Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
Mirze-Xezer.jpg

Mirzə Xəzər: “Azərbaycanın böhranı ağrısız aradan qaldırması qeyri-mümkündür”

“23 il ərzində neft sayəsində əldə edilən milyardlar göyə sovrulub”

24saat.org görkəmli publisist, naşir, vaxtı ilə “Amerikanın Səsi” radiostansiyasında Azərbaycan bölməsinin müdiri, habelə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına uzun illər rəhbərlik edən Mirzə Xəzərlə müsahibəni təqdim edir.

– Mirzə bəy, Azərbaycandakı durum xarici ölkədə yaşayan təcrübəli jurnalistin müşahidələrində necə görünür?

– Azərbaycanda vəziyyət sabitdir. Hakimiyyət bir şəxsin iradəsindən asılıdır. Konstitusiyaya edilən dəyişiklikdən sonra hakimiyyətdə varislik məsələsi həll edilmiş kimi görünür. Hakimiyyətin təməlini hakim klan və son 20 ildə yaranmış partnomenklatura təşkil edir. Hakim partiya özünə uyğun şəkildə tərbiyələndirilmiş və beyni yuyulmuş yeni nəsil yetişdirə bilib. İqtisadi vəziyyət də sabit kimi görünür. Ölkədə varlı təbəqə azlıq təşkil edir, amma söz sahibidir. Orta sinif hələ tam yaranmayıb və bu açıq görünür. Digər tərəfdən isə yoxsulluq hələ də ciddi problem olaraq qalır. Neftin qiymətdən düşməsi ölkə iqtisadiyyatına ciddi ziyan vurduğu üçün yoxsulluğun tezliklə aradan qaldırılması qeyri-mümkün kimi görünür. Hər halda mən belə düşünürəm.

– Referendum keçirildi, müxalifətin etiraz cəhdləri oldu. Ancaq görünən budur ki, ölkədə müxalifətdə zəif durumdadır. Bu baxımdan vətənimizin gələcəyini necə görürsünüz?

-İlk öncə onu deyim ki, 1992-ci ildən bu yana Azərbaycanda hələ heç bir seçki və ya referendum ədalətli və azad şəraitdə keçirilməyib. 2016-cı ilin referendumu da əvvəlki seçkilərdən qətiyyən fərqlənməyib. Bu, son 23 ildə artıq ənənəyə çevrilib və ölkənin siyasi həyatında dərin kök salıb, həyatın və siyasi prosesin ayrılmaz tərkib hissəsinə çevrilib. Və belə görünür ki, Azərbaycanda seçki və referendumun əyri yolla keçirilməsi ABŞ və Qərbi Avropa ölkələrini heç təəccübləndirməyib. Bunun Azərbaycanın gələcəyi üçün nə məna kəsb etdiyini açıq söyləməyə ehtiyac yoxdur. Müxalifətin etiraz cədlərinə gəldikdə, mitinqlərə az adamın gəlməsi diqqətdən yayınmadı. Bununla da müxalifət öz zəifliyini nümayiş etdirməklə qalmadı, hələ istər-istəməz, necə deyərlər, hakimiyyətin dəyirmanına da su tökmüş oldu. Hakimiyyət öz əməllərini təkmilləşdirirsə, müxalifət də özünü təkmilləşdirməlidir. Hakimiyyət avtoritar sistemi müasir siyasi texnologiyalar vasitəsilə inkişaf etdirirsə, müxalifət də təkamül yoluna qədəm basmalıdır.

– Neftin dünya bazarında qiymətinin aşağı düşməsi ölkəmizdə ciddi böhranın yaranması ilə müşahidə olunur, xüsusilə kasıb təbəqənin durumu bir qədər də, pisləşib. Yaşadığınız Almaniyada böhran müşahidə edilirmi?

– Neftin dünya bazarında qiyməti indikindən də aşağı düşəcək və beləliklə Azərbaycanda iqtisadi böhran dərinləşəcəkdir. 23 il ərzində neft sayəsində əldə edilən milyardlar göyə sovrulub. Bu səbəbdən Azərbaycan dövlətinin böhranı ağrısız aradan qaldırması qeyri-mümkündür. Böhran isə ilk növbədə kasıb və yoxsul təbəqəni vuracaqdır. Bu həmişə belə olur. Başqa sözlə, böhrandan ilk növbədə əziyyət çəkən yoxsul təbəqə olacaq.
İkincisi, mən hesab edirəm ki, indiki halda Almaniya ilə Azərbaycanı müqayisə etmək düzgün deyildir. Almaniyada parlamentar demokratiya mövcuddur. Qərarların alınması və icra edilməsi sistemi demokratik üsullara bağlıdır. Almaniyada kansler Angela Merkel ölkənin taleyüklü məsələləri barədə parlamenti kənara itələyib təkbaşına qərar verə bilməz. Bu mümkün də deyil. Əgər buna təşəbbüs edərsə, parlament kansler Merkeli istefaya göndərər. Azərbaycanda isə vəziyyət, yumşaq desək, bir az fərqlidir. Bu vəziyyətin nədən ibarət olduğunu siz məndən də yaxşı bilirsiniz.

-Azərbaycan hökumətinin beynəlxalq qurumlarda fəaliyyətini, xüsusilə bəzən baş verən fikir ayrılıqları və qarşılıqlı münasibətlərdə yaranan gərginliyi sizdə müşahidə edirsiniz. Beynəlxalq münasibətlərdə Azərbaycanın yeri və rolunu necə qiymətləndirirsiniz?

– Beynəlxalq münasibətlərdə Azərbaycanın rolu hələ cüzidir. Ölkədə demokratik şərait yaranmadıqca, Azərbaycanın beynəlxalq səhnədə rolunun artacağına ümid azdır. Bunun üçün çox iş görmək lazım gələcək.

– Sizcə, indi ölkəmiz Avropaya, Avropa dəyərlərinə inteqrasiya edir, yoxsa Rusiyaya daha yaxındır?

– Azərbaycan rəhbərliyinin bu sahədə yeritdiyi siyasət ağıllı siyasətdir. Azərbaycanın cənubunda İran, şimalında Rusiya, qərbində Ermənistan, şərqində isə Xəzər dənizidir. ABŞ və Avropa çox uzaqdadır. Və təbiidir ki, Bakı rəhbərliyi əvvəlcə yaxın qonşuları ilə əlaqələri möhkəmlətməlidir. Bunu da haaradasa anlamaq mümkündür.

– Bəllidir ki, uzun illər jurnalist olaraq çalışmışınız, zamanında Heydər Əliyev tərəfindən qəbul olunmusunuz. Hazırda hökumətlə münasibətləriniz necədir?

– Mənim Azərbaycan hökuməti ilə heç bir əlaqəm və münasibətim yoxdur.

– Hansı səbəblərdən Azərbaycana gəlmirsiniz?

– Hələ cavanam. Qocalanda mütləq Azərbaycana gələcəm.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

MTN generallarının ağılalmaz fırıldaqları üzə çıxdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: