Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Məhkəmə Xədicə İsmayılın vəkilinin şikayətini “icraata götürməyib”

Jurnalist Xədicə İsmayıl və müdafiəçiləri ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar verilib, vəkil Yalçın İmanov BBC Azərbaycancaya deyib.
Hüquq müdafiəçisi bildirib ki, qanunla tənzimlənən qərar 4 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilib və məxfi olduğuna görə qərarın məzmunu açıqlanmır.
Bu haqda Yalçın İmanov, özünün dediyinə görə, Xədicə İsmayıl ilə görüşdən öncə və sonra üzərinə, həm də sənədlərinə “axtarış və senzura tətbiq olunması” ilə bağlı şikayətinə görə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə xəbər tutub.
Xətai Rayon Məhkəməsi “səbəb göstərmədən şikayəti icraata qəbul etməkdən imtina edib”, o deyir.
Cənab İmanovun dediyinə görə, məhkəmədə iştirak edən 4 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Vaqif Əyyubov vəkilin suallarını cavablandırarkən bildirib ki, onlarda “əməliyyat məlumatları olur və bunun əsasında da Xədicə İsmayıl və müdafiəçilər yoxlanılır.”
Hüquq müdafiəçisi məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb. “Ondan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəm”, o əlavə edir.
Vəkilin sözlərinə görə martın 18-də, jurnalistlə görüş zamanı kağız üzərində apardığı qeydlər 4 saylı cəzaçəkmə müəssisəsi tərəfindən götürülüb və bu günə qədər geri qaytarılmayıb. Səbəb kimi müəssisə bildirib ki, vəkil kağızda digər məhkuma aid hansısa qeyd aparıb.
“Hansı ki, orda elə bir söhbət yox idi. Həmin gün axtarışda mənim corabımın içinə qədər yoxladılar və sonda protokol tərtib etdilər. Onun əsasında mənim barəmdə Vəkillər Kollegiyasına müraciət etdilər”, vəkil hazırda Kollegiyada onun barəsində intizam icraatına başlanıldığını deyir.
Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən mövqe almaq mümkün olmayıb.
“Qanunsuz və əsassız”
Hüquq müdafiəçisi bildirir ki, 4 saylı cəzaçəkmə müəssisəsinə daxil olanda və çıxanda onun üzərinə və sənədlərinə “mütəmadi uzun və yorucu axtarış” aparılır və “bütün sənədlər sözbəsöz oxunaraq sözlərin mənası soruşulur”.
Vəkil əlavə edir ki, hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl da vəkili ilə görüşə gələndə “eyni prosedura məruz qalır.”
“Hətta o görüş arası ayaqyoluna gedib qayıdandan sonra da yenidən yoxladılar”, Yalçın İmanov bildirir.
Bununla bağlı vəkilin Ombudsman aparatına və Penitensiar Xidmətə etdiyi yazılı müraciətə cavabda onun “yoxlanılmaya məruz qala bilməsi” qeyd olunub bunu “nəzərə alması xahiş olunub.”
“Bu cəzaçəkmə müəssisəsinə gələn və ünsiyyətdə olduğum digər vəkillər deyir ki, onlara bu prosedur tətbiq olunmur. Cəzaçəkmə müəssisəsinə girişdə qadağan olunmuş əşyalar var ki, ancaq onların olub-olmaması yoxlanılmalıdır və o da varsa girişdəki aparatda göstərir”, vəkil Yalçın İmanov “şəxsi və sənədlərinin” axtarışa məruz qalmasını “qanunsuz və əsassız” hesab edir.
Cənab İmanov deyir ki, bu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun nəzərdə tutduğu vəkillərin konfidensiallığı və yazışma sirrinə müdaxilə edilməməsi haqqında 1 və 7-ci maddələrin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsinin, dövlətin konvensiyaya əsasən hüquq pozuntusu ilə bağlı məhkəməyə müraciət etmiş şəxslərin hüququnun səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmayacağına dair götürdüyü öhdəliyin pozulmasıdır.
Bunları müdafiə hüququnun pozuntusu hesab edən vəkil Yalçın İmanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən məhkəmə nəzarəti qaydasında şikayət edib. Şikayətə Xətai Rayon Məhkəməsində baxılır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Elmar Məmmədyarov ATƏT-i Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb

%d bloqqer bunu bəyənir: