Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhkəmədə Xaləddin İsgəndərovun 22 milyonluq maxinasiyasının üstü açıldı

Binəqədinin icra başçısı iş adamını müflis edib; Miryusif Mahmudov: “MTN-dən çıxarılanda sevindim”

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə hazırlıq iclası davam etdirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış ediblər.

“Yanğın 27 saniyə ərzində baş verib”

“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs adı çəkilən şirkətin təsisçisi olaraq 50 faiz paya sahibdir. Vəkil deyib ki,digər pay sahibi isə Hüseynbala Əlizadədir. Lakin yalnız M.Mahmudov istintaqa cəlb olunub.

Vəkil qeyd edib ki, istintaq zamanı təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdikləri qeyd edilib, lakin bunu sübut edən fakt yoxdur: “Bu şəxslər bir-birini tanımır. Bunlar həbsxanada tanış olublar. Təqsirləndirilən şəxslərin və müvəkkilimin digərləri ilə tanış olmasını sübut edən heç bir fakt cinayət işinin materiallarında göstərilməyib.

Biz istintaqa müqavilə təqdim etmişik. Həmin müqavilədə göstərilir ki, binanın üzlənməsi sifarişini Binəqədi Rayon İcra Hakimiyyəti verib. İcra hakimiyyəti istəyib, bu şirkətdə yerinə yetirib. “Global Construction” MMC şirkəti binaların üzlənməsi üçün material istehsal etmir. Bu material Türkiyədən alınır. Şirkət sadəcə üzlüklərin binalara vurulması safarişini yerinə yetirir”.

Vəkil onu da bildirib ki, binaların üzlənməsi üçün istifadə olunan materialın çətin yanan material olması ilə bağlı FHN tərəfindən protokol da var: “Protokolda qeyd edilir ki, bu material çətin yanandır və istifadəsinə icazə verilib. Ancaq FHN və bəzi qurumlar materialın əvvəlcədən yoxlanılmadığını deyir. İstintaq zamanı ekspertiza təyin olunub və verilən bu protokol ekspert qrupu tərəfindən guya yoxlanılıb. Maraqlıdır ki, elə bu protokolu imzalayanlar özləri ekspertizaya rəhbərlik edib və bu dəfə fərqli bir rəy veriblər. Bu necə mümkün ola bilər? İstintaq materiallarında göstərilir ki, yanğın 27 saniyə ərzində baş verib. Səbəb olaraq da binaya bitişik olan tikilinin yanında olan zibilliyin alışması göstərilir.Bunun günahkarı təbii ki, üzlüyü vuran şirkət deyil”.

“Binanın üzlənməsinə görə şirkətə 22 milyon ödənilməyib”

“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun 4 şirkətinin olduğunu söylən vəkil deyib ki, o, heç bir şirkətinə birbaşa rəhbərlik etməyib: “Miryusif Mahmudovun şirkətlərinin hər birinin direktoru, mühəndisləri var. Onun hər bir şirkətə şəxsən rəhbərlik etməsi mümkün deyil. Əgər o, təsisçi kimi istintaqa cəlb olunursa, digərləri niyə kənarda qalmalıdır?

Məlumat üçün onu da əlavə edim ki, müvəkkilim yanğın baş verən binanın və Binəqədi rayonu ərazisində yerləşən bir neçə binanın üzlənməsinə görə şirkətə ödənilməli olan 22 milyon manatı ala bilməyib. Bunun nəticəsi olaraq da Miryusif Mahmudov müflisləşib”.

Vəkil M.Mahmudov barəsindəki cinayət işinin təqibinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Təqsirləndirilən Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs işə başlayanda artıq yanğın baş verən binanın üzlənməsi üçün müqavilə imzalanmış olub: “Müvəkkilim nə müqavilədən, nə də görülən işdən xəbərdar olub. Binada görülən işlərdən sonra təhvil almaişində də iştirak etməyib. Həmçinin digər təqsirləndirilən şəxsləri də əvvəlcədən tanımayıb”.

Vəkil Ə.Rəcəbov barəsindəki cinayət işinin təqibinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Digər təqsirlənbdirilən “QlobalStone” MMC-nin baş direktorun müavini Uğur Bəşirovun vəkili Cavid Rzazadə çıxışında qeyd edib ki, istintaq zamanı U.Bəşirovun hüquqlarını müdafiə etməsi üçün şərait yaradılmayıb və onun cinayət işinin materialları ilə tanışlığına imkan verilməyib: “Müvəkkilimdən ifadə alınarkən mənim iştirakım olmayıb. O, digər vəkillərindən imtina edərək mənimlə müqavilə bağlayıb. Ancaq iş məhkəməyə göndərilənə qədər mənim Uğur Bəşirovla görüşüm təmin edilməyib. Mən yalnız indi cinayət işinin materialları ilə tanış oluram. Bu isə təqsirləndirilən şəxsin hüquqlarının kobud şəkildə pozulmasıdır”.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsindəki cinayət işinin təqibinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Təqsirləndirilən “Global Construction” MMC-nin idarə heyətinin sədr müavini kimi olaraq göstərilən Ələkbər Əsgərovun vəkili Elvin Səlimov çıxışında söyləyib ki, müvəkkili istintaq materiallarında göstərildiyi kimi şirkətin faktiki idarəçisi olmayıb: “Ələkbər Əsgərovun şirkətin faktiki olaraq idarəçisi olmasını istintaq materiallarında sübut edən heç bir fakt yoxdur. Müvəkkilimin istintaq zamanı hüquqları pozulub. Ondan əvvəlcə şahid qismində 5 dəqiqə, sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə alınıb. Vəkil olaraq ifadəsi alınarkən onun yanında olmamışam”.

Digər təqsirləndirilən şəxslərin də vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslər barəsindəki cinayət işlərinin təqibinə xitam verilməsi və onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

“Binanı üzlədiyimiz materialla öz evimi, qızımın evini üzləmişəm”

“Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov vəkillərin vəsatətləri ilə razı olduğunu deyib və özünü günahkar bilmədiyini söylədib: “13 aydır günahsız yerə Kürdəxanıda yatırıq. Mən və burada olan digər şəxslərin əlbir olduğumuzu, bu əməli törətdiyimizi deyirlər. Yanımda əyləşənlərdən birinin əlində qələm, dəftər gördüm. Vəkil olduğunu düşündüm. Kim olduğunu soruşanda bildim ki, o da həbs olunub. Axı biz necə əlbir ola bilərik?

Bina yanarkən 30 MTN əməkdaşı şirkətdə yoxlama apardı. Məni MTN-ə apardılar. Oradan isə prokurorluğa. MTN-dən çıxarılanda sevindim ki, prokurorluqda bu iş doğru araşdırılacaq. Ancaq istintaqçılar elə bir iş ortaya qoydular ki, buna yalnız təəssüf edirəm. Hamımız insanıq, qəza ola bilər, başımıza iş gələ bilər. Ancaq gərək bu düzgün araşdırılsın. Lakin mən və digərlərinin işi ədalətsiz şəkildə aparıldı.

Mən hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, binanı üzlədiyimiz materialla öz evimi, qızımın evini, 60 nəfərin çalışdığı şirkətimin binasını üzləmişəm. Niyə biz bu qədər insafsız idik ki, təhlükəli materialla binanı üzləyək? Mən bu günə qədər bircə dəfə də olsun polislə üz-üzə gəlməmişəm, axı bizi niyə günahsız yerə 13 ay istidə həbsdə saxlamalıdırlar. Heç birimiz qaçmırıq. Xahiş edirik, vəsatətlər təmin olunsun, biz də işin ədalətli şəkildə araşdırılması üçün əlimizdən gələni edək. Biz dövlətimizə, millətimizə xidmət etmiş insanlarıq.
Məhkəmə prosesi iyunun 29-da davam etdiriləcək.

Məlumat üçün bildirək ki, bina üzlənərkən və yanğın baş verərkən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bu addım hər hansı hakimiyyət əxlaqına sığmır”

%d bloqqer bunu bəyənir: