Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“MTN işi”ndə yeni düyün: Çovdarovun ölüm arzusu, Mahmudovun həbsi…

Vəkilindən həbsdəki MTN generalı haqda şok xəbərlər; Vəkil Sadiq Rəsulov: “Öləndən sonra kimin cavabdehlik və məsuliyyət daşıdığını özləri müəyyən edərlər”; Üç general Eldar Mahmudovun əleyhinə ifadə verib-onları sabiq nazirlə təcridxanada görüşdürmək mümkün olacaqmı?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarov ölə bilər. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəsmilərinin generalın səhhəti ilə bağlı açıqlamalarına rəğmən, onun vəkili Sadiq Rəsulov deyib ki, müvəkkili avqustun 19-dan başlatdığı aclıq aksiyası səbəbindən ölə bilər.
Akif Çovdarovun ətrafında cərəyan edən hadisələr sabiq idarə rəisinin ölümündə maraqlı qüvvələrin olmasına dəlalət edirmi? Bu və digər suallarla onun vəkili Sadiq Rəsulova müraciət etdik. Onun ilk sözü belə oldu: 
-Akif Çovdarovun vəziyyəti çox pisdir, hər gün çəki itirir. Artıq 13 kiloqram arıqlayıb. Avqustun 19-dan bu günə qədər aclığı davam etdirir, dərmanları da qəbul etmir. Bu gedişlə çox ağır fəsadlar ola bilər.
– Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən Çovdarovun keçirdiyi aclıq aksiyasının qeydə alınıb-alınmaması ilə bağlı suala konkret cavab verilməyib. Onun aclıq etməsi ilə bağlı müraciətləriniz olub?
– Akif müəllimin aclıq aksiyasının qeydə alınması ilə bağlı rəsmi şəkildə müraciət etmişik. Bu müraciət dəftərxanada qeydiyyatdan keçirilib, həmin ərizənin qeydiyyatdan keçirilmiş surəti məndə, Akif Çovdarovun ailə üzvlərində var və prokurorluğa da yollamışıq. Bu haqda protokola da qeyd vermişik. Akif müəllim cinayət işinin materialları ilə tanış olmaqdan imtina etdi, bildirdi ki, ona az vaxt verilməsini qanunsuz hesab edir. Cinayət işinin materialları ilə tanış olmaqdan imtina ilə bağlı ərizəni də müstəntiqə təqdim etmişik.
-Hər iki ərizənin surətini mətbuata təqdim edə bilərsiniz?
– Onun yazdığı ərizələrin hər birini ailə üzvlərinə təqdim edirəm. Ailəsi lazım bilsə, mətbuata verə bilər.
– Çovdarovla sonuncu dəfə nə vaxt görüşmüsüz? 
– Avqustun 31-də.
– O, görüşə özü sərbəst şəkildə gəldi?
– O, kənar şəxslərin köməkliyi ilə görüşə gətirilir. Yəni sərbəst gələ bilmir. Ona görüşə gəlməyə 2 müəssisə əməkdaşı köməklik edir.
– Yəni özünün ayaqları üstündə dayanmağa taqəti qalmayıb? 
– 12 gün qida qəbul etməyən şəxsin taqəti necə ola bilər? Vəziyyəti ağırdır.
– O, quru aclıq keçirir? 
– Bəli, aclığa başlayandan sonra mayeni şənbə-bazar gününə qədər qəbul edib. O, bununla bağlı BİT rəhbərliyinə də müraciət edib. Artıq maye də qəbul etmir.
– Əgər aclıq aksiyası uzun müddət davam edərsə və Akif Çovdarovun səhhəti kəskin pisləşib hətta ölümü ilə nəticələnərsə, bunun məsuliyyəti kimin üzərində olacaq? 
– Konkret nəsə deyə bilmərəm. Öləndən sonra kimin cavabdehlik, məsuliyyət daşıdığını özləri müəyyən edərlər. Akif Çovdarov aclıq edir və nəyə etiraz etdiyini də aydın şəkildə yazıb. Öləcəksə, buna görə məsuliyyət də konkret şəxslərin üzərində olacaq. Mən ad çəkmirəm.
– Akif Çovdarovun aclıq aksiyası keçirməsinə səbəb yalnız iş materialları ilə tanış olmasına istədiyi qədər vaxt verilməməsi ilə bağlıdır, yoxsa başqa səbəb də var? 
 
Image result for Çovdarov
– O deyir ki, cinayət işinin materialları ilə tanış olmasına qəsdən imkan vermirlər, hüquqlarını pozurlar. Buna görə aclıq edir. Bir də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin hərəkətlərinə qarşı da etiraz edir. Bununla bağlı da müvafiq ərizə ilə müraciət edib. Çünki Tibb Baş İdarəsi onu yoxlamadığı bir vaxtda, heç kim onu müayinə etmədiyi halda prokurorluğa məktub veriblər ki, Akif Çovdarovun səhhəti normaldır və o, iş materialları ilə tanış ola bilər. Təbii ki, Akif Çovdarov bunu biləndən sonra da bu qanunsuzluğa da etiraz etdi, müvafiq ərizə yazdı. Göstərdi ki, heç bir müayinədən keçirilməyib, heç kim onunla səhhəti ilə bağlı danışmayıb.
– Akif Çovdarov aclıq keçirən dustaq kimi digər dustaqlardan ayrı saxlanılır? 
– Yox, sadəcə, onu tibb-sanitar hissəsində saxlayırlar.
– Ailəsi ilə görüşdən imtina etməsi haqda məlumatlar yayılmışdı. Doğrudur? 
– Akif Çovdarov Bakı İstintaq Təcridxanasında oğlu ilə görüşə bilir, həyat yoldaşı və qızı ilə telefonla danışa bilir. Bu məlumatları kimin yaydığını bilmirəm, yalandır.
– Borçalıdan bir neçə şəxsin Akif Çovdarovla bağlı yayılmış müraciətinin onun özünün xahişi ilə tərtib edildiyi, yayılması haqda xəbərlər var.
– Akif müəllim həmin müraciəti necə yaydıra bilərdi ki, özü həbsdədir. Biz də həmin müraciəti mətbuatdan oxuduq.
–  Akif Çovdarov belə bir müraciət yayılmasını vəkili, oğlu və digər yaxınları vasitəsi ilə təşkil edə bilərdimi?
– Akif müəllimlə bağlı həmin müraciəti yəqin ki, onunla həbsdən əvvəl münasibəti olan şəxslər yayıb. Orada ziyalılar, professorlar var. İnsanlar fikirlərini bildiriblər.
***
Qeyd edək ki, A.Çovdarovu və digər MTN generallarını qurumdakı məlum “təmizləmə”lərdən sonra  həbsə alıblar. Bu gün Bakı İstintaq Təcridxanasında (BİT) A.Çovdarovdan savayı keçmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və başqaları saxlanılır. 
Azpolitika.info-nun yaydığı xəbərə görə, E.Quliyev bugünlərdə Akif Çovdarovla üzləşdirilib. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb bu iki şəxsin istintaqa bir-birilərinin əleyhinə verdikləri ifadə olub. Sayta daxil olan məlumatda isə bildirilir ki, hər iki general  istintaqa, həmçinin sabiq MTN başçısı Eldar Mahmudov və onun müavini Hilal Əsədovun da əleyhinə ifadə veriblər.
Image result for Eldar Mahmudov
Elçin Quliyev isə həbsinin ilk günlərində ifadə verməkdən qətiyyətlə imtina etsə də, daha sonra fikrindən daşınıb və istintaqla əməkdaşlıq yolunu tutub. Ümumiyyətlə, açıq görünür ki, “MTN işi” çərçivəsində həbslərin əsas məqsədi Eldar Mahmudovun əleyhinə ifadə toplamaq olub. Bu, hansısa mərhələdə Eldar Mahmudovu həbs etmək, yoxsa sadəcə onu gərginlik altında saxlamaq niyyətinə xidmət edib, demək çətindir. Lakin artıq bir məsələ qəti şübhə doğurmur ki, MTN-dəki həbslərin, zahirən göründüyü kimi, burada törədilən çoxsaylı cinayətlərlə – qətllər, şantaj, soyğunçuluq, mənimsəmə kimi hallarla qəti əlaqəsi olmayıb. Əks halda, aylardır aparılan istintaq çərçivəsində həbslər davam edər, ilk dalğada saxlanılan 21 nəfərdən başqa da kimlərsə məsuliyyətə cəlb olunar, KİV-lərdə çoxsaylı cinayətləri haqda danışılan digər generallar da Akif Çovdarov, Elçin Quliyev və digərlərinin yanında oturardı. Məsələn, MTN Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin əleyhinə onlarla ifadə verən, onun ağır cinayətlərini ifşa edən tapılsa da, bu adam məsuliyyətdən kənarda saxlanıldı.
Image result for Elçin Quliyev antiterror
MTN-də həbslərin ilk dalğasından sonra yalnız bir nəfər – Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev həbs olundu ki, bu da istintaqın hansısa faktlar toplaması ilə bağlı yox, onun özünün dinc oturmaması, keçmiş müavini İlqar Quliyevin həbsdəki intiharına görə kimlərisə suçlamağa cəhd etməsinə görə idiE Həbslərin davam etməməsi həm də onu sübut etdi ki, “içəridəkilər”dən  kifayət sayda adam istintaqa lazım olan ifadəni verib deyə, əlavə şahidlərə ehtiyac qalmayıb. Qeyd edək ki, bir müddət əvvəl hazırda ev dustaqlığında olan digər MTN generalı Natəvan Mürvətovanın da Eldar Mahmudovun əleyhinə ifadə verdiyi məlum olmuşdu. Beləliklə, sabiq nazirin əleyhinə ən azı 3 generalın ifadə verdiyi artıq dəqiqləşməkdədir. Lakin istisna deyil ki, onların sayı daha çoxdur.  Bu da onu deməyə əsas verir ki, Eldar Mahmudovun referendum ərəfəsi qandallanması mümkündür. Əgər Çovdarov o zamanadək özünəməxsus “xariki” edib aclıqla özünü öldürməsə, sabiq naziri ilə hələ təcridxanada görüşə də bilər…  (musavat.com)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Putin Özbəkistan prezidentinin dəfn mərasiminə getməyəcək

%d bloqqer bunu bəyənir: