Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Məni divara qısqanırdı, ölümünə döyürdü” -Sığınacaq qadınlarının dəhşəti

“Həyat yoldaşımla rayonda qonşu olmuşuq. Uzun müddət bir-birimizi sevmişik. Valideynlərinin təkidi ilə sevdiyim oğlan başqa qızla evləndi. Hər dəfə qonşular danışırdılar ki, oğlan ailə həyatı qurduğu qadını sevmədiyi üçün onunla yaşamaq istəmir.

İki uşaqdan sonra həyat yoldaşından ayrıldı. Bir müddət sonra o, gəlib məni hələ də sevdiyini söylədi və evlənmək qərarı verdik. Bakıya yaşamağa gəldik. Burada kirayə tutduq…”
Bu, “Təmiz Dünya” İctimai Birliyində sığınacaq tapan qadının həyat hekayəsindəndir…
Sığınacaqda hazırda 17 uşaq, 16 qadın var. Onlardan 3 qadın, 6 uşaq xəstəxanada müalicə alır.
İntihar etmək istəyib
Sevda (ad şərtidir) adlı qadın deyir ki, uşaq olana qədər həyat yoldaşı ilə münasibətləri yaxşı olub: “3 yaşında bir oğlum var. Burda sığınacaqda mənimlə qalır. O, doğulandan sonra həyat yoldaşım birdən-birə dəyişdi, məni döyməyə başladı. Evdə bağlı qapı arxasında saxlayıb, işgəncələr verirdi. Hər dəfə döyüləndən sonra halsız olurdum, özümə qapılırdım.
Valideynlərim onunla evlənməyimə razılıq verməmişdilər. Demişdilər ki, ona getsən, səni qəbul etməyəcəyik. Mən onlara qulaq asmayıb, illərdir sevdiyim insanla evləndim. Həyat yoldaşım da hər gün mənə işgəncə verib döyəndə gedəcək yerim olmadığına görə bütün əziyyətlərə dözürdüm ki, ailəm dağılmasın. Amma bir gün məni o qədər döydü ki, boynumda ağrılar yarandı. Hətta uşağı qoyub intihar etmək istədim. Ancaq fikirləşdim ki, mən özümü öldürsəm həyat yoldaşım evə gələnə kimi oğlum evdə tək qalacaq, onun da başına hadisə gələ bilər. Buna görə intihar fikrindən daşındım”.
“Qışqırdım ki, kömək edin, amma…”
Həmsöhbətim deyir ki, intihar fikrindən daşındıqdan sonra “Təmiz Dünya” İctimai Birliyinin sığınacaqda qalmağa qərar verir: “Bir müddət burada qaldım, psixoloji yardım aldım. Dəfələrlə mənə məsləhət verirdilər ki, həyat yoldaşından polisə şikayət et, tibbi ekspertiza olunsun. Mən isə onun həbs olunmasını istəmirəm. Onu çox sevdiyim üçün hisslərimlə hərəkət edirəm. Bir gün gecə burda qadınların birindən telefon alıb ona zəng etdim. Məni sevdiyini söylədi, bir daha döyməyəcəyinə əmin etdi.
Mən də onunla razılaşıb yenidən evə qayıtdım. Bir müddət xoşbəxt yaşadıq, hər şey yaxşı idi. Bir gün polis bölməsinin qabağında məni döydü. Qışqırdım ki, kömək edin, amma polis hadisəyə biganə qaldı, mənə kömək etmədilər. Yenidən sığınacağa üz tutdum. Mən bir burda rahat qala bilirəm. Bundan sonra həyatımın necə olacağını bilmirəm. Əgər yenə evə qayıtsam, əvvəlki vəziyyətlə üzləşsəm, bilirəm ki, geri qayıtmaq üçün bir məskənim var”.
Arvadı sığınacağa qaçmış kişi: “Onu quru divara da qisqanıram”
“Təmiz Dünya” İctimai Birliyin sosial işçisi Yaqut Məmmədyarova deyir ki, Sevda sığınacağa gələndə həyat yoldaşı danışıqlar aparılıb: “Bildirdi ki, ona aqressiv olmasının səbəbi qısqanclıqdır. Dedi, Sevda ona çox mehribandır, qayğıkeşdir, amma Sevdanı quru divarlara da qisqanır”.
Yaqut Məmmədyarova bildirdi ki, Sevdanın valideynləri də onu qəbul etməyə hazırdırlar: “Onlarla söhbətdə bildirdirlər ki, biz o ailəyə qız verməzdik, amma qızımız özü istədi. Qızın qardaşı deyir, onu bir şərtlə evə apararam ki, bacım bir daha o adamın adını çəkməsin. Çünki bundan əvvəl də dəfələrlə döyülüb geri qayıdıb, amma yenə həyat yoldaşının yanına gedib.
Valideynləri Sevdanı öz evinə apardı. 4 gündən sonra qardaşı bizə zəng etdi ki, bacım yenə yoldaşına zəng edib onunla qayıtdı. Qeyd edim ki, valideynlərinin o qızı oğlu ilə birlikdə saxlamaq imkanları var”.
İB-in sosial işçi deyir ki, sığınacağa gələn zaman qadınlara düşünmək üçün bir gün vaxt verilir: “Daha sonra tibbi müayinədən keçirlər, onlarla söhbət aparılır. Biz onlarla davamlı söhbətlər aparırıq. Onlar təhlükəsiz yerdə olduqlarına əmin olduqdan sonra başlarına gələn hadisələri tam olaraq bizə danışırlar. Biz də onlara köməklik göstəririk”.
Yaqut Məmmədyarova deyir ki, sığınacağa gələn analar uşaqlarını da özləri ilə gətirirlər: “Çox vaxt döyülən qadınların ata-anası da onlara sahib çıxmırlar. Qızlar özlərini atılmış, heç kim tərəfindən sevilməyən biri kimi hiss edirlər”.
Geyim, pampers problemi var”
“Təmiz Dünya” İctimai Birliyin sədri Mehriban Zeynalova deyir ki, sığınacaqda yaşayan qadınların geyiminə kənar insanlar kömək edirlər: “Biz mağazalara gedib demirik ki, qadınlara paltar verin. Bura sığınan qadınlar uşaqlarına pampers almaqda çətinliklər çəkirlər.
Yaxşı olardı, dövlət tərəfindən QHT-lər üçün sosial sifarişlər olsun. Ümumiyyətlə, reabilitasiya sahəsində işləyən QHT üçün 6 aylıq, 1 illik layihə əlverişli deyil. Bunun üçün ən azı 3 illik layihə olmalıdır ki, nəticəni ortaya qoya biləsən”.
Sığınacaqda məskunlaşmaq maksimum 2 aydır. Bəzi problemlər zamanı müddət uzadılır.
Mehriban Zeynalovanın sözlərinə görə, bu sığınacaqlar beynəlxalq səviyyəyə uyğun standartla hazırlanıb: “Biz istəmirik, kimsə aylarla burda qalasın. Çevik reablitasiya prosesini təmin etməkdən ötrü hər bir sakinə sosial işçi təhkim olunur, qiymətləndirilmə aparılır, psixoloq danışır və digər proseslər həyata keçirilir. Deyə bilmərəm ki, 100 faizlik nəticə var, amma yaxşı nəticələr də əldə edilib. Səhiyyə Nazirliyinə yönləndirdiyimiz insanları müayinə edir, əməliyyat lazım olanları əməliyyat edirlər. Son zamanlarda müzakirələr gedir ki, sosial yardım ləğv olunacaq. Düşünürəm ki, ləğv olunsa qadınlar üçün çətin olar”.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində mərkəzə 87 qadın müraciət edib. Onların hamısı ailə zorakılığı ilə bağlı müraciət edənlərdir.
Sığınacağı digər sakini Rəna (ad şərtidir) deyir ki, qayınanasını boyunbağısını itirdiyi üçün döyülüb: “Balkonda paltar asan zaman qayınanamın mənə verdiyi qızıl boyunbağı dəmirə ilişib aşağı düşdü. Nə qədər axtardımsa tapa bilmədim. Gəlib həyat yoldaşıma dedim, o da bildirdi ki, anam bilməsin, birlikdə bir yolunu taparıq. Qayınanam boyunbağını boynumda görməyəndə harda olduğunu soruşdu. Düşüb itdiyini dedim, inanmadılar.
Həyat yoldaşım məsələdən xəbərdar olsa da, tərəfimi saxlamadı. Baldızım, qaynanam məni uşaqlarımın yanında döydülər. Hamıya bildirdilər ki, boyunbağını oğurlamışam. Valideynlərim də bildirdi ki, oğru qız bizə lazım deyil. 3 uşağım var. Qaynanam işlədiyi üçün indi onlara qayınatam baxır. Qayınatam yaxşı insandır, mənim tərəfimdə olan tək odur. Uşaqlarımdan uzaq yaşaya bilmirəm, amma 1 ildir gedəcək başqa yerim də yoxdur. Nə ailəm, nə valideynlərim məni qəbul edir…”
“17 il idi yoldaşım Rusiyada işləyirdi”
Sığınacaqda qalan digər qadını isə əri və qaynı döyüb: “17 il idi həyat yoldaşım Rusiyada işləyirdi. Mən rayonda həyətyanı sahədə əkin əkib göy satmaqla və həyat yoldaşımın göndərdiyi 100 manatla 2 qızımla dolanırdıq. Həyat yoldaşım yayda uzun illərdir Rusiyada birlikdə yaşadığı qadınla gəldi. Qaynımla birlikdə məni döydülər, təhqir etdilər ki, mən evdən çıxım. Hər gün döydülər, mən də qaçıb bura gəldim”.
Sığınacaq əzablı taleyi olan qadınların ümid yeridir. Burda onlara kömək edən tapılır. Amma müvəqqəti… /teleqraf/

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ali Məhkəmədə ANS-in məhkəməsi başladı – FOTOLAR

%d bloqqer bunu bəyənir: