Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Moskva onun da fərqindədir ki, Azərbaycanı itirə bilər və…”

“Mən bu siyasəti olduqca yanlış hesab edirəm, bu prosesin qarşısı alınmalı və Azərbaycanda iri banklar yaradılmalıdır”

 

Gəlin tələsməyək, bu təkliflərin müəllifi ölkəni və onu idarə edənləri hamıdan yaxşı tanıyır və ən düzgün qərarı da onun verəcəyinə kimsə şübhə etməməlidir. 
İqtisadçı millət vəkili Vahid Əhmədov gündəmin bir sıra siyasi-iqtisadi mövzuları ətrafındaModerator.az-ın suallarını cavablandırıb:
– Avqustun 8-də az qala “Əsrin kontraktı”na bərabər tarixi bir gün yaşanması gözlənilir və Putinlə Ruhaninin İlham Əliyevlə Bakıda keçirəcəyi görüşlər, müzakirəyə çıxarılacaq mövzuların bolluğu onu bir daha isbatlayırmı ki, Azərbaycan regionun açar dövlətidir?
– Ümumiyyətlə son dövrlər baş verən prosesləri analiz etdikdə aydın şəkildə görsənir ki, Azərbaycana həddindən artıq böyük diqqət var. Azərbaycan prezidentinin apardığı xarici siyasət o qədər uğurludur ki, nəinki regional, hətta qlobal miqyaslı problemlərin həllində İlham Əliyevlə məsləhətləşmələr aparılır. Bu baxımdan avqustun 8-də Rusiya və İran prezidentlərinin eyni gündə Azərbaycana səfərə gələcəkləri və dövlət başçımızla aparacaqları müzakirələr olduqca əhəmiyyət kəsb edəcək. Təbii ki, əsas diqqət dəmiryol ilə yükdaşımaların hər üç ölkənin maraqlarına xidmət etməsinə yönəldiləcək, eyni zamanda bir sıra siyasi-iqtisadi məzmunlu məsələlər də masa üzərinə yatırılcaq, fikir mübadiləsi aparılacaq. Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həlli də prezidentlərin müzakirə mövzularından olacaq. Görünən odur ki, son vaxtlar Rusiya Qarabağ məsələsində xeyli fəallaşıb və münaqişənin həllində irəliləyişə nail olunması üçün hərəkətə keçib. Mənə elə gəlir ki, bununla bağlı Moskva ilə Vaşinqton arasında da razılaşma var və Putinin sülh planının həyata keçirilməsi digər həmsədrləri də qane edir. Yeganə razılaşdırılmayan məqam sülhməramlıların yerləşdirilməsi barədədir. Rusiya təkidlə əsas hərbi kontingentin onun silahlı qüvvələrindən təşkil olunmasında maraqlıdırsa, digər həmsədrlər, o cümlədən son dövrlər Azərbaycanla xeyli yaxınlaşan İran da bölgəyə çoxmillətli sülhyaradıcı qüvvələrin yerləşdirlməsini istəyir.
– Ümid edirsinizmi ki, doğrudan da Putin Qarabağ məsələsinin həllində maraqlıdır?
– Mən heç vaxt Putinə inanmamışam və indi də inanmıram. Amma müəyyən ümidverici addımların da atıldığını və atılmaqda olduğunu inkar etmək olmaz. Amma iş səmimiyyətə qalanda təbii ki, Rusiya daha çox atəşkəsin davamlı olmasında və status-kvonun indiki kimi qalmasında maraqlıdır. Eyni zamanda Moskva onun da fərqindədir ki, Azərbaycanı itirə bilər və belə bir starteji müttəfiqi itirməmək üçün nələrisə güzəştə getmək lazım gələcək.
– Hamı Rusiyanın Qarabağın qarşılığında Azərbaycandan nə istədiyi məsələsinə cavab axtaranda yadına düşən ilk şey sülhməramlı adı altında rus qoşunlarının təkrar ölkəyə gətirilməsini qabardır, bunun mümkün fəsadlarını sadalayır. Amma Moskvanın israrla Azərbaycanı Avrasiya Birliyində görməsi və bununla bağlı şərt irəli sürməsi barədə sanki heç kim danışmaqda maraqlı görsənmir. Olmaya belə bir təhdid və ya təklif artıq gündəmdən çıxıb?
– Mən inanmıram ki, İlham Əliyev kimi peşəkar dövlət başçısı və regionun oyun qaydalarını, Azərbaycanı gözləyəyən təhlükələri təfsilatıyla bilən bir prezident Rusiyanın belə bir avantürist təklifinə “hə” desin. Amma siyasətdə mümkün olmayan şey yoxdur və ola bilər ki, Azərbaycan müəyyən şərtlərlə həmin qurumda hanısda formada təmsilçilik statusuna razılaşar. Təbii ki, bu şərtlərin başında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin köklü həlli gəlir. Amma düşünmürəm ki, bu gün bu məsələlər tərəflərin müzakirəsi mərhələsindədir. Rusiyanın son dövrlər fəallaşması da əslində mövsümidir və bir təfədən də Amerikada payızda keçirləcək prezident seçkilərindən istifadə edərək Vaşinqtonu təzyiq altında saxlamağa hesablanıb. Görün vəziyyət hansı həddə çatıb ki, Rusiyanın prezidentliyə respublikaçı namizəd Donald Trampa açıq-aşkar siyasi və həta maliyyə dəstəyi də verdiyi iddia olunur. Moskva anlayır ki, demokratların namizədi Hillari Klinton Ağ Evə sahiblənəcəyi halda faktiki olaraq Obamanın siyasətini davam etdirəcək. Ona görə də Rusiya yaranmış situasiyada öz oyununu oynamağa çalışır. Amma Rusiyanın özündə də vəziyyət xeyli pisləşib və iqtisadiyyatın tənəzzülü ilk baxışda görsənməsə də vəziyyətin ürəkaçan olmadığı bəliidir.
– Bir məsələ də bəllidir ki, artıq Ərdoğan özü Avropa Birliyi istəklərinin birdəfəlik dəfn olunduğunu bilir və rəsmən imtina edilməsə də Ankara üzünü Qərbə deyil, Şimala tutmağa meylli görsənir. Bu baxımdan Türkiyə ilə birlikdə Rusiyanın qatıldığı Avrasiya Birliyinə daxil olmağımız gələcək perspektivdə mümkün görsənirmi?
– Mən belə bir variantı təsəvvür edə bilmirəm. Türkiyə rəhbərliyi nə qədər anti-Qərb ovqatlı bəyənatlar səsləndirsə də bu dövlətin gələcəyi və bütün inkişafı Avropaya inteqrasiya ilə sıx bağlıdır və bundan imtina Türkiyəni uçuruma apara bilər. Bu gün Türkiyədəki bütün texnologiya Qərbdən gətirilib və mən qardaş ölkənin bütün sənaye potensialını bilirəm, istehsal müəssisələrini də gəzmişəm və Qərblə elə sıx tellərlə bağlanma var ki, bunu qırmaq üçün heç yarım əsr də bəs etməz. Türkiyənin NATO ölkəsi olmasını da unutmamaq lazım və elə hesab edirəm ki, Türkiyədəki 15 iyul olayları səngiyəndən sonra münasibətlər qaydasına düşəcək.
– Vahid müəllim, gəlin razılaşaq ki, əksər Azərbaycan vətəndaşını nə Qarabağ dərdi, nə Türkiyədə yaşananlar o qədər də maraqlandırmır, millətin başını kredit rəzaləti ilə elə qatıblar ki, hamı yerindən durandan axşam yatana qədər bankların caynağından hulqumunu necə qurtaracağının iztirabını yaşayır…
– Bilirsiniz, mən bir neçə dəfə mətbuata bildirmişəm. Azərbaycan üçün bu gün ən ciddi problem bankların mövcud durumu və əhalinin kredit borclarının taleyidir. Mən istər parlamentdə, istərsə də digər səviyyələrdə harda imkan olubsa fikirlərimi bildirmişəm, xəbərdarlığımı etmişəm, görüşdüyüm rəsmilərə də vəziyyətin qəlizliyini, mürəkkəbliyini izah etmişəm. Biz bank sistemini ən qısa zamanda sağlamlaşdırıb normal vəziyyətə gətirə bilməsək çox ciddi problemlər yaşaya bilərik. Təbii ki, ötən müddətdə müəyyən addımlar atıldı, Maliyyə Bazarlarına Nəzarət Palatası bankları saf-çürük edərək 10-a yaxın bankı bağladı. Amma yeri gəlmişkən bir daha deyirəm ki, bankların bağlanmasına deyil, onların birləşdirilməsinə çalışılmalıydı. Nəzərə almaq lazımdır ki, banklar bağlananda həm dövlət, həm müştərilər, həm də orada işləyənlər uduzur. Cənab prezident də bankların bağlanmasını deyil, konsolidasiyanın təşkil edilməsini tapşırmışdı. Çox təəssüflər ki, bir çox banklar buna getmədi və birləşib iri banklar təşkil etmək əvəzinə bank olmayan kredit təşkilatı olmağa üstünlük verirlər. Mən bu siyasəti olduqca yanlış hesab edirəm. Bu prosesin qarşısı alınmalı və Azərbaycanda iri banklar yaradılmalıdır. Ölkədə 15-20 iri bank fəaliyyət göstərsə iqtisadiyyatımız da canlanar. Biz deputat həmkarım Əli Məsimli ilə təkliflər hazırlayıb təqdim etmişik, amma 3 aydan çoxdur ki, cavab ala bilmirik. Etiraf edim ki, bu təkliflərdən sonra çoxsaylı müzakirələrimiz də olub, amma konkret olaraq təkliflərimizi cavablandırmırlar. Heç kimə sirr deyil ki, hökumətdə bu məsələdə fikirlər haçalanır, əhaliyə verilən kreditlərin faizlərinin aşağı salınması və nəzərəçarpacaq güzəştlərin tətbiqinin zəruriliyini bildirənlər də var, tamam əks mövqedə dayananlar da. Amma bu elə bir problemdir ki, tədbir görülmədikcə xərçəng kimi metastaz verib aybaay problemli kreditlərin həcmini artıracaq. Azərbaycan kimi balaca dövlət üçün 1,5 milyardlıq problemli borc çox təhlükəli rəqəmdir. Bu gün faktiki olaraq banklar durğunluq içərisində batır. Çünki kredit əməliyyatları demək olar ki, dayandırılıb. Bankları dünyada iqtisadiyyatın qan-damar sistemi hesab edirlər, kredit dayandırılan ölkədə isə iqtisadiyyatı inkişaf etdirmək mümkün olan şey deyil. Dünyada istər fiziki, istər hüquq şəxslər kreditlə işləyirlər, iş yerləri açırlar, dövlətə vergilər ödəyirlər, həmin vergilər təkrar istehsala yönəldilir və bu sirkulyasiya iqtisadiyyatı canlandırır. Amma bizim səlahiyyət sahiblərimiz büdcəyə qənaət mexanizmi deyib pulu bərk-bərk saxlayırlar.
– Halbuki pul kifayət qədərdir. Ən azı büdcədə neftin bir bareli 25 dollardan götürüldüyü halda 7 aydır ki, bundan az qala iki dəfə baha satılır.
– Axı büdcəyə qənaət sözünü mən anlaya bilmirəm. Əgər büdcə Milli Məclisdə təsdiq olunubsa onu icra etmək və pulu xərcləmək, ancaq onun təyinatı üzrə xərclənməsinə ciddi nəzarət edilməlidir. Büdcənin icrası 95-97 faiz olanda biz onu məqbul sayırıq. Amma 2015-ci ildə büdcənin icrası 85 faiz oldu və bu çox aşağı rəqəmdir. Məndə dəqiq rəqəmlər yoxdur, amma görünən odur ki, bu il daha aşağı rəqəmli icra ilə rastlaşacağıq. Çünki pulların müəyyən qisminin xərclənmsini dayandırıblar və gələn ilki büdcəyə saxlamaq hədəflənib.
-Prezidentin konstitusiya islahatları ilə bağlı təklifi cəmiyyətdə ciddi müzakirə olunur. Siz necə düşünürsünüz, vitse-prezidentlik institutu ilə bərabər baş nazirlik institutunun saxlanılması idarəetdmədə ikitirəlik yaratmayacaq ki?
-Mən bu müzakirələri izləyirəm və öz münasibətimi də bildirmişəm. Hələ o vaxt, 92-93-cü illərdə biz hakimiyyətdə olanda da məsələ müzakirə olunurdu ki, Nazirlər Kabineti ləğv edilsin, onun yerində vitse-prezidentlik institutu formalaşdırılsın. Son 20-23 ildə də bu məsələ hər zaman aktuallığını qoruyub saxlayıb. Son dönəmlər dünyada baş verənlər, o cümlədən Türkiyədə dövlət çevrilişinə cəhd Azərbaycanda da konstitusiyaya yenidən baxılmasına rəvac verdi. Təklif olunan dəyişikliklərdən ən çox müzakirə olunanı birdən-birə iki vitse-prezidentlik institutunun yaradılmasıdır. Burada da qeyri-adi bir şey yoxdur. Birinci vitse-prezident bir sahəyə nəzarət edəcək, o biri vitse-prezident digər sahəyə cavabdeh olacaq. Dövlət başçısı da olmayanda birinci viste-prezident onu əvəz edəcək.
 
– Baş nazir onu əvəz edə bilməzdimi?
– Belə bir qərar qəbul olunub və ölkəni idarə edən, dövlətin və millətin təhlükəsizliyinə cavabdeh olan prezident bunu təklif edibsə, deməli, əsassız deyil. Mən bu addımı müsbət qiymətləndirirəm. Çünki indiki çətin dönəmdə müstəqilliyin qorunub saxlanılması və dörd bir yandan bizi təhdid edən təhlükələrin anındaca dəf edilməsi üçün belə bir dəyişiklik labüddürsə ondan çəkinmək lazım deyil. Amma mən bu qənaətdəyəm ki, vitse-prezidentlik institutu bərqərar olunduqdan sonra baş nazirliyə ehtiyac qalmayacaq. Namizədlər ətrafında da mediada çoxsaylı müzakirələr gedir və hətta deputat həmkarlarım da bu müzakirələrə qoşularaq adlar çəkirlər. Amma gəlin tələsməyək, bu təkliflərin müəllifi ölkəni və onu idarə edənləri hamıdan yaxşı tanıyır və ən düzgün qərarı da onun verəcəyinə kimsə şübhə etməməlidir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yerevandakı GƏRGİNLİK: Ermənistan Qarabağ probleminin həllindən necə yayınır?

%d bloqqer bunu bəyənir: