Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Şura referendumla bağlı xalqı aktiv mübarizəyə çağırdı

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı Milli Şuranın bəyanatı

26 sentyabr 2016-cı il tarixində ölkəmizdə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə bağlı referendum keçiriləcəkdir. Bu, 1995-ci ildə qəbul olunmuş Ana Qanunumuzun öz ilkin mahiyyətindən uzaqlaşdırılaraq mürtəceləşdirilməsi istiqamətində üçüncü cəhddir.

Referendum Aktı ilə bağlı təşəbbüs Azərbaycan Respublikası qanunvericiliyinin kobud şəkildə pozulması ilə irəli sürülmüş, Aktın hərtərəfli hüquqi ekspertizası həyata keçirilməmiş, onun Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilərlərlə uyğunluğu məsələsi araşdırılmamışdır. Habelə, ölkə həyatı üçün müstəsna əhəmiyyət daşıyan, vətəndaş, cəmiyyət və dövlət arasında yaranan ən mühüm ictimai münasibətləri tənzimləyən Ana Qanuna edilən otuz dəyişiklik ilə bağlı heç bir ictimai müzakirə keçirilməmiş, Azərbaycan xalqı dövlət və cəmiyyət həyatının bu taleyüklü hadisəsindən, faktiki olaraq, təcrid edilmişdir.

Azərbaycanda normal seçki mühitinin olmaması, xalqın öz azad iradəsini ifadə etmək və bu iradənin tanınması imkanından məhrum edilməsi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yaxşı bəlli olan həqiqətdir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar 1992-ci il prezident seçkilərindən sonra Azərbaycanda demokratik seçki keçirilmədiyini dəfələrlə qeyd ediblər. 2013-cü ilin prezident seçkilərində ATƏT-in seçki müşahidə missiyası ölkə üzrə müşahidə aparılan məntəqələrin 58 faizində seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Avropa parlamenti 2015-ci ilin 10 sentyabrın tarixində qəbul etdiyi qətnaməsində Azərbaycanda gerçək seçki üçün heç bir şəraitin olmadığını, qarşıdan gələn parlament seçkilərinin saxtalaşdırılacağın bəri başdan bəlli olduğunu bildirib, Avropa strukturlarını və Avropa Birliyinin üzv dövlətlərini bu seçkilərin müşahidəçiliyindən və bununla da, qeyri-azad və qeyri-demokratik seçkilərə legitimlik qazandırmaqdan imtinaya çağırib. Bu çağırışın ardınca ATƏT DTİHB parlament seçkilərini müşahidəsindən imtina etdi. “Seçkilər” nəticəsində Prezident Administrasiyasında hazırlanmış və Milli Şuranıın sədri professor Cəmil Həsənlinin bir ay öncədən mətbuat vasitəsilə cəmiyyətə təqdim etdiyi yeni parlamentin siyahısı 96 faiz dəqiqliklə öz təsdiqini tapdı.

Ölkəmizdə bu günə olan seçki mühiti ötən illə müqayisədə nəinki yaxşılaşmayıb, əksinə, daha mürtəce xarakter alıb. Ölkədə vətəndaş cəmiyyəti və siyasi institutlar üzərinə total basqılar və repressiyalar tam gücü ilə davam edir. Hələ də 100-dən artıq siyasi və vicdan məhbusu rejimin həbsxana girovluğundadır. Seçki komissiyaları tam tərkibdə hakimiyyətin nəzarətindədir. İnformasiya məkanı avtoritar rejim tərəfindən daha sərt nəzarətə alınıb, vətəndaşlar televiziya efirindən nəinki azad teledebatları seyr etmək, hətta fərqli fikir eşitmək imkanından məhrum ediliblər. Ölkədə müstəqil seçki monitorinqi həyata keçirən institutlar məhv edilib, seçkilərin tərəfsiz müşahidəsi üçün real imkanlar tükədilib. Seçki qanunvericiliiyinə edilən mürtəce dəyişikliklərlə təbliğat və təşviqat imkanları minimuma endirilib. Sosial-iqtisadi böhranın onsuz da dərin sarsıntılar yaşatdığı cəmiyyət total və sərt repressiyalar şəraitində qorxudulub. Aydındır ki, belə repressiv və əzici seçki mühitində nəinki azad və ədalətli, hətta nisbi-demokratik seçkilər keçirmək mümkün deyil.

Demokrati Qüvvələrin Milli Şurası Referendum aktına çıxarılan dəyişikliklərin anti-xalq və antikonstitusion mahiyyəti ilə bağlı öz xüsusi narahatlığını ifadə edir. Belə ki, bu dəyişikliklərin əhəmiyyətli hissəsi mövcud Konstitusiyamızın özü ilə, eləcə də ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə kəskin ziddiyyət təşkil edir. Bu dəyişikliklərdə Azərbaycan vətəndaşlarının mülkiyyət, vətəndaşlıq, məlumat azadlığı kimi fundamental hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulur. Təklif edilən bu dəyişikliklər Ana Yasamızın 3-cü fəslində təsbit olunan hüquq və azadlığlara şamil edilir. Mövcud konstitusiyanın 155-ci maddəsinə görə konstitusiyanın 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Bundan əlavə konstitusiyanın 155-ci maddəsi mövcud Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında təkliflərin referenduma çıxarılmasını qadağan edir. Hazırda referenduma çıxarılan dəyişikliklər konstitusiyanın 1-ci (Hakimiyyətin mənbəyi), 2-ci (Xalqın suverenliyi), 4- cü (Xalqı təmsil etmək hüququ), 6-cı (Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi) və 7-ci (Azərbaycan dövləti) maddələrinə formal baxımdan toxunmasa da, yəni, onların mətni dəyişdirilməsə və ləğv edilməsə də, bu dəyişikliklərlə, xüsusilə, mənbəyi xalq olmayan vitse-prezidentlik institutunun yaradılması, xalq təmsilçiliyin təminatı olan parlamentin qeyri-funksional və icra struktutundan mütləq asılı bir təsisata çevrilməsi ilə Konstitusiyanın özəyini təşkil edən həmin maddələr öz mahiyyətini itirir.

Referendum Aktında nəzərdə tutulan dəyişikliklərin başlıca məqsədi ölkədə onsuz da formal xarakter daşıyan hakimiyyət bölgüsünü aradan qaldırmaq və xalq təmsilçiliyinin instutusional formatı olan parlamenti dişsiz və qeyri-funksional bir quruma çevirməklə sülalə hakimiyyətinin dayanıqlılığını təmin etmək, insan hüquq və azadlıqlarının sərt məhdudlaşdırılması, dövlət təsisatlarının zəiflədilməsi və xalqın müstəsna hüquqlarının qəsb edilməsi hesabına əbədi hakimiyyət arzusunu gerçəkləşdirməkdir.

Nəzərdə tutulan dəyişikliklər eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə, insan hüquqları və azadlıqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə, o cümlədən, Azərbaycanın yurisdiksiyasına daxil olduğu İnsan Hüquqları və Fundamental Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və bu Konvensiyaya əlavə protokollarla ziddiyyət təşkil edir.

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktında təklif edilən dəyişiklikliklərin

– Mövcud Konstitusiyaya zidd olduğunu, əksəriyyətinə Konstitusiyanın icazə vermədiyini;

– Ölkəmizi respublika quruluşundan, hakimiyyət bölgüsü prinsipindən uzaqlaşdıraraq, bir ailənin qeyri-məhdud hakimiyyətinə şərait yaratdığını;

– Ölkəmizdə insan hüquq və azadlıqlarının daha da məhdudlaşdırılmasına şərait yaradacağını;

– Azərbaycanda seçki institutunun tamamilə sıradan çıxarıldığını, xalqın öz siyasi iradəsini referendumda azad və ədalətli şəkildə ifadə edə bilməsi üçün minimum şəraitin də olmadığını;

– Referendum prosesinə qoşulmaqla Konstitusiya dəyişikliklərinin qarşısını almaq imkanlarının olmadığını;

nəzərə alaraq, Milli Şura nəticələri öncədən Prezident Administrasiyasında hazırlanan referendum tamaşasında iştirakdan və bununla da Azərbaycan dövlətçiliyinin və respublika quruluşunun təməlini sarsıdan siyasi şouya nisbi-demokratiklik və legitimlik donu geyindirməkdən imtina edir.

Milli Şura bəyan edir ki, yalnız dinc mitinq və nümayişlərdə ifadə olunacaq kütləvi ümumxalq iradəsi Konstitusiyanın pozulmasının, xalq iradəsinin təhrif olunmasının qarşısını ala bilər. Milli Şura ölkənin bütün ictimai-siyasi qüvvələrini, müxtəlif təbəqə və qruplarını, hər bir Azərbaycan vətəndaşını Konstitusiyanı və respublika prinsiplərini qorumaq üçün aktiv, dinc, konstitutsion mübarizəyə çağırır.

zadliq.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Hafiz Hacıyev: “Çörəyin qiymətinin artırılması prezidentə qarşı təxribatdır”

%d bloqqer bunu bəyənir: