Loading...
Loading...

Kreml generallarını qiyam qalxmış Ermənistana göndərir…

İşğalçı ölkə siyasi təlatümlər zolağında; İrəvanda silahlı müxalifətçilərlə hakimiyyət arasında böhran dərinləşir; istefası tələb olunan Serj Sərkisyan polisləri 4 gündür girov saxlayan qiyamçılara vaxt qoydu; ölkədə siyasi terrorun “ayaq səsləri” eşidilməkdədir…

Ermənistanda, İrəvanın Erebuni rayonunda ötən bazar radikal müxalifətçilər tərəfindən post-patrul polku binasının ələ keçirilməsi ilə başlanan böhran qalır. Artıq dördüncü gündür ki, bir qrup polis girov saxlanmaqda davam edir. Müşahidəçilər Ermənistanda siyasi çalxalanmanın artıq başlandığı qənaətindədirlər.
Son məlumatlara görə, “Qarətə yox!” adlı təşəbbüs qrupunun ötən gecə güclü polis mühasirəsinin qarşısına çıxan və radikal müxalifət lideri Jirayr Sefilyanın azad olunmasını tələb edən tərəfdarlarının sayı səhərə yaxın azalıb. Lakin nümayişçilər dünən də qiyamçılara qarşı silah tətbiq edilməsinə qarşı aksiya həyata keçiriblər. Etiraz aksiyasının iştirakçıları bütün siyasi məhbusların azad olunmasını, o cümlədən iyulun 17-də saxlanılan müxalifətçilərin azadlığa buraxılmasını tələb ediblər.
Bundan başqa, aksiya iştirakçılarının dilindən “Serj, rədd ol!” şüarları də səsləndirilir. Nümayişçilər həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hakimiyyətin apardığı siyasətə etiraz bildiriblər.
***
Bu arada hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistan polis rəisinin müavini Unan Poqosyan qarşısında aksiya iştirakçılarının tələblərini sadalayıb. Onun sözlərinə görə, nümayişçilər qiyamçılara qarşı silah tətbiq edilməməsini, habelə Jirayr Səfilyanın azad olunmasını tələb edirlər.
General Unan Poqosyan etirazçılar qarşısında çıxış edərək, tutulan şəxslərin azad olunacağına və onlara qarşı zor tətbiq edən polislərə qarşı xidməti təhqiqat başlanacağına söz verib. Poqosyan habelə, nümayişçiləri polislərə qarşı aqressiv davranmamağa çağırıb və polislərin insident zamanı  döyüş yoldaşlarını itirdiklərini xatırladıb. O, danışıqların davam etdirildiyini və “güzəşt variantının ikitərəfli olmalı” olduğunu da söyləyib.
Qeyd olunur ki, nümayişçilərin tələblərinin bir qismi artıq yerinə yetirilib. Belə ki, “Tseqarqon” partiyasının lideri Şant Arutunyanın oğlu Şaqen azad olunub. Daha sonra aksiya Azadlıq meydanında davam edib.
***
Dünən – qiyamın üçüncü günü girovların azad olunması üçün Erebuni rayonuna əlavə polis qüvvələri cəlb edilib. Bundan duyuq düşən Azadlıq meydanındakı nümayişçilərin bir qismi oraya yönəlib. Silahlı qrupun üzvləri isə bir daha təslim olmayacaqlarını bildiriblər və hücum olacağı təqdirdə sonadək mübarizə aparacaqlar.
Onlar hakimiyyətin dəyişdirilməsi və Jirayr Səfilyanın azad edilməsi tələblərindən geri çəkilməyəcəklərini bəyan ediblər.
Daha bir mühüm detal. Qiyamçılar öz hərəkətlərində ictimai dəstəyə arxalandıqlarını dönə-dönə bildirirlər. Yeri gəlmişkən, İrəvanda əksəriyyət üsyançılara qarşı silah işlədilməsinin əleyhinədir. Lakin polis polkovnikini itirən hökumət qüvvələri də uzun müddət bu vəziyyətlə barışa bilməz. Əks halda, Sərkisyan rejiminin zəifliyi haqda rəy güclənə bilər. Silah tətbiqi, binaya hücum isə etirazların güclənməsinə gətirəcək.
İstefası tələb edilən prezident Serj Sərkisyan baş verən insidentlə məhz belə bir qəliz duruma tuş gəlib. Onun durumunu daha da ağırlaşdıran başqa bir amil isə rəsmi İrəvanın Qarabağ məsələsində, nəhayət, konstruktiv mövqe tutmaq zorunda qalmasıdır. Əks halda, Qarabağda daha böyük müharibə qızışa bilər…
***
“Ermənistanda fövqəladə vəziyyət yaranıb. Silahlı üsyan var, qan tökülməsi ehtimalı var. Güc strukturlarının nümayəndələri əsassız güc tətbiq edərək vəziyyəti daha da gərginləşdirirlər”. Bunu “Birlik” partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yaydığı bəyanatda bildirib (virtualaz.org).
Bəyanatda daha sonra deyilir: “Belə bir vəziyyətdə artıq üçüncü gündür ki, baş nazir, parlament sədri və prezident susur. Dünyada elə bir başqa ölkə yoxdur ki, bu cür gərgin vaxtda ölkə rəhbərliyi xalqdan aralı dursun və sükutunu pozmasın. Prezident, parlament sədri, baş nazir, xalqla danışın, əks halda, sizin sükutunuz nə ölkənin daxilində, nə də xaricdə anlaşılmır”.
Qəzet çapa gedərkən üsyançılarla hökumət təmsilçiləri arasında danışıqlar davam edirdi. Son məlumatlarda deyilirdi ki, polis binasını ələ keçirən silahlı şəxslər yerli vaxtla axşam (dünən-red.) saat 19:00-adək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) tələblərinə cavab verməyə hazırdırlar. Bu barədə jurnalistlərə “Təsis parlamenti” müxalifət hərəkatının üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan məlumat verib.
Bununla belə, A.Yeniqomşyan MTX-nin əsas tələblərinin nə olduğunu açıqlamayıb. Onun sözlərinə görə, polis binasını ələ keçirənlər “Sasna tsrer” qruplaşmasının üzvləridir.
***
Bu arada – Ermənistandakı qiyam fonunda, Rusiya Silahlı Qüvvələrinin Operativ və Taktiki Baş İdarəsinin nümayəndə heyəti Ermənistana gəlib. Səfər iyulun 22-dək davam edəcək. Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat veriblər. Məlumatda bildirilir ki, səfər zamanı cari məsələlər, həmçinin Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşdirilməsi barədə razılaşmanın imzalanmaq üçün hazırlanması üzrə danışıqlar aparılacaq.
Kremlin öz generallarını həssas bir dönəmdə, üstəlik də Türkiyədəki uğursuz hərbi çevriliş cəhdindən dərhal sonra  Ermənistana göndərməsi təsadüfə oxşamır və heç şübhəsiz, başqa hədəflərə də hesablanmış ola bilər. İstisna deyil ki, Moskva bu yolla həm də forpost Ermənistanda hərbi ab-havanı, siyasi qüvvələr nisbətini öyrənmək və fors-major vəziyyətlərdə ən optimal çıxış yolunu dəqiqləşdirmək niyyətindədir.
Başqa versiyalar da var. İş ondadır ki, rus generalları özləri ilə imzalamaq üçün indiyədək naməlum olan “Ermənistan və Rusiya silahlı qüvvələrinin birləşmiş qruplaşması haqqında” adlı sənədi gətiriblər. Bu fakt siyasi dairələrdə ciddi narahatlığa səbəb olub və bəzi yerli ekspertlər hesab edirlər ki, Serj Sarkisyan ordunu da ruslara satıb.(musavat.com)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Son olaylar Türkiyənin Qarabağ probleminə təsir imkanlarını azaltmayıb”

%d bloqqer bunu bəyənir: