Loading...
Loading...
cemil-bey

Milli Şura sədri Tarif Şurasının qiymət artımından yazdı – SOYĞUNÇULUQ AKTIDIR!

Milli Şura sədri Cəmil Həsənli facebook profilindən  Tarif Şurasının qiymət artımından yazıb. 24saat.org saytı olaraq həmin açıqlamanı olduğu kimi təqdim edirik:

Dostlar!

Əhaliyə satılan qazın qiymətinin 100 faiz və elektrik enerjisinin qiymətinin 57 faiz artırılması soyğunçuluq aktıdır. Doğrudur burada limit oyunundan istifadə edilir, yəni Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün köhnə tariflə 10 qəpik, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. İşığa gəldikdə isə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün köhnə tariflə 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Belə astronomik artım üçün heç bir obyektiv səbəb yoxdur. Nə Tarif Şurası, nə hökumət rəsmiləri, nə də hökumətin nəzarətində olan KİV-lər belə kəskin qiymət artımının ağla batan bir izahını verə bilmir. Əgər xatırlayırsınızsa qiymətlər artırılan gün, yəni dünən birdən-birə “Azadlıq” radiosunun, “Amerikanın səsi”, “Meydan.tv”nin, və “Azadlıq” qəzetinin saytlarına giriş yasqlandı. Birinci iki informasiya vasitəsinin saytlarına giriş hazırda da mümkün deyildir. Belə yasaqlama Tarif Şurasının qiymət artımı ilə bağlı qərarından əhalinin obyektiv məlumat almaq imkanlarını məhdudlaşdırmaq xarakteri daşıyırdı. Son 5 ayda hökumət ikinci dəfədir elektrik enerjinin qiymətini qaldırır.

Bu ilin iyul ayının 15-də həmin artım 16 faiz, indi isə 57 faiz artırılır. Bir ildə elektrik enerjisinin qiymətinin 73 faiz , qazın qiymətinin 100 faiz, su və kanalizasiya qiymətləri isə 40 faiz artmışdır. Bütün bu qiymət artımları pensiyaların orta aylıq həddinin 189 manat təşkil etdiyi bir ölkədə baş verir. Bir il ərzində böhranın çəngində boğulan əhalinin istehlak etdiyi qazın, suyun və işığın qiymətinin bu qədər artırılması əsl soyğunçuluq faktıdır, böhranın ağırlığını xalqın çiyinlərinə yükləmək cəhdidir. Əvvəla, əhalinin istifadə etdiyi qazın qiyməti niyə qalxmalıdır? Hazırda Azərbaycan əhalisi ildə 2,7 milyard kubmetr qaz istifadə edir. Beynəlxalq şirkətlərlə imzalanmış müqaviləyə görə təxminən bir bu qədər səmt qazı Azərbaycan tərəfinə havayı verilir. Əgər indiyə qədər havayı aldığı qazın hər 1000 kub metrini Azərbaycan hökuməti erməni kilsələrinə havayı, ölkə vətəndaşlarına isə 100 manata satırdısa, bundan sonra erməni kilsəsinə yenə havayı, Azərbaycan xalqında isə 200 manata satacaq. Əlaqədar qurumlar xalqı inandırmağa çalışır ki, guya qiymət artımı əhalinin 62 faizindən yan keçəcək.

Qış aylarında mənzillərin qızdırılması üçün qaza tələbat kəskin şəkildə artdığından qiymətlərin bu 62 faizdən necə yan keçəcəyi reallıqdan uzaqdır. Digər tərəfdən yüksək vəzifəli monopolistlərin arzusuna uyğun olaraq Bakı kombilər şəhərinə çevrilib. Şəhər mərkəzi isitmə sistemi işləmir. Kombi satmaq üçün lokal isitmə şistemlərinin layihələşdirilməsinə imkan verilmədi. Halbuki, böyük şəhərlər üçün səciyyəvi olan belə infrastruktur əhaliyə dəfələrlə ucuz başa gələr, qaz qənaətinə də ciddi təsir göstərə bilərdi. Yəni şəhər təsərrüfatının idarə edilməsində buraxılan məqsədli səhvlərin bədəlini indi əhali ödəməli olur. İki gündür televiziya və radiolar bar-bar bağırır ki, işığın və qazın qiymətinin artması digər sahələrə təsir etməyəcək. Bu mümkünsüzdür. Maya dəyərində elektrik enerjisi və qaz olan hər şeyin qiymətinin artması labüddür. Çörəkdən tutmuş – rels üzərindəki, sərnişin və yükdaşımalara qədər. Əhalinin geniş istehlak etdiyi un-qənnadi məmulatları, süd məhsulları, istixanalarda yetişdirilən pomidor, xiyar, tərəvəz məhsulları, çeşidli xidmət sahələri, yəni əhalinin istehlak etdiyi nə varsa, xalqa xidmət adına olanların hamısında ya qazın, ya da elektrikin bəlli bir payı var. Əgər onların qiyməti 100 faiz, 57 faiz artırsa bu əhalinin 62 faizindən necə yan keçə bilər?

Reaktiv yanacağın qiyməti qalxırsa bu təyyarə biletlərinin və hava yükdaşımalarının qiymətinin qalxması deməkdir. Bunun ayrı anlamı yoxdur. Bu istiqamətdə verilən təskinliklər boş söhbətdir, çünki kor da bilir balıq şordur. Əhalinin cibinə müxtəlif yollarla girib xalqın son qəpiyini belə qiymət artımı ilə onun əlindən alan bir hökumət, bu il Formula 1 yarışlarına Azərbaycan vergi ödəyicilərinin 100 milyon vəsaitini xərcləyib və bir o qədər də gələn il xərcləyəcəyi ilə xalqı muştuluqlayır. Nə qədər ki, xalq öz taleyinə biganədir, böhranın girdabına salınmış əhalinin iztirabları hesabına belə mənasız tədbirə 100 milyonları xərcləyən YAP hakimiyyəti yapalaq maşınların Bakı küçələrində yastı-yastı şütüməsinin müjdəsini millətə verməkdən çəkinməyəcəkdir.

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Nazim Bəydəmirli: Prezidentin Fərmanı yaddan çıxdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: