Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mehman Əliyev: “Azərbaycan hakimiyyətinin vəziyyəti o qədər ağırdır…”

24saat.org Turan İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyevlə müsahibəni təqdim edir.

Mehman bəy, ölkədəki son durumu, xüsusilə 11 sentyabrdan sonrakı vəziyyəti necə qiymətləndirirsiniz?

– Mitinqlərin keçirilməsi normal haldır. Müxalifət ölkədəki vəziyyətə, referenduma öz münasibətini bildirir. Yəni mitinq referendumla bağlıdır. Düzdür, aksiyalarda başqa şüarlar səslənir, ancaq əsas məsələ referendumdur. İkincisi, mitinqlərdə insanların say iştirakı prinsipcə indiki böhranlı duruma adekvat deyil. Bu həm də onu göstərir ki, ölkədə fəal olan təbəqə öz mövqeyini ifadə edə bilir. Böyük çoxluğun iqtisadi, sosial, siyasi, mülkü hüquqları pozulur. Yəni bu istiqamətlərdə kütləvi hüquq pozuntuları halları var. Amma aktiv kəsimdən kənarda olan və hüquqları pozulan böyük kütlə bu mübarizəyə hazır deyil. Sanki nəyisə gözləyir. Ümid edir ki, nəsə dəyişəcək. Cəmiyyətdə indiki mərhələdə əhval-ruhiyyə bundan ibarətdir. Cəmiyyət mübarizəyə hazır deyil.

İndiki böhranlı vəziyyətdən narazı olan və mitinqlərə qatılmayan böyük kütlə nə istəyir?

– Camaat dəyişiklik istəyir, lakin bu dəyişiklik üçün mübarizə aparmağa hazır deyil. Bu halda iki ssenari ola bilər. Birincisi, böhran davam edəcəksə getdikcə daxili narazılıq güclənəcək və bu özünü hansısa formada göstərəcək. Yəni camaat küçələrə çıxacaq və bu zaman nə müxalifət lazım olacaq, nə də başqası. Bu zəncirvari prosesə keçə bilər. Əgər xatırlayırsınızsa, 2015-ci ilin yanvarında bir sıra rayonlarda insanlar küçəyə çıxdı. Bu da, İlham Əliyevin Nazirlər Kabinetində 10 yanvar tarixli çıxışından sonra baş verdi. Həmin çıxışda prezident bildirdi ki, hər şey qayıdasındadır, ölkədə iqtisadi inkişaf var. İnsanlar isə ikinci devalvasiyadan sonra tamam başqa bir şey gözləyirdi. Bu səbəbdən də spantan reaksiya oldu. O zaman insanlar üçün bu şok idi və etirazlar oldu. Bir həftədən sonra prezident iclasda islahatların keçiriləcəyini bildirdi. Bu gün də cəmiyyət gözləyir ki, islahatlar olacaq. Çünki bu islahatlar haqda söhbət gedir, hamı gözləyir ki, nəsə olacaq. Məncə, bu ciddi faktordur və insanlara ümid verir. Əgər, bu baş verməsə insanlar müəyyən zamandan sonra məcbur olub öz hüquqlarını başqa formalarda qorumağa üstünlük verəcək, hökumətin qarşısında tələblər qoyacaq. Bu qaçılmazdır. İşsizlərin sayı artır, bahalaşma davam edir, yoxsullaşma artır. Bu istər-istəməz problemə çevriləcək.

Hakimiyyət islahatlara gedəcəkmi və buna hazırdırmı?

– Hakimiyyət bütövlükdə islahatlara getmək istəmir. Hakimiyyət indiki dövrdə islahatlar keçirməyi düşünmür. Sadəcə olaraq indiki vəziyyət yaranıb və hakimiyyət başa düşür ki, bir şey etmək lazımdır. Açığı, hakimiyyət yanlış olaraq xeyli vaxt gözlədi ki, neftin qiyməti qalxa və vəziyyət dəyişə bilər. Belə proqnozları var idi, lakin bu özünü doğrultmadı. İndi müəyyən hərəkətlər edirlər. Lakin hakimiyyət elə islahatlar keçirmək istəyir ki, bu islahatlar onun dayağına təsir göstərməsin. Onlar uzun müddət hakimiyyətdə qalmaq istəyirlər, digər tərəfdən isə vəziyyəti yaxşılaşdırmağı düşünürlər. Bu ikisinin bir yerdə olması isə olduqca çətindir. Əgər islahatlar yarımçıq olacaqsa, deməli cüzi müsbət dəyişikliklər ola bilər. Yox, əgər islahatlar köklü olacaqsa, deməli hakimiyyət müəyyən vaxtdan sonra zəifləyəcək və iqtidarı buraxmalı olacaq. Çünki bu zaman azad iqtisadiyyat olacaq, azad iqtisadiyyat azad cəmiyyəti formalaşdıracaq. Üstəlik fikir azadlığı, məhkəmələrin düzəlməsi. Bununla da, sonda xalq deyəcək ki, kimi istəyirəm onu seçirəm. Odur ki, hakimiyyət bu iki daşın arasında qalıb.

Cəmiyyətin aktivliyi və müxalifətin real siyasi təşkilatlarının güclənməsi prosesi gedəcək?

– Bu daha çox hakimiyyətin addımlarından, islahatlardan asılıdır. Məsələn, gözlənilirdi ki, islahatlar paketi referendumdan qabaq elan olunsun. Burada islahatlar paketini ABŞ şirkəti hökumətlə birlikdə hazırlayırdı. Hökumət də həmin islahatlar paketindəki təklifləri elə vəziyyətə salıb ki, yarımçıq islahatlara bənzər bir şey olub. Bu da, nəticəli ola bilməz. Son variant Beynəlxalq Valyuta Fonduna, dünya Bankı və digər təşkilatlara təqdim edilib, danışıqlar gedir. Onlar bu durumdan narazıdır. Biz görürük ki, yenidən ABŞ-da Azərbaycan hökumətinə qarşı təzyiqlər və sanksiyalar məsələsi ortaya çıxır. Bu da, onunla bağlıdır ki, hakimiyyət islahatlarla bağlı verdiyi vədlərdən qaçır, bu islahatları yarımçıq etmək istəyir. Odur ki, indi münasibətlərdə gərginlik var. Ancaq mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin vəziyyəti o qədər ağırdır ki, onlar bu gün beynəlxalq donorlarla, ABŞ-la bir araya gəlməsə və razılıq əldə etməsə vəziyyət sürətlə pisləşməyə başlayacaq. Bu isə hakimiyyətə yaxşı bir şey verməyəcək. Bu zaman yuxarıda danışdığımız mitinq və etirazlar real prosesə çevriləcək.

Sadə insanlar arasında referendumdan sonra hansısa vəzifəli şəxslərin həbs edilə biləcəyi haqda şayiələr gəzir. Bu ehtimal nə dərəcədə əsaslıdır?

– Mənim üçün kiminsə həbs edilməsi və ya edilməməsi maraqlı deyil. Bu nə mənə, nə də cəmiyyətə bir şey verir. Amma kiminsə cəzalandırılacağı ilə bağlı əhval-ruhiyyənin olması cəmiyyətin qan istədiyinin göstəricisidir. Cəmiyyət kiminsə cəzalandırılmasını istəyir, cəmiyyət də hakimiyyətə qarşı nifrət, narazılıq var. İnsanların məmurlara qarşı münasibəti bu dediklərimi ortaya qoyur. Lakin anlamaq lazımdır ki, bu vəziyyəti həll etmir. Məsələni köklü şəkildə sistemin dəyişməsi həll edə bilər. İslahatlar paketi, yol xəritəsi onu hesablanmışdır ki, köklü dəyişikliklər olmalı, yeni prinsiplər tətbiq edilməli, müasir siyasi baxışlar olmalıdır. Həmçinin ortaya yeni təbəqə gəlməlidir. İndi hakimiyyətdə olan hökumət heç nəyə qadir deyil. Son 2 ilin iqtisadi böhranı, devalvasiyalar göstərdi ki, bizim hökumət çox savadsızdır və dövləti idarə etməyə layiq deyil. Bu dəyişməlidir və yeni adamlar gəlməlidir. Müasir təcrübə və biliklərə malik olan, korrupsiyaya bulaşmayan şəxslər olmalıdır. Başqa cür alınmır.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb

%d bloqqer bunu bəyənir: