları üçün də rüşvət yığılır. Məsələn, manqa komandiri keçmək 600, bölük komandirinə sürücü olmaq 600, növbətçi hissəyə köməkçi keçmək 600, serjant rütbəsi 50, baş serjant rütbəsi 300 manatadır.

1-ci və 2-ci məharət dərəcəsi almaq üçün 300, usta məharət dərəcəsi almaq üçün 400 manat gərəkir. Bundan əlavə, xəstəliklə bağlı müavinət almaq 100, bir ay dərs və idmana gəlməmək 30, bir günlük icazə 10, vaxtında məzuniyyətə çıxmaq 20, vaxtından tez və yaxud gec məzuniyyətə çıxmağın qiyməti isə 50 manatdır.

Polislər qeyd edirlər ki, onların pullarına rəis Zakir Məmmədov özünə Bek adında it alıb. Bekə qulluq polis nəfərləri tərəfindən naryad hesab olunur:

“Yəni Vətənə yox, Bekə qulluq edirik. Xidmətdən çıxanda Mirzə Vəliyev 30 manat idman pulu verək deyə bizi dərhal idmana aparır. Hər həftənin çərşənbə axşamı və cümə günü saat 10:00-da idmanda oluruq”.

Mühafizə polisləri yazırlar ki, rəis müavini polis polkovnik leytenantı Rauf Hacıyev neft kəmərləri ətrafında aparılan tikintiyə icazə üçün 3500 manat rüşvət alır: “Hal-hazırda kəmərlər ətrafında qanunsuz tikintilər həyata keçirilir”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsi ilə əlaqə saxlayıb.

Növbətçi hissədən bildiriblər ki, maaşlar vaxtlı-vaxtında verilir, məlumat yalandır:

“Şikayət əsassızdır. Belə məlumatlara inanmayın. Maaşları zavod vaxtlı-vaxtında köçürür, işçilərə də vaxtında paylanır. Qalan rüşvət və digər məsələlərlə bağlı deylənlər isə indiki dövrdə olacaq iş deyil. Hansı dövrdə yaşayırıq? Belə şeylərə görə adamı bilirsən neyləyərlər?”

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məktəb direktoru onu hədələyən polisi necə susdurdu? – AUDİO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: