Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mətbu utanc – Fikrət Fərəməzoğlunun həbsinin qorxulu yanları və susan bizlər

Daha dünən təpədən-dırnağa qədər mətbuat adamı olan Qulu Məhərrəmli AZTV-nin mətbuata peşə deyil, iş kimi baxan sədri tərəfindən məhkəməyə çəkilmişdi. Ondan əvvəl Əvəz Zeynallı, Qənimət Zahid, Xədicə İsmayıl, Tofiq Yaqublu, Pərviz Həşimli və əli qələm tutan neçə-neçə həmkarımıza sözün həqiq və məcazi mənasında “o biri dünya”nı göstərib qaytardılar. Unutmadıq…

Maşın yarışları yekunlaşan kimi yenidən başladılar. Gözdən və urvatdan düşən manatları kimi mənəviyyatı da o sürətlə eyni istiqamətə yollayırlar. Manatla işimiz olmadığından daha ciddi məsələlərdən yazmağı borcumuz bildik.

Bu dəfə jam.az saytının baş redaktoru, ciddi bir yazı adamı – jurnalist Fikrət Fərəməzoğlu həbs olunub. Ölkə mətbuatı əskilərdə olduğu kimi yenə də ənənəsinə sadiq qalaraq dərin əfsusluq içərisində susmağa məhkum edilib. Kimsə həmkarını müdafiə etmək, mətbuatın yerə düşmüş nəşini qaldırmağa ürək eləmir, dəyərlərə sahib çıxmaq istəmir. Hamı iki əli ilə başını tutub, düşünür… Amma nə?

DİN rəsmi açıqlama yayıb. Adını “Mətbuat Şurası” qoyduqları heç bir ictimai çəkisi olmayan təşkilatın sədri hakimlərdən əvvəl hökmünü verib. Yenə eyni ssenari, yenə eyni ifaçılar, yenə eyni xaric avaz…

Əvvəla, onu bildirək ki, niyyətimiz məhkəmənin çıxardığı hökmü müzakirə etmək deyil – inanmasaq da, ədalətin təntənəsini gözləyirik. Bu təntənə Fikrət Fərəməzoğluna qarşı yönələn ittihamların yalan oldunun sübutu deyil – zatən, belə bir absurd ədaləti gözləmirik də…

Bizim gözlədiyimiz ədalət ölkə rəhbərləyinin heç vaxt edə bilməyəcəyi və etməsi etimal belə olunmayan etirafdır. O etirafın elə ilk cümləsindəcə reklam bazarının öldürüldüyü, mətbuatın az qala tamamının hansısa məmurların çətirləri altına alındığını dilə gətirməkdən, mətbuatın diri ikən öldürüldüyünün sağlığına badə qaldırmaqdan ibarətdir…

Qorxaq, dişsiz, razılaşan, qane olan, boyun əyən mətbuata mükafat verən dövlətdə müstəqil, azad dəyərlərə sadiq ən xırda mətbu qurum belə kabus kimidir.

Yanlış anlamayın, jam.az saytını azad və müstəqil mətbuat kimi təqdim etmək niyyətindən uzağıq. Amma həm də iddiamız o yöndədir ki, Fərəməzoğlunun başında durduğu sayt boyun əyməyən, ələ baxıb mükafat almayan saytlardan idi.

DİN-in açıqlamasındakı acınacaqlı məqamları olayı izləyən hər kəs görüb. Amma qorxulu məqamı oxumağa az qala kimsənin cəsarəti çatmır. Həmin cümləni özümüzdə acizanə cəsarət tapıb olduğu kimi yazının bu hissəsinə yapışdırırıq: “İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub”.

Ortaya maraqlı sual çıxır: tuta bildinizmi?! Hələ azadlığı tütyə kimi qəbul edən “bir qrup şəxs” də var. Əcaib mənzərədir, niyə onlar həbs olunmayıb, niyə istintaq sirri lazımi tədbirlər görülmədən mətbuata açıqlanıb?! İstəməsək də, ağlımıza inanmaq istəmədiyimiz başqa fikirlər də gəlir. Ola bilərmi ki, bu cümlənin bu əlavəsi Fərəməzoğlunu meydanda müdafiəsiz qoymaq üçün düşünülmüş incə və “təqdirəlayiq” gediş olsun?! Əslində, arzu edirik ki, belə olmasın. Olarsa, dövlət adına təhlükəli president yaradacaq ədalətsizlik olacağını sezməkdəyik…

Və yaralı yerimiz – “Mətbuat Şurası”. Şuranın sədrinin açıqlaması sözün hər mənasında acınacaqlı idi. İllərlə mətbuata verdiyini ala bilmədiyindən mandatla mükafatlandırılan Amaşov jam.az saytının 2014-cü ildən şuranın “qara siyahısı”na salındığını bildirdiyi cümlənin ardından cəsarətlə Fərəməzoğlunun sabiq təhlükəsizlik naziri Eldar Mahmudova yaxınlığına eyham vurub. Bu adam ya çıldırıb, ya da bizi çıldırdacaq (ikincinin olma ehtimalına az qalıb). Çünki əgər belə bir məqam olsaydı, Amaşovun cəsarəti çatıb 2014-cü ildə Mahmudova yaxın şəxsin saytını “qara siyahı”ya sala bilməzdi, əksinə baş tacı edərdi. İkincisi, əgər salsaydı belə, praktikasında olduğu kimi bu qərarı ona bir gecəyə geri oxudardılar. Ki, o da sevə-sevə bunu edərdi!

Bu versiyanın Fərəməzoğlunun həbs olunduğu gün Eynulla Fətuallayevin də ortaya atması təsadüfi deyildi. Deməli, proseslər hansısa dairələrdən idarə olunur. Əgər belə olmasaydı, Fətullayev Fikrət həbs olunmamış bunu yazardı. Yazmadı, çünki daha sərt cavab alacaqdı…

Başqa bir məqam ondan ibarətdir ki, Amaşov yalan danışır, çünki 2014-cü ildə belə bir qərar olmayıb. Olsaydı, açıqlanardı. Ortaya yenə sual çıxır: vardısa, niyə rəsmən açıqlamamışdınız? Jam.az saytına sadəcə, xəbərdarlıq edilib və Fərəməzoğlunun Amaşova cavab yazısından sonra məsələ qapadılıb. Bütün bunları internet üzrə axtarışlardan da üzə çıxarmaq asandır.

Deməli, məsələ bizə təqdim edildiyi kimi deyil. Fərəməzoğlunun həbsinin səbəbi başqa, bəhanəsi bambaşqa, təqdimatı lap başqadır. 3 ay sonra hansı qərar veriləcək, onu da deyə bilmərik, amma bir məqamı indidən iddia olaraq ortaya ata bilərik: Əliyev iqtidarına hətta siyasətə qarışmayan nəzarətdənkənar mətbu orqan belə sərf eləmir.

Qəzan mübarək, Fikrət Fərəməzoğlu! Bəlkə, yanına belə gəlməyə cəsarətimiz çatmayacaq, qorxacağıq o məlun “bir qrup”dan olmağa. Amma günahsız olduğunu, hətta sənə dil uzadanlardan qat-qat daha təmiz olduğunu bilirik. Açıq-açıq dilə gətirə bilməsək də…

Və bir də, sənə təsəlli: artıq itirəcək heç nəyin qalmayıb – bütün yollar səni zirvəyə aparacaq!

Vüqar Qurdqanlı

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Faiq Əmirlini izləyənlər onun övladının getdiyi baxçanın ətrafında da görünüblər

%d bloqqer bunu bəyənir: