Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Millət vəkillərindən FETÖ-çuluqda ittiham olunan alimimizə dəstək

“Hər birimiz Aygün Attara mənəvi dəstək verməliyik”

Türkiyənin Giresun Universitetinin keçmiş azərbaycanlı rektoru, professor, doktor Aygün Attarın dövlət çevrilişi cəhdindən sonra Ali Təhsil Şurasının (YÖK) müraciəti əsasında aparılan istintaq tədbirləri çərçivəsində bu universitetin 21 əməkdaşı ilə bərabər müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıldığı haqqında məlumat vermişdik.  Onu da bildirmişdik ki, dəyərli soydaşımız Aygün Attara qarşı Türkiyədəki bəzi dairələr tərəfindən  çirkin oyunlar oynanılır. 4 il Giresun Universitetinin rektoru olmuş alimimiz Fətullah Gülənçi olmaqda ittiham edilir.

Moderator.az-da dəyərli soydaşımız Aygün Attara qarşı başladılmış çirkin kampaniyayla bağlı bir neçə yazı tirajlanıb. Həmin yazıların davamı olaraq bu dəfə Aygün Attarı yaxından tanıyan bir neçə millət vəkilinin bu xoşagəlməz kampaniyayla bağlı fikirlərini öyrəndik.

 

Aygün Attarın müəllimi olmuş professor, millət vəkili Nizami Cəfərov onun Fətullahçılarla hər hansı bir xırda əlaqəsinin belə olmasına inanmadığını deyib:

“Mən Aygün Attarı yaxşı tanıyıram, universitetdə mənim tələbəm olub. Bizim soralar da əlaqələrimiz olub, vaxtaşırı görüşmüşük. Mən heç vaxt inanmaram ki, onun qiyamçılarla, ya da ümumiyyətlə Fətullah Gülənçilərlə nə isə xırda bir əlaqəsi ola. Aygün Attar çox gözəl elm adamıdır, çox vətənpərvər bir xanımdır, çox fəal bir ictimaiyyətçidir. O, Türkiyədə uzun illər Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirlərdə iştirak edib, məruzələr edib. Aygün Attar olduqca yüksək səviyyəli bir xanımdır. Onun hansısa bir sektayla, fərqli bir dünya görüşlülərlə əlaqəsi olduğuna inanmıram. Çox yaxşı bilirəm ki, o ürəkdən bir Azərbaycançıdır, ürəkdən bir Türkçüdür. Belə adamlar heç vaxt xırda işlərə getməzlər”.

 

Millət vəkili Qənirə Paşayeva da Aygün xanımı uzun illərdir tanıdığını və bu ittihamların tezliklə əsassız olduğunun ortaya çıxacağına ümid etdiyini bildirib:

“Mən Aygün xanımı yaxından tanıyıram. Onunla hələ universitet rektoru olmamışdan öncə, Türkiyədə müəllim işlədiyi zaman “qondarma erməni soyqırım iddiaları ilə daha güclü necə mübarizə apara bilərik” adı altında keçirilən konfranslarda tanış olmuşuq.

Aygün xanımı biz hamımız hər zaman milli bir insan, milliyətçi bir xanım, doğulduğu Azərbaycana, uzun illər vətəni kimi yaşayıb, çalışdığı Türkiyəyə bir millət iki dövlətin əsl övladı kimi xidmət edən bir ziyalı, alim kimi tanımışıq. Aygün xanım rektoru olduğu Giresun Universitetində Azərbaycanın Qarabağ ağrısıyla, Xocalı soyqırımı ilə bağlı hər il dəfələrlə tədbirlər təşkil edib və biz hər zaman o tədbirlərdə iştirak etmişik. Eyni zamanda, hər zaman Türkiyədə və Türkiyədən kənarda müxtəlif tədbirlərdə Azərbaycan həqiqətlərinin, Qarabağla, Xocalıyla bağlı gerçəklərin həm Türkiyə ictimaiyyətinə, həm də dünyaya çatdırılmasında böyük rol oynayıb. Həmçinin hər zaman Türkiyənin maraqlarının qorunması istiqamətində də çox önəmli işlər görüb. Türkiyənin PKK terror təşkilatı ilə mücadiləsində, ümumiyyətlə terrorla mübarizədə açıq və birmənalı şəkildə mövqeyini ortaya qoyub.

Düşünürəm ki, hazırda baş verənlər bir anlaşılmazlıqdır və ya Aygün xanımı hansısa “səbəblərdən” sevməyən müəyyən insanların ona qarşı yönləndirdiyi həqiqətə uyğun olmayan iddialarıdır. Aygün xanım hər zaman Türkiyə dövlətinə inanıb, çünki Türkiyə də onun üçün Azərbaycan qədər əzizdir. Ümid edirəm ki, Türkiyə dövləti bu məsələni ciddi araşdıracaq və bu ittihamın doğru olmadığı ortaya çıxacaq”.

 

Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa vurğulayıb ki, hər birimiz Aygün Attara mənəvi dəstək verməliyik:

“Düşünürəm ki, Türkiyədə bir kampaniyaçılıq dalğasında zərərli bir tendensiya müşahidə olunur. Bu da ondan ibarətdir ki, həqiqətən də ölkədə hərbi çevrilişin qarşısının alınması çox böyük bir tarixi hadisə idi. Qanuni hakimiyyətin bərpa olunması hamımızın ürəyincə oldu. Amma bunun ardınca müəyyən dərəcədə ümumi bir kampaniya xarakterli bütün şəxslərə, arzuolunmayan şəxslərə belə qarşı bir hərəkətlərin planlaşdırlması xoşagələn hal deyil. Əminliklə söyləmək olar ki, xüsusilə də məktəb, universitet çevrəsində insanların böyük əksəriyyəti bu hərbi çevrilişə qarşı olublar. Düşünürəm ki, kiminsə hansısa bir cinahda, hansısa bir cammatın içində olmasına baxmayaraq, insanların cinahları hüquqqi cəhətdən dəqiqləşdirilib, hərəkət edilməlidir. Bəzi fürsətçilər də bundan istifadə edərək universitet çevrəsində özlərinə rəqib gördüyü uğurlu insanları qaralamaq xəttinə üstünlük veriblər.

Bunların hədəfinə tuş gələnlərin arasında Aygün Attarın da adı var. O, universitet rektoru kimi kifayət qədər nüfuz qazanmış əslən azərbaycanlı xanımdır. Bu proseslərdə də həm vətənpərvər, həm də Türk dövlətinin maraqlarını təmsil edən mövqe sərgiləyib. Bunu  da narazılıqla qarşılayan qüvvələr kommunist dövründə olduğu kimi hamını qolçomaq, hansısa burjua adı ilə məhv etməyə çalışırdılarsa, bu gün də terrorçu örgüt adı ilə bütün vətənpərvər insanların müəyyən bir qismini qaralayaraq belə bir kampaniya aparırlar. Yalnış bir addımdır, hesab edirəm ki, hədəfdə olan insanların keçdiyi həyat yoluna baxmaq lazımdır. Bu insanları bu cür qaralamaq özü Türk dövlətinin maraqlarına ziddir. Məncə, ayrı-ayrı fürsətçilərə imkan tanınmamalıdır. Aygün xanım öz sahəsində kifayət qədər nüfuz qazandığı kimi, rektor kimi də uğurlu rektorlarlardan biri olub. Rektor seçkilərində ən yüksək nəticə toplaması da bunun sübutu idi. O baxımdan da ona hər birimiz mənəvi dəstək verməliyik. Onun bu cür yıpranmasına, bu cür çirkin proseslərdə sıradan çıxarılmasına yol verməməliyik”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Ərdoğan: “Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər”

%d bloqqer bunu bəyənir: