Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kreml Ermənistana vəd etdiyi silahları göndərməyə başladı

Rusiya vəd etdiyi 200 milyon dollarlıq kredit sazişi çərçivəsində Ermənistana silah göndərməyə başlayıb.

 ANS xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Areşev Ermənistan Müdafiə Nazirliyinə istinadla deyib..
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Avstriyanın «Die Presse» qəzetinə müsahibəsi zamanı münaqişə tərəflərinə – Azərbaycana və Ermənistana silah satışına embarqo qoyulmasını təklif etməsini şərh edən Areşev bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb ola biləcəyini vurğulayıb: “Sizə çox yaxşı bəllidir ki, münaqişə tərəflərindən biri (Azərbaycan – red.) daima niyyətinə çatacağına qərarlı olduğunu bildirir. Təbii ki, bu güc və hərb yolu ilə gerçəkləşdirilir. Ona görə də bu ideyanın uzunmüddətli perspektivdə ilk növbədə Ermənistanın milli təhlükəsizliyinə zəmanət baxımından nə dərəcədə konstruktiv ola biləcəyini deyə bilmərəm”.
Yəni Tiflisdə doğulmuş və milliyyətcə erməni olduğu bildirilən rusiyalı politoloq erməniləri Rusiyanın Azərbaycana silah satması ilə bağlı çox hay-küy qaldırmamağa, Ermənistana Rusiya daxili qiymətlərlə təklif edilən rus silahlarından imtina etməməyə çağırıb. Areşev Azərbaycanın kommersiya yolu ilə silahları istənilən ölkədən ala biləcəyinə diqqət yetirib:
“İsrail dəfələrlə Azərbaycana kommersiya qiymətləri ilə öz silahını satmağı təklif edib. Bu ölkənin əsas tərəfdaşı Türkiyə artilleriya, raket sistemləri, yaxın döyüş üçün nəzərdə tutulan silah növləri göndərir. Yəni biz hamımız gözəl anlayırıq ki, Türkiyə Bakıya silah göndərməkdən imtina etməyəcək”.
Ermənistan Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının son 1-2 gündə verdiyi ədəbaz bəyanatlardan da Rusiyanın kredit sazişi çərçivəsində silahları göndərməyə başladığını anlamaq olur. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin təchizat rəhbəri polkovnik Noryar Yolçuyan da ordunun heç bir təchizat probleminin olmadığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov müsahibəsində Ermənistan hərbçilərinin bu cür bəyanatlarını özünə təskinlik kimi dəyərləndirib: “Onsuz da Rusiya leqal və ya qeyri-leqal yollarla Ermənistana silah göndərirdi. Amma aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu çox zəifdir. 200 milyon dollarlıq silah nədir ki? Bizim İsraillə müqavilələrimizdən, bəlkə də, 20 dəfə azdır”.
Hərbi ekspertin sözlərinə görə, erməni hərbçilərinin və hərbi ekspertlərinin bu cür bəyanatları işğal edilmiş Azərbaycan ərazilərində zorla məskunlaşdırılmış insanlara ünvanlanıb:
“O insanlar erməni hərbçilərindən qat-qat məntiqlidirlər. Aprel döyüşlərindən sonra gördülər ki, Ermənistan ordusunun güclü olması barədə danışılanlar mifdir. Buna görə də Dağlıq Qarabağı tərk edirlər. Ermənistanda bundan çox narahatdırlar. Buna görə də Serj Sərkisyanla yanaşı baş nazir, nazirlər, hətta müxalifət liderləri Qarabağa səfər edərək aldadılmış əhalini sakitləşdirmək istəyirlər”.
Əslində, aprel döyüşlərində Azərbaycan öz hərbi potensialını tam açmadı, sadəcə, Ermənistan ordusunun Azərbaycan ərazisinə yeni hücumunun qarşısını aldı, düşmənin onlarla tankı vuruldu. Amma Azərbaycan həm də Ermənistan ordusunun real gücünü müəyyən edə bildi. Bu fikri Şuşanı işğal etmiş Ermənistan silahlı birləşmələrinin rəhbəri olmuş general Arkadi Ter-Tadevosyan da vurğulamışdı. Erməni general Azərbaycanın strateji mövqeləri ələ keçirməsinin kəşfiyyat xarakterli olduğunu, real hücumun isə qat-qat güclü olacağını bildirmişdi. Ermənistan ordusunun real gücünə bələd olan mülki əhali də İrəvan rəsmilərinin vədlərinə inanmır və öz başına çarə qılmağa çalışır.
Təbii ki, Azərbaycan münaqişənin dinc yolla, mülki əhaliyə heç bir zərər dəymədən həll olmasının tərəfdarıdır. Hər şey iki ölkə prezidenti arasında sabah Vyanada keçiriləcək görüşdən asılı olacaq. Əgər bu görüşdən sonra Ermənistan tərəfi yenə də loğva bəyanatlar verərək işğal edilmiş torpaqlardan çıxmaqdan imtina edəcəksə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi  seçməkdan başqa yolu qalmayacaq. Əksər hərbi ekspertlər, o cümlədən erməni ekspertlər də Azərbaycan ordusunun buna qadir olduğuna tam əmindirlər.
24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Müəllimin şagirdi zorlamasına görə kim məsuliyyət daşıyır? – Şamaxıdakı rüsvayçılığın pərdəarxası

%d bloqqer bunu bəyənir: