Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Milli Məclisdə İranın erməni təcavüzünə dəstək verməsi qınanıldı

Milli Məclisin bu gün keçirilən fövqəladə iclasında millət vəkili Zahid Oruc hazırda İran və Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırılmasına, viza rejiminin ləğvinə, İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşmasına diqqət çəkib:

“Mən Həsən Ruhaninin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək istəmirəm. Ancaq dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük. Nüvə problemi dövründə Azərbaycanın İrana qarşı platsdarma çevrilməsinə yol verilmədi. İran Azərbaycanla dost münasibət qurmaq, yoxsa fərqli yol seçmək istəyir? Ötən dövr ərzində Azərbaycandan İrana ancaq dostluq münasibəti göstərilib”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, parlamentə təqdim olunmuş saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır: “İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel savaşında işğalçı Ermənistana bu silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İranın tarixi ənənəsi odur ki, Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir”.

Millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı ən yaxın müttəfiqi adlandırdığını xatırladıb: “İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın?!

Hesab edirəm ki, şeyxülislam Allahşükür Paşazadə İranın dini liderinə müraciət etməlidir ki, İran necə əli Azərbaycan uşaqlarının, qadınlarının, qocaların qanına batmış Serj Sarkisyanın əlini sıxır? Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində Azərbaycanla dostluq münasibətləri İranda sabitliyə, regionun inkişafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək”.

Oqtay Əsədov da İranla bağlı bəzi məsələlərin həllini tapmalı olduğunu söyləyib: “Ancaq İran parlamentində Azərbaycanla bağlı bu cür çıxış etmirlər. Məsələlərin öz həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır”.

Bununla belə, O.Əsədov İranın müstəqil dövlət olduğunu da xatırladıb və vurğulayıb: “İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq”.

Virtualaz.org xatırladır ki, bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Saziş, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişi və “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişi müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

*   *   *13:14

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsi haqqında danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, indiyə qədər qanun layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb.

O qeyd edib ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsi bir neçə ildir ki hazırlanırdı. Qanun layihəsi bundan əvvəl Milli Məclisin müzakirəsinə çıxarılsa da, qəbul olunmadı və layihə üzərində yenidən işlənməsi tövsiyə olundu.

*   *   *12:21

Bu gün Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb.

Virtualaz.org xatırladır ki, iclasın gündəliyinə Azərbaycan ilə İran və Koreya arasında imzalanmış sazişlərin və anlaşma memorandumunun təsdiqi, “Elm haqqında” qanun layihəsi (Üçüncü oxunuş), Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergilər Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna, “Dövlət rüsumu haqqında” qanuna və digər bir sıra qanunlara dəyişikliklər daxildir.

Qeyd edək ki, bəzi deputarların müraciəti əsasında Milli Məclisin bir neçə növbədənkənar iclasının keçirilməsi barədə qərar qəbul edilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Novruz Məmmədov: ”Ermənilər Azərbaycana nüvə bombası ilə hədə-qorxu gəlir”

%d bloqqer bunu bəyənir: