Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məntiqin işləmədiyi yerdən reportaj

Elnur As

elnurastanbeyli@gmail.com

Azərbaycanda nəyisə məntiqlə, ağıllı başla anlamağa, dərk və izah etməyə çalışmaq çətin, hətta mümkünsüz məsələdir. Buna cəhd edənlər həmişə gülməli vəziyyətə düşüblər, bundan sonra da düşəcəklər.

Götürək elə Mərkəzi Bankın dünənki addımını: təsəvvür edin, ötən gün bəzi banklarda dolların satış 1,5945 məzənnəsi ilə həyata keçirilirdi, günorta artıq bir çox banklarda dollar satışının dayandırıldığı açıqlanmışdı, ümumiyyətlə isə dünya birjaları Britaniyanın referendumla Avropa Ittifaqından çıxması qərarı qarşısında alt-üst olmuş, dollar bahalaşmağa, boş verin uzaq diyarları, hətta ətrafımızdakı ölkələrin milli valyutaları belə ucuzlaşmağa başlamışdı, Mərkəzi Bank isə bugünkü rəsmi məzənnəni dəyişmədən, dünənki səviyyədə saxladı. Indi bu absurdu nə ilə izah edəsən, necə başa düşəsən! Buna cəhd etmək belə mənasızdır. Ən yaxşısı şaqqanaq çəkib keçməkdir. Bir ovuc yağmaçı, talançı ölkəni özü boyda karikaturaya çevirib, yuxarıda da yazdıq, artıq burada heç nə məntiqlə, ağılla dərk və izah oluna bilməz.

Dünən Bakıdakı xəstəxanaların birində isə 82 yaşlı qadının qanqrena olmuş ayağı əvəzinə sağlam ayağını kəsiblər. Bütün xəbər lentləri bu haqda yazır. Açığı, mən bilmirəm, baş verən bu hadisənin hansı xəbər dəyəri var, onu niyə şişirdirlər? Xəbər o olardı ki, həkim xəstənin elə qanqrena olmuş ayağını kəsərdi. Bax bu hamımızı heyrətləndirər, dəhşətə gətirərdi ki, Azərbaycan səhiyyəsi hələ də hansısa yaralı barmağa dərman edə bilirmiş! Yoxsa bu ölkədə həkim səhlənkarlığının, qeyri-peşəkarlığının qurbanı olmaqdan asan nə var!

Milli Məclisdən gələn xəbərdə isə deyilir ki, orada Oqtay Əsədovla Zahid Orucun sözləri yenə çəp gəlib, dilləşiblər, spiker möhkəm qəzəblənib, Zahid müəllimə “səviyyəsiz”-zad deyib, sonra da tapşırıb ki, intizam komitəsi onun hərəkətlərini araşdırıb qiymət versin. Milli Məclisə “parlament” demək olmaz, adamın ağzı əyilər, çünki parlament – seçkili orqandır, o, xalqın iradəsinə sayğı duyulduğu, seçib-seçilmək hüququnun olduğu ölkələrə xasdır. Bizim Milli Məclis isə təyinatla müəyyənləşir, bir növ Prezident Administrasiyasının şöbəsinə çevrilib, işi-gücü oradan yazılıb göndərilən qanun layihələrinə “hə”, tapşırıqlara “baş üstə” deməkdən ibarətdir. Belə bir orqanda nə baş verdiyi bizə, ümumiyyətlə, maraqlı olmamalıdır. Yeri gəlsə, maraqlı da deyil. Sadəcə, adam fikirləşir ki, bu Oqtay Əsədovla Zahid Oruc xeyli vaxtdır nəyi bölüşə bilmirlər. Həftə səkkiz, mən doqquz, sözləri çəp gəlir, bir-birlərini iynələyirlər. Ilk ağıla gələn (həm də ən ağlabatan!) versiya – hakimiyyət içindəki qrup maraqlarıdır. Başqa versiyalar da ola bilər. Amma əmin olun ki, həmin versiyalar da olsa-olsa, məhəlli xarakterli, məişət çaplıdır. Seçkili orqandan təyinatlı orqana çevrilmiş bir məclisdə spikerlə deputatın, ya da elə deputatın deputatla dilləşməsinin hansısa siyasi, ideoloji, taleyüklü səbəbinin olması mümkün deyil.

Yeri gəlmişkən, elə dünən Milli Məclisin intizam komitəsinin sədri Ağacan Əbiyevdən məsələyə münasibət öyrəniblər, verdiyi cavabdan Azərbaycanın hansı təfəkkürə sahib insanların girovuna çevrildiyi bir daha aydın görünür. Sitat: “Deputat sədrlə söz güləşdirsə, bu, parlament olmaz…” Bunun parlamentarizm anlayışına bax! Qınamalı deyil, ixtisası hüquqşünas olan keçmiş spiker bir vaxtlar “Milli Məclisi siyasi mübahisə meydanına çevirməyə imkan verməyəcəm” demişdisə, daha bu Ağacan Əbiyevdən nə gözləyəsən?!

Əbiyevin Zahid Oruca “Cavan oğlansan, heç olmasa, kişinin (Oqtay Əsədovu nəzərdə tutur – E.A.) yaşına hörmət elə” tövsiyəsini isə yarımçıq sayıram. Gərək Oqtay Əsədova da Zahidin soyadına hörmət eləməyi məsləhət görəydi, axı indi biz orucluq ayında yaşayırıq.

Üstəlik, onun deputatlıq seçki-şousunda devizi belə olmuşdu: “Bayramlardan müqəddəs Oruc, namizədlərdən Zahid Oruc!”

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xəstənin sağlam ayağını kəsən həkim: “Hər bir həkimin başına gələ bilər”

%d bloqqer bunu bəyənir: