Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
265674

Məğlubiyyəti başqa yerdə axtaranların MENYUsuna

Dünən Azərbaycan Premyer Liqasında baş tutan “Qarabağ” – “Qəbələ” oyunu gözlənildiyi kimi, dramatikliyi ilə seçildi. Lakin sözün düzü, dünənki hadisələr nəzərdə tutduğumuz dramatikliyin pik formasında cərəyan etdi.

Azərbaycanın hazırda 2 ən güclü klubu meydandadırsa və üstəlik, komandaların xalları bərabərdirsə, tərəflərin bir-birinə güzəşt etməyəcəyi əvvəldən bəlli idi. İlk hissə yaxşı getdi. Hər şey öz qaydasında, öz axarında idi. Lakin hadisələr II hissədə dəyişdi. Hazırda hamı Rəhim Həsənovun son dəqiqələrdə “Qəbələ”nin qapısına 11 metrlik penalti təyinatından, uzatma dəqiqələrini çox oynatmasından danışır.

Uzağa gedənlər də var. Məsələyə iyrənc şəkildə dini prizmadan – sələfilik nöqteyi nəzərindən yanaşırlar. Ay Rəhim Həsənovun saqqalı çatmadı, ay nə bilim nə?!

Xatırlatma yerinə düşər. Yəqin ötən aykı “Qəbələ” – “Qarabağ” oyunu yaddan çıxmayıb. VII tur çərçivəsində baş tutmuş matçda qalib gələn “Qəbələ”, baş hakim isə məhz Rəhim Həsənov idi. Əlinizi vicdanınızın üzərinə qoyub deyin. Rəhim Həsənov oyunu necə idarə etmişdi? Və necə “Qəbələ” qələbə qazanmışdı? Təbii ki, “Qəbələ” həmin oyunda ehtiyat heyətlə meydana çıxan “Qarabağ”ı öz azarkeşləri önündə yenməyə borclu idi ki, bunu da bacarmışdı…

Klub rəsmiləri məğlubiyyətdə bütün günahı hakimlərdə görür. İlk narazılıq penalti ilə bağlıdır. 84-cü dəqiqədə Dino Ndlovunun ötürməsi düz Rəhim Həsənovun gözləri önündə baş verdi. Top əvvəlcə Vitali Vernidubun başına, sonra əlinə dəydi. Belə epizodda qərarı dəyərləndirmək baş hakimin ixtiyarına verilir. Deməli, biz FİFA referimizin verdiyi qərarı müzakirəyə çıxarmaq imkanından məhrumuq.

Rəhim Həsənovu ittiham edənlər Rişard Almeydaya verilən qırmızı vərəqəni görməməzlikdən gəlirlər. Braziliyalının başı Filip Ozobiçə dəyəndə artıq Rəhim Həsənov birbaşa qırmızı vərəqə çıxarmalı idi. Qərəzli olan hakim də son dəqiqələrdə “Qarabağ”ı azlıqda saxlayardı?

Oyunun bu qədər uzanmasına da aydınlıq gətirək. Rəhim Həsənov 4 dəqiqə oyuna vaxt təyin etmişdi. Qırmızı vərəqə verilən epizodda vaxt nə qədər uzadıldı? 2 dəqiqədən bir qədər çox. Bəli, Rəhim Həsənov oyunu erkən bitirməli idi. Uzağı daha 2 dəqiqə əlavə etməklə. Lakin bu da onun qərəzli yanaşmasından xəbər vermir. Biz özümüzü hakimin yerinə qoyaq. Tutalım ki, Həsənov həmin gün “Qarabağ”ın yanında idi. Belə situasiyada hakim 10 futbolçu ilə qalmış komandanın məğlub olmaması üçün oyunu vaxtında bitirər. Ancaq Həsənov vaxtı çox oynatmaqla, digər yandan say üstünlüyü olan “Qəbələ”nin qol vurmasına şərait yaratmış oldu. Hansı hakim inana bilərdi ki, 10 nəfərlə qalmış “Qarabağ” son dəqiqədə qol vurar?

Əslində burdan belə qənaətə gəlmək olur ki, “Qəbələ” futbolçuları son dəqiqələrə kimi oynamağı bacarmır. Biz bunu Avroliqa oyunları zamanı da müşahidə etmişik. Öndə olduqları matçda bu komanda üstünlüyü qoruyub saxlaya bilməyib. “Anderlext”in son dəqiqələrdə vurduğu 2 qolu hansı hakimin ayağına yazmalıyıq? Futbolçu hər situasiyaya sonadək hazır olmalıdır…

“Qəbələ” rəsmilərinin bu məğlubiyyəti belə əsəbi şəkildə qarşılamasını anlamaq olur. “Anderlext” və “Qarabağ”la oyunlarda son dəqiqədə buraxılan qollarla məğlubiyyət istənilən adama pis təsir edər. Ancaq deyən yoxdur ki, bu qələbənin memarı Qurban Qurbanovdur. 70 və 75-ci dəqiqələrdə Əfran İsmayılov (ötürmə) və Dino Ndlovunun (penaltiyə səbəb olma + qol) qollarda iştirakı məşqçi əvəzetmələrinin nəticəsi idi. Bir hakimi söyəndə bir də Qurbanovun bu matçda heç bir dəyişikliyə getməyən Roman Qriqorçuku məğlub etməsini də deyin.

P.S. “Qəbələ” rəsmiləri üzülməsin. Dünənki oyunda onların da komandaları yaxşı oynadılar. Hələ tərəflər cari mövsüm azı 2 dəfə üz-üzə gələcək. Səhvlərdən nəticə çıxarılsa, “Qəbələ”nin qisası baş tutar.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanlı hakim azarkeşi “razborka”ya çağırdı – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: