Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Londonun ilk müsəlman meri – “xuliqan yuvası”ndan çıxan siyasətçi

Londonda keçirilən mer seçkisində Leyborist Partiyasının namizədi – Pakistan əsilli Sadiq Khan qalib gəlib. Britaniya paytaxtına qarşıdan gələn dörd ildə rəhbərlik edəcək bu şəxs haqqında nələr məlumdur? İndiyədək Khan bütün maneələrə baxmayaraq həmişə qalib gəlib. London meri seçilməsi onun növbəti qələbəsidir.

Şəxsi məlumat

Yaş: 45

Ailə vəziyyəti: evlidir, iki qızı var

Siyasi mənsubiyyəti: Leyborist Partiyasının üzvü, Britaniya Parlamentinin millət vəkili

Əmək fəaliyyəti: insan haqları sahəsində hüquqşünas işləyib, “Liberty” ictimai fondunun sədri olub

Sadiq Khan – Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir. Valideynləri Amanullah və Sehrun Britaniyaya Pakistandan 1960-cı illərdə, onun doğulmasından az əvvəl mühacirət ediblər. O yeddi oğlan və bir qız uşağı olan ailənin 5-ci övladıdır. Atası 25 il müddətində avtobus sürücüsü işləyib, Sadiqin dediyinə görə pis qazanmayıb.

Sadiq Xan xanımı Saadiyə Əhmədlə

Ailə Londonun cənub-qərbindəki balaca bir evdə yaşayırdı. Sadiq qardaşları ilə buradakı yerli Ernst Bevin orta məktəbinə gedirdi. Bu məktəbi “xuliqan yuvası” kimi tanıyırdılar. Sadiq qardaşlarından biri ilə ikiqat çarpayının üst qatında yatırdı. O ailə evini 20 yaşınadək tərk etməmişdi.

Lakin artıq orta məktəbdə oxuyarkən Sadiq siyasətlə maraqlanmış, 15 yaşında Leyborist Partiyasına üzv olmuşdu. O bacarıqlı şagird idi. Futbola, boksa və kriketə böyük marağı vardı.

Ailədə uşaqları İslama hörmət ruhunda böyüdürdülər. Sadiq özünü müsəlman hesab edir və inancının onun üçün çox mühüm olduğunu vurğulayır. Özünün yeni mer kimi ilk çıxışında Sadiq Khan atasının ona Məhəmməd peyğəmbərin kəlamlarını necə öyrətdiyindən söz açıb. Məktəbdə oxuyarkən o diş həkimi olmaq istəyirdi və ona görə də bütün gücünü riyaziyyat və fizika fənlərinə vermişdi. Lakin siyasətə erkən maraq onu hüquqşünas karyerası barədə düşünməyə vadar etmişdi.

Khan deyirdi ki, o və qardaşları dəbdəbəli Chelsea və Wimbledon stadionlarına gedəndə, tez-tez öz ünvanlarına irqçi təhqir eşidirdilər. O danışırdı ki, məhz bu səbəbdən futbola evdə baxmaq daha təhlükəsiz idi. O “Liverpool” klubunun azarkeşi idi.

O Şimali London Universitetinə daxil olmuş, bundan sonra Christian Fisher firmasında insan haqları sahəsində iş təcrübəsi keçmişdi. Elə həmin vaxt Saadiyə Ahmedlə evlənib. Maraqlıdır ki, o da hüquqşünas idi və avtobus sürcüsünün qızıydı. Onların Anisah və Ammarah adında iki qızları var. Cəmi üç ildən sonra Sadiq həmin firmanın partnyoru olmuş, Tooting dairəsinin yerli şurasına üzv seçilmişdi.

O, 2005-ci ildə həmin dairədən Britaniya parlamentinə üzv seçilib. Həmin il o parlamentə düşən milli azlıq deputatlarının 5-dən biri idi.

Parlaq çıxışlar

Parlamentin aşağı palatasına seçildikdən iki ay sonra o, 7 iyul London partlayışları ilə bağlı parlaq çıxışları ilə yadda qalmışdı. Həmin vaxt London metrosunda və avtobusda partlayışlar törədilmişdi.

Sonrakı illərdə Sadiq Khan vətəndaş azadlıqlarının müdafiəsinə qalxmış, hökumətin kimlik vəsiqələri tətbiq etmək planlarına qarşı çıxmışdı. O, habelə Tony Blair-in terror şübhəlilərinin ittihamsız olaraq saxlandıqları müddəti 90 günədək artırmaq planlarının əleyhinə çıxış etmişdi.

Maraqlıdır, görəsən, baş nazir Cameron kimə səs verib?

Tony Blair-in istefasından sonra Khan leyborist partiyasının rəhbərliyində Ed Ball və Gordon Brown-la birlikdə mərkəzçi mövqe tutub.

2009-cu ildə Sadiq Khan leyborist hökumətində nəqliyyat naziri təyin edilmişdi. O, hökumət kabinetində ilk müsəlman nazir idi. Həmin vaxt parlamentdə cəmi 4 müsəlman millət vəkili vardı.

2010-cu ilin seçkilərində Khan parlamentdəki mandatını böyük çətinliklə qoruya bilmişdi, belə ki, son 13 ildə leyboristlər ilk dəfə idi seçkini uduzurdular.

Həmkarlar hərəkatı ilə əl-ələ

Sadiq Khan namizədliyini verərkən əsas ümidini həmkarlar ittifaqlarına bağladığını demişdi və bu həqiqətən də ona xeyli səs qazandırıb.

Lakin bundan bir qədər əvvəl o, leyboristlərin yeni lider seçkisində Ed Milliband-in seçki kampaniyasını aparmışdı.

Bundan sonra onu kölgə hökumətində ədliyyə naziri təyin etmişdilər.

Leyboristlərin 2015-ci il seçkisində məğlubiyyəti və Ed Milliband-in istefası Sadiq Khanın karyerasına son qoymayıb. Həmin seçkidıən az sonra o, London meri seçkisinə namizədliyini irəli sürəcəyini elan etmişdi.

Bu seçki kampaniyasında onun rəqibi Mühafizəkar Partiyadan Zac Goldsmith idi.

Seçki mübarizəsində, xüsusən də onun son mərhələsində Sadiq Khan üçün xeyli çətinlik yaranmışdı. Belə ki, onu terrorçularla əlaqədə, hətta onları məhkəmə qarşısında müdafiə etməkdə günahlandırırdılar.

(bbc azəri)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Atəşkəs uzadılır

%d bloqqer bunu bəyənir: