Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Krediti gecikdirən daha kredit ala bilməyəcək

Dünən Milli Məclisin payız sessiyasının ilk plenar iclasında “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən təqdim edilib. Onun sözlərinə görə, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərindədir. Z. Səmədzadə əlavə edib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.

Onun sözlərinə görə, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

“Qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır”, – deyə Z. Səmədzadə vurğulayıb.

Komitə sədri qeyd edib ki, kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.

Qeyd edək ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, kredit bürolarının yaradılmasına ehtiyac var. Bunu əsas gətirən spiker qanun layihəsinin qəbul edilməsinin vacib olduğunu vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq: “Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borc götürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir”. Sonda qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişləndirildi

%d bloqqer bunu bəyənir: