Loading...
Loading...

Milyardları talan etdikdən sonra idarəetməni təkmilləşdirmək

ARDNF-nin gecikmiş maliyyə məhəbbəti

Ötən gün saytlarda “ARDNF maliyyə portfelinin idarəetməsini təkmilləşdirir” başlıqlı xəbər oxudum. Xəbərdə yazılıb ki, Dövlət Neft Fondu SimCorp Dimension portfel idarəetmə və mühasibat sisteminin quraşdırılmasını uğurla başa çatdırıb. Sən demə, Simcorp Dimension sisteminin quraşdırılması, ARDNF-ni qabaqcıl investisiya portfelinin idarəetməsi, uçot-investisiya və mühasibat uçotu sistemi ilə təchiz edəcək. Bununla da ARDNF maliyyə portfelinin idarəetməsini daha da təkmilləşdirəcək.

ARDNF-nin icraçı direktorunun müavini Israfil Məmmədov isə bildirir ki, SimCorp Dimension sistemi bizə gələcəkdə yeni aktiv növlərinə investisiyaları daha rahat şəkildə həyata keçirməyə imkan yaradacaq və bu sistem vasitəsilə biz hazırkı investisiya portfelimizi də daha səmərəli şəkildə idarə edə biləcəyik.

Adam gülmək də istəyir, ağlamaq da. Sevinmək də istəyirsən, kədərlənmək də. Ölkə uçurumun dibinə yuvarlanır, bunlar maliyyə portfelini təkmilləşdirməyə indi başlayıblar. 120 milyard neft pulu məhv edilib, Neft Fondunun rezervləri əriyib, ARDNŞ-in 7 milyard dollardan artıq xarici borcu var və bunlar indi ayılıb ki, maliyyə siyasətini təkmilləşdirmək lazımdır.

Maliyyənin kökü kəsildikdən sonra, maliyyə portfelini təkmilləşdirmək nəyi dəyişəcək? Deməli, neftin qiyməti kəskin ucuzlaşmalıymış, ölkə xarici borcdan asılı vəziyyətə düşməliymiş, büdcə boşalmalıymış ki, ARDNF-də maliyyə nizam-intizamı yaradılsın.

Amma reallıq bunu göstərir ki, bu zehniyyəti heç bir maliyyə qurumu, beynəlxalq təcrübə təkmilləşdirə bilməz. Avropa çempionatının maliyyələşdirilməsinə 120 milyon manat xərcləyib, xarici bankdan 250 milyon dollar kredit götürən zehniyyəti, heç nə təkmilləşdirə bilməz. Yaxud, bir tərəfdən “biz hər qəpiyin qədrini bilməliyik” deyib, o biri tərəfdən Londonda ziyafətlər təşkil edən, konqresmenləri bahalı hədiyyələrlə ələ almağa çalışan idarəçilik təkmilləşməklə ziddiyyət təşkil edir.

Sadəcə olaraq görüntü yaratmaq, islah olduqlarını göstərmək istəyirlər. Nə qədər ki, korrupsiya, qeyri-şəffaflıq, hesabatsızlıq, hüquqsuzluq, cəzasızlıq hökm sürür, o qədər də hökumətin maliyyə siyasəti iflic vəziyyətdə olacaq.

23 il ərzində ölkənin bütün sahələrində təkmil maliyyə sistemi qurmaq olardı və bunun üçün normal hökumətin olması kifayət edirdi. Amma mövcud hakimiyyət nəinki təkmilləşdirmə aparmadı, təkmil sahələri də sıradan çıxardı, ölkəni xaraba vəziyyətə saldı.

Indi əlləri hər yerdən üzülüb, valyuta ehtiyatları azalıb, Neft Fondu idarəetməni itirib və yadlarına düşüb ki, maliyyə portfelini təkmilləşdirmək lazımdır.

Başa düşmürlər ki, dövlətə korrupsiya sistemini quraşdırdıqdan sonra, Neft Fonduna SimCorp Dimension sistemini quraşdırmaq vəziyyəti dəyişməyəcək.

Problemi həll etmək üçün əvvəlcə hökumətin özünü təkmilləşdirmək lazımdır.

Indiki halda ARDNF-nin canfəşanlığı gecikmiş maliyyə məhəbbətindən başqa bir şey deyil.

azadliq.info

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dollara tələb yenə fantastik həddə artdı

%d bloqqer bunu bəyənir: