Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107423

Milli Məclis Xocalı qatillərinin cəzalandırılması ilə bağlı hərəkətə keçdi

Azərbaycan Xocalı soyqırımına hüquqi qiymət verilməsi üçün Haaqa Məhkəməsinə müraciət edəcək; qiyabi məhkəmələrin qurulması və qəbul olunan qərarların Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim olunması təklif edildi

Noyabrın 28-də Milli Məclisdə “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimi keçirildi.
Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə hazırladığı layihə barədə çıxış edən vitse-spiker Bahar Muradova bildirdi ki, Azərbaycan dövləti hər zaman məruz qaldığı soyqırım cinayətlərinə həssas yanaşıb, bu cür cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına cəhdlər göstərib. Vitse-spiker dedi ki, Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək.
Onun sözlərinə görə, Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kim cəzalandırılmayıb: “”Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq, Xocalı ilə bağlı hazırlanacaq yeni qanun layihəsi isə buna hüquqi şərait yaradacaq”. B.Muradova əlavə etdi ki, nəzərdə tutulan qanun layihəsi Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim ediləcək. Ancaq buna qədər üç aylıq layihə həyata keçiriləcək, müxtəlif səviyyələrdə davamlı müzakirələr aparılacaq.
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hərbi cinayətlər və etnik təmizləmə siyasəti keçirən cinayətkarların məsuliyyətə cəlb olunması beynəlxalq hüquq üçün əhəmiyyətlidir: “Bu qanun layihəsi Xocalı soyqırımını törədən cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində hüquqi cəhətdən mühüm addım olacaq”.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirdi ki, indi Xocalı soyqırımının tanınması ilə bağlı qərar vermək növbəsi AŞ PA və ATƏT PA-nındır. O xatırlatdı ki, müasir tariximizdə bir sıra soyqırım hadisələri baş verib: “Bunlardan biri 25 il əvvəl Azərbaycanda ermənilərin törətdiyi Xocalı soyqırımı, digəri isə Yuqoslaviyadakı Srebrenitsa soyqırımıdır. Ancaq dünyada törədilən soyqırım siyasətlərinə baxış fərqlidir. Fərq ondan ibarətdir ki, Srebrenitsa soyqırımının törədilməsi ilə bağlı mərtbəyə 12 il bundan öncə Yuqoslaviya hərbi tribunalı baxıb və buna hüquqi qiymət verib. Tribunalın çıxardığı qərara əsasən, Srebrenitsa soyqırımını törədənlər ədalət mühakiməsi ilə cəzalandırılıb və onlar cəzalarını çəkməkdədir. Digər məqam isə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar da Srebrenitsa soyqırımının tanınması və onun qeyd olunması ilə bağlı qərarlar versə də, Xocalı soyqırımı ilə bağlı belə bir qərar yoxdur. Xocalı soyqırımını törədən cinayətkarlar hələ də azadlıqdadırlar. Yalnız İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar verib. Biz cinayəti törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində səylərimizi davam etdirməliyik. Bununla bağlı Serj Sərkisyanın beynəlxalq tribunala cəlb olunaraq cəzalandırılması istiqamətində petisiya davam etdirilməlidir”. A.Quliyev əlavə etdi ki, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsənət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir. Şura sədri də digər natiqlər kimi müzakirələrə şərait yaratdığına, həmçinin QHT-lərlə əməkdaşlığa önəm verdiyinə görə spiker Oqtay Əsədova təşəkkür etdi.
Layihənin müəllifi, Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin icraçı direktoru Elman Aslanov də öncə tədbirə dəstək verdiyinə görə spiker O.Əsədova, vitse-spiker B.Muradovaya, deputat A.Quliyevə  təşəkkür etdi. Bildirdi ki, məqsəd Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəməyə müraciət hüququnun və mexanizmlərinin hazırlanmasıdır.
B.Muradova E.Aslanov haqqında iştirakçıları məlumatlandırdı:“Elman tələbədir, universitetdə oxuyur. Amma təcrübəsi imkan verdi ki, belə bir auditoriya qarşısında belə bir ciddi layihə ilə bağlı çıxış etdi. Ona görə də biz belə fəal gənclərimizə dəstək olmalıyıq”.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov Xocalı soyqırımı ilə bağlı hazırlanacaq qanun layihəsinin təsnifatını açıqladı: “Layihə Milli Məclis tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq. Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırım və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur.
Qanun layihəsində bunu təsbit edəcəyik”. Onun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb: “Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətləri törədənlərin ekstradisiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq. Hətta qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərini həyata keçirməsi və sair mümkün ola bilər”.
N.Səfərov qeyd etdi ki, biz bundan əvvəl beynəlxalq təcrübəyə nəzər salmışıq: “Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların öyrənilməsi, beynəlxaql cinayət tribunallarının və məhkəmələrin presedentlərinin öyrənilməsindən ibarətdir. Bu komponentlərə əsaslanmasa, müvafiq hədəflərə çatmaq mümkün deyil”. Natiq dedi ki, insanlıq əleyhinə cinayətlərə həsr olunmuş yeni bir konvensiyanın qəbul olunması çox mühüm hadisədir: “Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırım və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Terrorçuluq isə beynəlxalq cinayət deyil, transmilli cinayətlər sırasına aid edilir. Etnik təmizləmə cinayəti heç bir dövlətin qanunvericiliyində öz əksini tapmayıb. Biz bununla bağlı presedent yarada bilərik”.
Deputat Qüdrət Həsənquliyev çıxışında ona aydın olmayan məqamlara toxundu: “Mənimçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yuridiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Hətta Nizami müəllim bu qurumun adını da çəkmədi. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir. Biz BMT TŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Bizim mövcud qanunvericilik də imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Orada belə bir qərarın qəbul olunması nə indi, nə də gələcəkdə mümkün deyil. Amma Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırımı törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”. Q. Həsənquliyev onu da təklif etdi ki, Azərbaycanda qiyabi məhkəmələr qurulsun və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim olunsun.
N.Səfərov isə cavabında dedi ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: “Mən açıq deməliyəm ki, məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona olan ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika kontinenti ilə bağlıdır. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır”. Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, N.Səfərov dedi ki, bu imkan həmişə var: “Ancaq mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır”.
Deputat Asim Mollazadə də məsələyə daha real prizmadan yanaşmağı təklif etdi: “Bəli, biz gecikmişik. Ümidlərimiz yoxdur ki, BMT TŞ bununla bağlı hansısa addım ata bilər, beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Amma Azərbaycan beynəlxalq hüquqşünasların iştirakı ilə ölkədə belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. 38 erməni cinayətkar Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır. Bu gün yenə də Rusiya və Ermənistan hərbi qüvvələri birləşib. Xocalı soyqırımında da Rusiyanın 366-cı alayı iştirak edib. Ancaq biz heç yerdə bunu tələb etmirik. Azərbaycan Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlasa, dünyada böyük əks-sədası olar”.
“Biz heç nədə gecikməmişik”. Bunu isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söylədi. Ancaq əlavə etdi ki, Ermənistan beynəlxalq təşkilatlarda təmsil olunan bir ölkə olduğu üçün çətinliklər var.
Deputat Qənirə Paşayeva BMT TŞ çərçivəsində hansısa addımın atılmasını real saymadı. Ancaq əlavə etdi ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində məsəlinin BMT-də qaldırılmasına nail olmaq mümkündür. Q.Paşayeva Avropa Məhkəməsinin qəbul etdiyi “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında da baş verənlərə toxunulduğunu və bunun bir presedent olduğunu vurğuladı.
QHT rəhbəri Raif Zeyni bu müzakirələrin böyük əhəmiyyətinin olacağını vurğuladı: “Biz indi bildik ki, 25 ildə nəyə nail olmuşuq və bundan sonra nələrə nail ola bilərik”.
CASCFEN sədri Azər Həsrət təklif etdi ki, layihədə iştirak edəcək ekspertlərin böyük hissəsi Xocalı sakinləri olmalıdır. “Xocalı soyqırımı abidəsi Şəhidlər Xiyabanına daşınmalıdır”, – deyə əlavə etdi.
Deputat Elman Nəsirov Sərkisyanla bağlı petisiyanın davam etdirilməsini zəruri saydı. Dedi ki, soyqırımın tanıdılması təcrübəsi ilə bağlı İsraildən olan ekspertlərin təcrübəsindən istifadə olunmalıdır.
 
Deputat Tahir Kərimli dedi ki, biz qanunu yaratmalı, bütün fikrimizi bu məsələnin üzərinə yönəltməliyik: “Mən təklif edirəm ki, burada genosid haqqında qanundan söhbət getsin”.
 
Deputat Fazil Mustafa xatırlatdı ki, əvvəllər milli təhlükəsizlik orqanları öz iş adamlarımızı güdüb onlardan pul yığırdısa, indi sağlam mühit yaranıb: “Artıq öz vəzifəsini layiqincə yerinə yetirən DTX  yaradılıb və sözün əsl mənasında öz vəzifələrini məsuliyyətlə icra edirlər. Onlar Xocalı soyqırımını törədənləri yaxalayıb Azərbaycana gətirilməsini təmin etməlidirlər. Ermənistanda Xocalı soyqırımında iştirak etmiş şəxslərdən birini bizim kəşfiyyat tutub gətirsə, burada edam cəzasına məhkum etsək, bu, presedent olacaq. Başqa presedent yoxdur”. Deputat əlavə etdi ki, Ermənistanda Azərbaycan torpaqlarının işğal edilməsinə görə orden, medal, milli qəhrəman adını alanlar araşdırılmalı kimlikləri müəyyən edilməli və üzə çıxarılmalıdır: “Bununla bağlı dünya praktikası var. Məsələn, İsrailin MOSSAD təşkilatı Almaniyadakı hadisələrdən xeyli zaman keçməsinə baxmayaraq, Argentinadan Adiolh Eyhmanı oğurlayıb gətirdilər və mühakimə edərək, edam etdilər. Bu, bir beynəlxalq presedentdir və biz də bundan yararlanmalıyıq”.
F.Mustafaya görə, beynəlxalq aləmin bu məsələyə hüquqi qiymət vermək niyyəti yoxdur: “Biz ancaq siyasi qiymət verilməsinə nail ola biləcəyik və bunu gözləmək olar. Hüquqi qiymət isə olmayacaq. O baxımdan, biz bu cinayəti törədənləri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq,  tutub Azərbaycana gətirib, mühakiməsinə nail olmalıyıq”.
Deputat Rövşən Rzayev öz növbəsində dedi ki, Qarabağın işğal altında olması ilə bağlı qanun yoxdur, bu məsələ ilə bağlı da addım atmaq lazımdır. Deputatlar Tahir Kərimli, Rafael Cəbrayılov, QHT təmsilçiləri Rauf Zeyni, Ceyhun Musaoğlu və digərləri çıxış edərək təkliflərini səsləndirdilər.(musavat.com)






24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Deputatların maaşları artırılacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: