Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
oqtay_gulaliyev-yeni-300x240-1

“Mən hansı qanunlara görə ölkədə girov saxlanmalıyam?”

Hüquq müdafiəçisi Daxili İşlər nazirinə müraciət etdi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə deyilir;

“Cənab nazir, məlumat üçün bildirirəm ki, Sabirabad rayon prokurorluğunun 18 aprel 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə barəmdə başlanılmış 120716031 nömrəli əsassız və qanunsuz cinayət işi sonradan araşdırılması üçün aidiyyatı üzrə Sabirabad rayon Polis şöbəsinın İstintaq bölməsinə göndərilmişdir. Adı çəkilən İstintaq bölməsinin 19 aprel 2012- ci il il tarixli qərarı ilə CM-nın 220.2-ci maddəsilə mənə ittiaham elan edilmiş, rayon məhkəməsində barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Mənə elan edilmiş ittihamı ilk gündən əsassız və qanunsuz hesab etmişəm və həmin ittihamın ictimai fəaliyyətimlə bağlı olduğunu başda siz olmaqla istintaq orqanına və digər qurumlara ünvanladığım müraciətlərdə tam və hərtərəfli şəkildə əsaslandırmışam.

Ölkə ictimaiyyətinin və beynəlxalq təşkilatların təzyiqi nəticəsində Sabirabad rayon prokurorluğunun təqdimatı əsasında həmin rayon məhkəməsinin 13 iyun 2012-ci il tarixli qərarı ilə barəmdə seçilmiş həbs qətiimkan təbdiri ləğv edilmiş, haqqımda polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmişdir. Qərar icra olunması üçün aidiyyatı üzrə qeydiyyatda olduğum və yaşadığım yerə uyğun Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Həmin tarixdən başlayaraq ötən 4 il 6 ay müddətində özüm və yaşadığım mənzil daim polis nəzarəti altında olub. Xətai RPİ-nın 37- ci polis bölməsində qeydiyyata alınmaqla mütəmadi olaraq adı çəkilən polis bölməsinə gedərək qeydiyyatda olduğum ünvanda yaşadığımı, Bakı şəhərindən kənara çıxmadığımı imzamla təsdiq etmişəm. Həmin müddət ərzində mənə ümumvətəndaşlıq pasportu verilməyib və ölkədən çıxışım qadağan edilib. Dəfələrlə rəsmi qurumlara etdiyim müraciətdən, yerli və beynəlxalq təşkilatların aramsız çağırışlarından sonra Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin 25 oktyabr Astanada keçirilən toplantısı ərəfəsində məni Sabirabad RPŞ-yə dəvət edərək barəmdə başlanılmış 120716031 nömrəli cinayət işi üzrə icraata 20 oktyabr 2016-cı il tarixli qərarla xitam verildiyini, müvafiq olaraq barəmdə seçilmiş 13.06.2012-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edildiyi bildirildi. Amma həmin müddətdən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq mənə qarşı təqiblər hələ də davam etməkdədir. Yaşadığım ev və bütün fəaliyyətim, hətta yazdığım yazılar polis orqanları tərəfindən qeyri-rəsmi olaraq nəzarət altına alınaraq izlənilməkdədir. Tənqidi yazılarıma və mövqeyimə görə mənə rəsmi və qeyri- rəsmi şəkildə xəbərdarlıqlar edilir. Belə ki, bir neçə həftə öncə məni DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət edərək orada mətbuatda və Facebook-da yazdığım yazılar, xüsusən də hüquq müdafiəçisi qismində “Nardaran işi” ilə əlaqədar həbs olunanları, eləcə də digər siyasi məhbusları müdafiə etməyim müzakirə obyekti olub. Həmin müzakirələr zamanı DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin məsul şəxsləri mənə bildirdilər ki, bütün fəaliyyətim, hərəkətlərim, yazılarım onlar tərfindən izlənilir və nəzarət altındadır. Görüş zamanı onlar tərəfindən yazılarımla bağlı narahatçılıq ifadə olunub və bu istiqamətdə tənqidi yazılara son qoymağım, hər hansı fəaliyyət göstərməməyim tələb edilib. Müzakirələrin sonunda yazdığım yazılara və çıxışlara görə mənə xəbərdarlıq edilib (!?). Belə xəbardarlıq digər şəxslərə və həmkarlarıma da edilib. Mən fürsətdən istifadə edib soruşmaq istəyirəm; hüquq müdafiəçisinin, hər hansı bloggerin və ya jurnalistin mətbuatda, sosial şəbəkələrdə yazdığı yazıları araşdırmaq nə zamandan DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin vəzifəsinə aid edilib? Biz fəaliyyətimizi qanunlar çərçivəsində qurur, fikirlərimizi də etik və hüquq normalarına uyğun ifadə edirik. İfadə azadlığının həyata keçirilməsinə polis təşkilatının bu cür müdaxiləsi yolverilməzdir.

Bundan əlavə, cinayət işi üzrə icraata “xitam verilməsi”ndən və barəmdə seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbirinin “ləğv edilməsi”ndən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq qeyri- rəsmi şəkildə mənə qarşı polis nəzarəti davam edir. Eyni zamanda nə ölkədən çıxışıma olan qadağa aradan qaldırılıb, nə də ki pasportla təmin edilmişəm. “Asan xidmət” mərkəzinə və digər qurumlara dəfələrlə etdiyim müraciətlərə baxmayaraq mənə pasport verilməkdən imtina edilib. Bildirilir ki, sizin ölkədən çıxışınız yasaqdır, sizə pasport verilməsi qanunla qadağan edilib (!?), bu barədə bizə hər hansı göstəriş verilməyib, Daxili İşlər Nazirliyinə müraciət edin. Mən sual edirəm; söhbət hansı qanunlardan gedir? Mən hansı qanunlara görə 5 ildir pasportdan məhrum edilib ölkədə girov saxlanmalıyam? Hansı qanuna görə polis tərəfindən izlənməli və təqib olunmalıyam?

Cənab nazir, barəmdə başlanılmış cinayət işi üzrə icraata xitam verilməsinə baxmayaraq, ölkədən çıxışıma olan qadağanın aradan götürülməməsi, pasportla təmin edilməməyim, eləcə də polis təqiblərinə məruz qalmağım qanunsuz olmaqla yanaşı mənim hərəkət və fəaliyyət imkanlarımı məhdudlaşdırır. Xahiş edirəm baş verən qanunsuzluqların aradan qaldırılması, ölkədən çıxışıma olan qadağanın aradan qaldırılması, pasportla təmin edilməyim və polis təqiblərinin dayandırılması ilə bağlı qanun çərçivəsində ölçü götürülməsi üçün müvafiq addımlar atasınız”.

azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Trampın qızı Bakıya gəlir – Tarix açıqlandı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: