Loading...
Loading...

Məhəmməd Hatəmi Tantəkin – unudulan adam

Xaliq Bahadır

Yanılmıramsa, Məhəmməd bəylə ilkin tanışlığım dəniz qırağındakı “Nu, poqadi” çay evindən (Azneft meydanının yaxınlığında) başlayır. Biz o çağın, 80-ci illərin sonlarının, aydınları olaraq bir sıra bəlli çay evlərində yığışırdıq. Ən çox da “Nu, poqadi” də. Bu gün də satılmışlığı, rejimə yarınmaqlığı ilə tanınan çox ünlü bir “xalq yazıçısı” sonralar bizi “çayxana siyasətçiləri” adlandırmışdı.

Batı dünyasında siyasi partiyalar başda olmaqla bir çox sosial-siyasi qurumlar başlanğıcını pivə-barlardan götürür, Doğu dünyasında çay evlərindən. Burada anormal nə var? Ingilis yazarı Kiplinq demiş: “Batı Batıdır, Doğu Doğudur”. Batıda yaşayış prinsipləri başqadır, Doğuda başqa. Sosial-siyasi çalışmalarsa, bəlli olduğu kimi, hər hansı toplumun üzləşdiyi, içində olduğu gerçəklikdən qaynaqlanır.

Hə, biz də xalqımızın üzləşdiyi yeni erməni aqressiyası, qarşılaşdığımız bir çox sorunlarla bağlı çay evlərində yığışırdıq. Bir daha demək gərəkir: orada o çağlar ən dəyərli aydınlar toplaşırdı. Indi onların çoxu dünyasını dəyişib. Onlar o çağlar üçün bacardıqlarını etdilər. O çağın indiyədək sağ qalan başlıca aydınlarından biri Elmlər Akademiyasında çalışan Məhəmməd Hatəmi idi. Məhəmməd bəyin bu gün Akademiyada çalışan Bəxtiyar Tuncay başda olmaqla o çağkı gənclik üzərində böyük etkisi vardı. Buna görə də Məhəmməd bəy harda olsaydı orda çoxlu aktiv gənclik görmək olardı. Elə o gəncliyin gücünə də Məhəmməd bəy o çağın bir sıra gərəkən işlərini gördü. O bəlli işlərə görə Məhəmməd bəyi hələ də qınayanlar var. Çox gərəksiz yerə. Hər çağın özünə görə ertələnməyəcək, çağındaca görüləcək işləri var – Məhəmməd bəy özünün enerjili gənclik komandasıyla o işləri gördü. Buna görə ona yalnız alqış düşür.

Məhəmməd bəy bizdəki bir sıra düşük siyasilər kimi Ulusa, Ölkəyə sevgisini qışqıran, car çəkənlərdən deyil. O, bu Ölkənin düz yollu kimsələrindəndir; belələri özünü gözə soxmağa, mələk kimi tanınmağa, sevgisini qışqırmağa gərək görməzlər. Ruminin “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” prinsipi anadangəlmə belələri üçündür. Mən Məhəmməd bəydə davakarlıq da görmüşəm, hərdən bir elə yerinə düşməyən aqressivlik də. Ancaq onda yolundan-idealından azacıq da olsa sapma, yoluna-idealına azacıq da olsa dönüklük görməmişəm. Azərbaycan adına çay evinə yığışan aydınların hamısı yolu sonadək gedə bilmədi. Kimisi pula-görəvə satıldı, kimisi sındırıldı, kimisi də sonadək getmək çətinliyinə dözməyərək eləcə yolunu dəyişdi. Bizim aramıza KQB çoxlu agent-“aydınlar” yeritmişdi – bu da get-gedə, dönəm-dönəm özünü göstərdi. Məhəmməd bəy bugünədək aşınmaz-paslanmaz metal kimi qalan kişilərdəndir!
Iş elə gətirib, biz Məhəmməd bəylə Bayılda türmə yoldaşı da olmuşuq. Bayılda, 101 nömrəli kamerada! Indi nə Bayıl var, nə də o 101 nömrəli kamera, ancaq bizim o günlər, o çağlarla bağlı unudulmaz anılarımız var. Biz onda birlikdə xalqımız üçün çalışırdıq, xalqımızsa o çağlar bizə ulusal bahadırlar kimi baxırdı. Onda az qala bütün ölkə bizim arxamızca Bayıla daşınırdı. Adına türmə deyilən yerin siyasət adamları üçün ayrı yeri var: gecə-gündüz danışmalar, dartışmalar, götür-qoylar, konseptual düşüncələr, strateji planlar… Necə oldusa, Məhəmməd bəylə mənim aramda siyasi dartışma axarında konflikt yarandı. Bu konflikt bir-birini dindirməməyədək gedib çıxdı. Sonralar da biz elə o konflikt üzündən illərlə görüşmədik. Burada yalnız ideya-baxış toqquşması deyil, xarakter-prinsip toqquşması da vardı. Məhəmməd bəy dediyindən, prininsiplərindən dönməyən kimsələrdəndir. Bu baxımdan toqquşma da, barışmazlıq da qarşılıqlı idi. Indi Məhəmməd bəyin 80 yaşı olur. Mən bu yazını ona böyük, sarsılmaz ideya dostu olaraq yazıram. Belələri ideya dönməzliyi ilə Ölkəmizə – bizə çox gərəkdir – örnək kimi!

Biz türmədə olanda Qırmızı xaçdan gəldilər, Güney Azərbaycandan gəlmə olduğundan Məhəmməd bəyi istənilən ölkəyə apara biləcəklərini dedilər. Məhəmməd bəyinsə sözü bir oldu: “Bura mənim ölkəmdir, burdan heç yana gedən deyiləm”. O indi də bu ölkədədir. Fəlsəfə doktoru olaraq 180 manatlıq pensiya ilə dolanır. Ah, sevimli Ölkəm! Keçmişin rüşvətxor prokuroru Akademiyanın Fəlsəfə institutunda özünə, arvadına, qızına pulla doktorluq düzəldib… yüksək aylıq alır, Məhəmməd Hatəmi, onun kimilər 180 manatla dolanmalı olur: axı, bu hakimiyət bizim hakimiyət deyil! Belə siyasi gerçəkləri gözəl bildiyindən Məhəmməd bəy dolanışıq dözülməzliyinə yenilməyən kimsələrdəndir, dönməz kişilərdəndir!..

P.S. Yazı 2015-ci ilin iyulun 22-də dərc edilib.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

“Cib müxalifəti”nin “Ağdaş aşırımı”: İqbal Ağazadəyə hədiyyə olunan mandat

Loading...
%d bloqqer bunu bəyənir: