Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
lambard.jpg

Lombard işçisi: “İndi camaatda qızıl da yoxdur”

“Yüz manatlıq üzüyümə lombardda 50 manat verdilər. Hər ay beş faiz ödəyirdim. Neçə müddət ödədim. Axırda elə çətin vəziyyətə düşdüm ki, lombardın qoyduğu vaxtadək pulu ödəyə bilmədim, üzüyüm batdı”.

Beləcə, Sevda Məhərrəmovanın bəxt üzüyünü lombard “udub”. Ancaq çarəsizlikdən yenə yolunu lombarddan salmağa məcbur qalıb. Bu dəfə sırğalarını girov qoyub. Sırğaları daha qiymətli olduğundan, bu dəfə lombard 65 manat verib: “Həmin gün həyat yoldaşıma dərman alacaqdım, ancaq heç kim mənə o gün 70 manat vermədi. Evdə beş manat vardı. Oğlumun da maaşına hələ neçə gün qalırdı. Məcbur oldum, yenə lombarda getdim”.

Banklar kredit verməyi “sevmir”, lombardlarsa “soyur”

Sevda deyir ki, bir dəfə yolunu oraya salan, çətinə düşəndə yenə gedər. Sonunda səndən ötrü dəyərli əşyalar əlindən çıxsa da: “Mənim bir rəfiqəm vardı. O, üzüyünü, sırğalarını, qızıl saatını, boyunbağını qoymuşdu lombarda. Sonra məlum olmuşdu ki, həmin qızıllarını ona bənzər, ancaq o əyar və dəyərdə olmayan qızıllarla dəyişiblər. Kimə və necə sübut edəcəkdi ki… Bizi kimi adamların başqa əlacı yoxdur, ona görə lombarda gedirik”.

“Camaatın çarəsizliyindən yararlanırlar”

Lombarda qızıllarını qoyub pul götürməyə gələnlər də riskə getdiklərinin fərqindədirlər, amma başqa çarələri yoxdur:

– Girov qoyduğun qızıldan çox aşağı qiymətə pul verirlər. Bir də görürsən ki, qızılını qoyduğun ünvandan lombardı tapa bilmirsən, o qədər çətinlik var ki…

– Mən özüm bir-iki ay lombardın faizini ödəmişəm. Yenə ödəməyə davam edəcəkdim, ancaq lombard yoxa çıxmışdı…

– Camaatın çarəsizliyindən istifadə edirlər, fırıldaq gəlirlər. Ancaq adam məcbur qalır.

İqtisadçı: “Özbaşınalıqdır”

İndi Bakıda az qala hər küçədə, hətta zirzəmilərdə də lombardlar fəaliyyət göstərir. Axı indi lombard fəaliyyəti göstərmək asandır. 2002-ci ilədək lombardlara Mərkəzi bank həm lisenziya verir, işi tənzimləyir, həm də bu fəaliyyəti nəzarətə götürürdü.

Sonradan qanunlar dəyişdirilib. İndi bu sahə ilə məşğul olanlar, sadəcə, qeydiyyatdan keçib işə başlayırlar. Bankların daxilində fəaliyyət göstərən lombard xidmətləri də var. Ancaq lombardlar, banklardan fərqli olaraq, şəxsiyyət vəsiqəsindən və qoyulacaq girovdan başqa heç bir sənəd, iş yerindən arayış, ya da zamin tələb etmir.

Lombard (illüstrasiya)

Lombard (illüstrasiya)

İqtisadçı Rəşad Həsənovun fikrincə, lombardla bağlı qanunvericilikdə yetərincə boşluq var və bu, həmin sektorda özbaşınalığın həcmini artırıb:

“Belə bir şəraitdə vətəndaş, təbii ki, ciddi risklərlə üz-üzədir. Axı, demək olar, banklar indi kredit vermir. Belə olanda əhalinin üz tutacağı yer lombardlardır. Ancaq risklər çox yüksəkdir, çünki hər hansı bir lombardın girovu götürüb qısa müddətdə likvidləşdirərək, ölkəni tərk etməsinə heç bir maneə yoxdur. Lombardlarda girovlar 50 faiz dəyərində qiymətləndirilir. Bu fəaliyyətlə məşğul olan sahibkar 500 min dollar vəsaiti verməkdən ötrü 1 milyon dollarlıq qızıl yığa, onu qisa müddətdə 800 minə livkidləşdirib, ölkəni tərk edı bilər. Elə bu baxımdan lombardların fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə və nəzarət mexanizminin formalaşdırılmasına nail olmaq lazımdır”.

“İndi, deyəsən, camaatda qızıl da yoxdur”

Rəşad Həsənov deyir ki, bəzi lombardların saxlanc yerləri etibarlı deyil, yaxşı qorunmur.

Lombardda çalışan Kərim Əliyev lombardların vətəndaşları aldatması, yaxşı qorunmaması ittihamıyla razı deyil: “Hər şey sənəd, razılıq əsasında olur. Biz heç kimi heç nəyə məcbur etmirik. Mühafizə isə yüksək səviyyədədir. Adamla çox şey deyir. Ancaq biz işimizi yüksək səviyyədə qururuq”.

O, “Girovu 5-6 faiz qarşılığında veririk. Əgər qoyulan girov çox olsa, 4 faizlə veririk. İndi heç işlərimiz yaxşı gətirmir. Çoxu qızıllarını gəlib götürür, bir ara çox gəlirdilər, indi, deyəsən, camaatda qızıl da yoxdur”.

Deputat: “Problem bank sistemindədir”

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov problemin qanunvericilikdən deyil, bank sistemindən qaynaqlandığına inanır:

“Azərbaycan bank sistemində problemlər olduğundan, lombardlar fəaliyyətlərini genişləndiriblər. İnsanlar lombardlara daha çox üz tuturlar. Lombardlarda da adamları ciddi aldadırlar. Qiymətqoyma prinsipi həyata keçirilmir, qanunlara riayət olunmur. Ona görə də lombardların fəaliyyəti genişlənib. Elə eləmək lazımdır ki, insanlar ona lazım olan valyutanı bankdan alsın və lombardlara o qədər də ehtiyac qalmasın. Banklar aşağı faizlə vəsait versələr, daha çox insanın maraqlarını təmin etsələr, onda lombardlara da ehtiyac olmaz. Bu, müvəqqəti haldır, çünki bank sistemi ilə bağlı çox ciddi islahatlar gerçəkləşdirilməyə başlanıb. Ona görə banklar da bu vəziyyətdən istifadə edib insanlara kredit vermirlər. Amma indi Maliyyə Bazarına Nəzarət Palatasında bankların diaqnostikası tam yekunlaşdırılır və müəyyən qərarlar veriləcək. Yəqin ki, bir müddət sonra o problem aradan qaldırılacaq. Lombardların fəaliyyətinə gəlincə, ola bilər qanunda müəyyən boşluqlar var. O məsələyə də biz baxacağıq”.

“Bir ay vaxtım qalıb, qorxuram…”

Sevda Məhərrəmova isə növbəti ayın faizini lombarda ödəyəndən sonra dərindən nəfəs alır: “Bu ayı belə yola verdik, indi bir ay vaxtım qalıb. Qorxuram sırğalarım da əlimdən çıxsın”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Kolbasanın və balığın qiymətində bahalaşma gözlənilir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: