Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mahmudov-Hacıyev ikilisinin adamı, Vəzirovun qohumu “Bvlgari” brendi ilə anlaşır

İtaliyanın məşhur “Bvlgari” brendi Rusiya bazarında eyni adlı otel brendinin inkişafı üçün yeni partnyorlar tapıb. Virtualaz.org xəbər verir ki, onlardan biri Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Moskvadakı benefisiarı, Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun qohumu İsazadə Zaur Natiq oğludur.

“Kommersant” qəzetinin yazdığına görə “Bvlgari” brendi Moskvanın Nikitsk bulvarında eyni adlı butik-otelin inşası üçün “Storm Properties” şirkəti ilə anlaşıb. Şirkətin sahibi developer biznesi ilə məşğul olan Kirill Pisarevdir. Otel azərbaycanlı oliqarx Telman İsmayılova məxsus olan və oliqarxın ödəyə bilmədiyi borclarına görə əlindən alınan torpaq sahəsində inşa olunacaq, 200 milyon dollara başa gələcəyi təxmin edilir. Anlaşmanı imzalamaq üçün “Bvlgari”nin prezidenti Jan-Kristof Baben Moskvaya səfər edəcək.

Moskva meriyasındakı mənbələr otelin “Storm Properties” şirkəti tərəfindən tikiləcəyini təsdiq edib. Şirkətdən isə məlumatı şərh etməyiblər. Bu şirkət 2005-ci ildən bazarda fəaliyyət göstərir, yaşayış və kommersiya daşınmaz əmlakının inşası, idrəedilməsi ilə məşğuldur. “Bvlgari” otel brendi isə Fransanın “LVMH Moet Hennessy” şirkətinin nəzarətindədir.

Şirkətin Nikitsk bulvarında oteli hansı ərazidə tikəcəyi açıqlanmayıb. Ancaq bu küçədə cəmi bir boş ərazi var-Mərkəzi jurnalistlər evinin yanında. Vaxtilə həmin torpaq sahəsində tarixi bina olub. 2006-cı ildə T.İsmayılovun qrupuna daxil olan “KBF AST” ASC şirkəti torpaq sahəsini icarəyə götürüb və orada otel inşası layihəsini təqdim edib. Lakin meriya T.İsmayılovun layihəsini bəyənməyib geri qaytardı. Sonradan isə oliqarx müflis oldu.

2015-ci ildə həmin torpaq sahəsində investisiya layihəsinin həyata keçirilməsi hüququ “Luazo Corporation” adlı offşor şirkətə həvalə edildi. Jurnalistlər araşdırmışdı ki, şirkətin baş direktoru İsazadə Zaur Natiq oğludur. O, eyni zamanda Lüksemburqda qeydiyyatdan keçmiş “Fortrust Global” şirkətinin səhmdarıdır. “Fortrust Global” şirkətinin portfelinə Nikitsk bulvarında investisiya layihəsi də daxildir. Lakin şirkətin ofisindən “Bvlgari” ilə anlaşma xəbərini təkzib ediblər. Ancaq görünən odur ki, indiki halda investisiya layihəsinin sifarişçisi İszadə Zaur Natiq oğlunun şirkəti, icraçısı isə Kirill Pisarevin şirkətidir.

Virtualaz.org bir neçə ay əvvəl Cahangir Hacıyevin Moskvadakı biznesini, o cümlədən “MBA-Moskva” törəmə bankının keçmiş rəhbəri Fuad Abdullayevin Azərbaycan dövlətinə məxsus bankın aktivlərini necə tar-mar etdiyinə dair araşdırma apararkən “Fortrust Global” şirkəti və İsazadə Zaur haqda yazmışdı.

Məlum olmuşdu ki, “Fortrust Global” daşınmaz əmlak sahəsində geniş spektrdə xidmətlər təklif edən, o cümlədən developer sahəsində layihələr həyata keçirən şirkətdir. “MBA-Moskva” , yəni Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı isə şirkətin yeganə maliyyə tərəfdaşıdır. Şirkətin əməkdaşları ilə tanış olan iki ayrı konsultant “Vedomosti”yə “Fortrust Global” şirkətinin Azərbaycanda “özəl fondla” bağlı olduğunu deyib.

Virtualaz.org saytı Rusiyanın Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Vahid Reyestrindən bu şirkət barədə məlumatları əldə edib. Orada göstərilir ki, “MANAGEMENT COMPANY FORTRUST GLOBAL LTD” şirkəti 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir.

Lakin şirkətin təsisçiləri barədə məlumat reyestrdə yer almır. Şirkət tikinti layihələri ilə yanaşı audit və konsaltinq xidmətləri, maliyyə-sənaye qruplarının idarə edilməsi kimi fəaliyyət sahələri ilə də məşğuldur.

Şirkət Moskvada “FortepinaO” yaşayış kompleksinin tikintisi, Mojaysk şossesində “A” sinif biznes-mərkəz, Tverskoy-Yamskoy küçəsində apartamentlər, Nikitsk bulvarında apartamentlər, Altufyevsk küçəsində çoxfunksiyalı kompleks, Savvinsk döngəsində apartamentlər, Ryazansk prospektində kommersya təyinatlı kompleks və digər iri tikinti layihələrini həyata keçirib. Yaxud həyata keçirmək üzrədir. Şirkətin ofisi Moskvada, Pokrovka küçəsində yerləşir. Şirkət 2011-ci ildə qeydiyyatdan keçib, baş direktoru İsazadə Zaur Natiq oğludur.

Virtualaz.org saytı Rusiya mənbələrindən araşdırıb ki, bu şəxs Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin və onun qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Rusiyadakı benefisiardır.

Z.İsazadə “Fortrust Global” şirkətinin baş direktoru olmaqla yanaşı şirkətin səhmlərinin 10 faizinə sahibdir. Eyni zamanda Kiprdə qeydiyyatdan keçmiş “Luazo Corporation” offşor şirkətinin səhmlərinə nəzarət edir.

Həmin “Luazo Corporation” şirkəti isə Telman İsmayılova borc verib və geri ala bilməyib. Nəticədə T.İsmayılov ötən ilin yayında Moskvanın Nikitsk bulvarında mülkiyyətçisi olduğu, otel kompleksi inşa etməyə hazırlaşdığı 27 min kvadratmetrlik torpaq sahəsinin 45 faizini 10 ildir ödəyə bilmədiyi borca görə “Luazo Corporation” şirkətinə vermişdi. Torpaq sahəsinin qalan hissəsi Moskva meriyasının mülkiyyətində qalıb.

Moskvadakı mənbələr bildirir ki, İsazadə Zaur Rusiya Hüquq Akademiyasının sıravi məzunudur. Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun qohumudur, onun qardaşı qızının əridir. Eyni zamanda “MBA-Moskva” bankının keçmiş sədri Fuad Abdullayevin yaxın adamlarından biri kimi tanınır.

Z.İsazadə “MBA-Moskva”dan cürbəcür tikinti layihələri üçün yüz milyonlarla dollar kredit götürüb və çoxunu geri qaytarmayıb. Habelə o, bankdan ayrılan iri kreditlərdə əsas vasitəçi olub.

Zaur İsazadənin adı Cahangir Hacıyevin benefisiarlarından olan, keçmiş deputat Dünyamin Xəlilovun ortağı Xaqani Bəşirovla bağlı 2011-ci ildə qaldırılmış cinayət işində də keçir.

Xaqani Bəşirov həmin vaxt Beynəlxalq Bankdan yüz milyonlarla dollar krediti götürüb çoxsaylı offşor şirkətlərin adına keçirmiş və mənimsəmişdi. Həmin offşor şirkətlərdən bəziləri Z.İsazadənin adına qeydiyyatdan keçib.

Virtualaz.org saytı Moskvadakı biznes çevrələrindən belə məlumat əldə edib ki, əslində “MBA-Moskva”nın Rusiya paytaxtında maliyyələşdidiyi çoxsaylı iri developer layihələrinin arxasında Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov dayana bilər.

Mənbə E.Mahmudovun Rusiyada milyardlarla dollarlıq tikinti biznesinin olduğunu bildirir. Bu biznesdə o, qudası, Azərbaycanın ən iri bankına rəhbərlik etmiş Cahangir Hacıyevlə ortaqdır.

Virtualaz.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Kərəm Həsənov prezident sərəncamına qarşı – Şikayət

%d bloqqer bunu bəyənir: