Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mehman Əliyev: “Ya islahatlar ya da inqilab, üçüncü çıxış yolu yoxdur”

24 saat.org  “Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış siyasi-analitik Mehman Əliyevlə müsahibəni təqdim edir.

– Mehman müəllim, son zamanlar verilən əfv fərmanı, eləcədə Ali və Apelyasiya məhkəmələri vasitəsilə bir qrup siyasi məhbus azadlığa çıxsa da, problem tam  həll edilməyib. Bu mənada gözləntiniz nədən ibarətdir?

– Bir şeyi anlamaq lazımdır. Azərbaycanda 2014-cü ilin sonundan etibarən vəziyyət kəskin sürətdə dəyişib. 2015-2016-cı illərdə biz bunun şahidi olduq. Yəni hökumətin apardığı siyasi-iqtisadi siyasəti iflasa uğradı. Azərbaycan hakimiyyəti inkişafı və rifahı 10 il geriyə atdı. Bütün göstəricilər göz qarşısındadır. Yaxın 5-6 il üçün perspektivlər də onu göstərir ki, biz inkişafda geridə qalacağıq. Bu real vəziyyətdir, çünki itkilər çoxdur. Belə bir durumda islahatların aparılması qaçılmaz olur. Başqa sözlə, ya islahat, ya inqilab. Üçüncü variant yoxdur. Çünki insanlar aclığa çox dözə bilməyəcək. Deməli narazılıq artacaq.  Fikrimcə, bunu hakimiyyət də anlayır. Əslində sizə deyim ki, hakimiyyət 2014-cü ildə vətəndaş cəmiyyətini susdurmaq, fəalları həbs etməklə bəyan etdi ki, bütün bunların səbəbi Azərbaycanda rəngli inqilabların keçirilməsinin qarşısını almaqdır. Onlar gözləyirdilər ki, hansısa problemlər vətəndaş cəmiyyəti tərəfindən yaradılacaq. əslində isə hakimiyyət apardığı siyasətlə özü özünə bu problemi yaratdı. Bu mənada indi həbsxanalarda siyasi məhbusların saxlanılması çox mənasız bir işdir. Onları ona görə həbs etmişdilər ki, Azərbaycanda inqilabın qarşısını alsınlar. Ancaq inqilab baş verdi.

– Hansı inqilabı nəzərdə tutursunuz?

– İndiki rejim 2010-cu ildə olan rejim deyil. Əksinə, indi bu rejim daxildə və xaricdə kifayət qədər zəif, getdikcə zəifləyən bir rejimdir. Diqqət etsəniz görərsiniz ki, hakimiyyət nümayəndələri səfər etdikləri ölkələrdən Azərbaycana pul gətirmək, investisiya cəlb etmək üçün danışıqlar aparırlar. Prezidentin Almaniya səfərində də bu özünü göstərdi. Fikrimcə, vəziyyət əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Odur ki, islahatlara gedilməsi, siyasi məhbusların probleminin həll edilməsi qaçılmaz olaraq qalır.

– Düşünürsünüz ki, Azərbaycan hökuməti islahatlara gedəcək?

– Əlbəttə, hökumətin islahatlara getməsi çətindir. Çünki özləri də, bunu dəfələrlə vurğulayıb. Mən bilirəm ki, mühüm qurum və şəxslərlə görüşdə onlara deyiblər ki, sizin təklif etdiyiniz islahatlar o deməkdir ki, biz hakimiyyətdən getməliyik. Yəni islahlar sonda demokratiya və azadlığa gətirir. Bu zaman isə azad seçki məsələsi ortaya çıxır. Hakimiyyətə deyilib ki, islahatlar sizin hakimiyyətdən getməyiniz demək deyil. Xalqa xidmət edin, onunla dil tapın və hakimiyyətdə qalmaqda davam edin. Çünki azad seçkilərdə kimin hakimiyyətdə oturmasını xalqın özü müəyyən edir. Ancaq hökumət daima başqa siyasət aparıb. İndi anlayırlar ki, demokratiyanın olması onların sonu deməkdir. Odur ki, indi çətin və ziddiyyətli bir durumdadır. Bir tərəfdən islahatlara getməyə məcburdurlar, digər tərəfdən düşünürlər ki, islahatlara getsək bu hakimiyyətin sonu ola bilər. Bax bu səbəbdən də, vəziyyəti uzadır, yubadırlar. Bəlkə də, ümid edirlər ki, sabah neftin qiyaməti 100 dollara qalxacaq, tarixi məqam dəyişə, bəlkə hakimiyyətə qarşı qərb tərəfdən səslənən iradlar dayandırıldı və s. Bir sözlə, indi hakimiyyət sanki axtarışdadır. Bu da, cəmiyyət və dövlət üçün ciddi problem yaradır. Çünki 1 il yarımdır ki, əslində heç bir islahat aparılmayıb. Yalnız ayrı-ayrı addımlar atılıb. Hakimiyyət söz vermişdi ki, ortaya islahatlar proqramını qoyacaq. Ancaq indiyə qədər belə bir proqram ortaya qoyulmayıb. Odur ki, indi ziddiyyətli durum haqda danışmaq olar. Ancaq qərb institutlarının mövqeyi göstərir ki, onlar qətidir və hələlik kompromisə getmək niyyətində deyillər, bizim hakimiyyətdən real islahatların aparmasını gözləyirlər.

– Neftin qiyməti 51 dolları keçir. Görüntü belədir i, hakimiyyət qarşılaşdığı böhranı yoluna qoyaraq əvvəlki kursunu davam etdirəcək. Bunu real yanaşma hesab etmək olarmı?

-Əslində 50 dollar balaca vəsaitdir. Bizim büdcədə neftin payı birbaşa 55-60, dolayısı yolla isə 70 dollar olub. Əgər neftin qiyməti iki dəfə aşağı düşübsə, deməli problemlər var. Onsuzda bizim dövlət büdcəmiz iki dəfə azalıb. Əvvəl 25 milyard dollar idi, indi haradasa 12 milyard dollardır. Ona görə də, 50 dollarla büdcəni 25 milyard dollar səviyyəsinə qaytarmaq mümkün deyil. Büdcə 25 milyard olduğu zaman dünya bazarında neftin 1 bareli 120 dollardan ucuz deyildi. Bunu nəzərə almaq lazımdır. Heç Azərbaycanı düşdüyü indiki iqtisadi vəziyyətdən neftin qiyamətinin 65 dollar olması da xilas etmir.  Büdcəni normal duruma gətirmək üçün mütləq islahatlar aparmaq lazımdır. Üstəlik qeyri-neft sektorunun durumu bəllidir. Bu sahə nefti əvəz edə bilmir. Faktiki olaraq neft qiymətdən düşdüyü neçə müddətdir ki, bizdə “ciddi inkişaf edən qeyri-neft sektoru” bu prosesin qarşısını ala, nefti əvəzləyə bilmədi. Üstəlik də vergilərlə biz büdcəni yamaqlaya bilmədik. Odur ki, islahatlar lazımdır. Əgər islahatlar aparılsa, bunun bəhrəsini də 5 ildən sonra görə bilərik.

– Yəni islahatların alternativi yoxdur?

– Əlbəttə yoxdur. Əslində neftdən asılı olmaq bir dəfə göstərdi ki, riskli məqamdır. Bu hər an çöküşə səbəb ola bilər.

– Dünya bazarında neftin qiyməti 30 dollardan 5o- dollara qədər qalxıb. Qalxma prosesi davam edəcəkmi?

– Əslində mən gözləyirdim ki, neft 90 dollara qədər qalxsın. Aydındır ki, bu məsələ daha çox Rusiya ilə əlaqədardır. Neft bazarında baş verən proseslərdə Rusiya ciddi komponentdir. Çünki neftin qiymətinin aşağı düşməsi ilk olaraq avtoritar rejimlərə təsir göstərir. Və onları islahatlar aparmağa vadar edir. Belə ölkələrdən ən mühümü Rusiyadır. Problem ondadır ki, Rusiya hakimiyyəti də islahatların aparılmasını ləngidir. Onlarda ümid edirdilər ki, 5-6 aydan sonra nefti qiyməti qalxacaq. Görünür ki, ABŞ Rusiyadan, Azərbaycandan, İrandan və digər belə tipli ölkələrdən real islahatlar gözləyir. Onlar başa düşürlər ki, neftin qiymətinin qalxması avtoritar rejimlərin güclənməsi deməkdir. Odur ki, qiymət qalxmasına ciddi şəkildə imkan verilməyəcək. İndi seçilən yol odur ki, avtoritar neft ölkələrini islahatlara getməyə məcbur etmək lazımdır. Məsələn, Rusiyada demək olar ki, komitə yaradıldı. Qudrin bu prosesdə iştirak edir. Komitə Rusiya üçün islahatlar proqramı hazırlayacaq. Bu proqram 6-8 aya hazır olacaq. Bu proqram ortaya çıxanda, Rusiya prezidenti və parlamenti tərəfindən təsdiq edildikdən sonra biz nəsə görə bilərik. Hesab edirəm ki, həmin zamana qədər Azərbaycanda islahatlar barədə düşünməlidir. Bu mənada neftin qiyməti daha çox bu islahatlara bağlı olacaq. Nəzərə alın ki, bu təzyiq mexanizmidir. Bu qədər həngamədən sonra nefti qiymətini qaldırmaq, bu ölkələrin əvvəlki siyasi kursunu davam etdirməyə şərait yaratmaq kimi fəaliyyətə məncə yol verilməyəcək. Əksinə, başqa mexanizmlər işə salına bilər. Yəni yumşaqlıq nefti olan avtoritar ölkələrin özündən asılıdır.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İranlı gey mollanın əhvalatı – VIDEO

%d bloqqer bunu bəyənir: