Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Konstitusiyaya əlavə və dəyişiklər xalqa nə verəcək, nəyi alacaq?

Azərbaycanda növbəti dəfə Konstitusiyaya əlavə və dəyişikliklər ediləcək. Artıq ikinci dəfədir ki, dövlət başçısının səlahiyyətlərinin artırılmasının reallaşacağı şübhə doğurmur.

Doğrudur, ölkədə rəsmən monarxiya rejimi qurulmur, ali qanun hələ də seçkilərin keçirilməsini deyir, ancaq bütün güc və inzibati resursların bir şəxsin əlində cəmləşməsi idarəetmənin rəsmən olmasa da, başqa formaya keçidini sürətləndirir.

Konstitusiyaya düzəlişlərdə prezidentə parlamenti buraxmaq, ona növbədənkənar prezident seçkisi təyin etmək yetkisi verilir.

Prezidentlik müddəti 5 ildən 7 ilə yüksəldilir, vitse-prezidentlər institutu yaradılır. Bütün bunların üzərinə mülkiyyət hüququnun da məhdudlaşıdırlmasını əlavə etsək, reallıq açıq-aydın ortadadır.

Hakimiyyətin və gücün bir şəxsin əlində cəmləşməsi, ona idarəetmədə əlahiddə hüquqların verilməsi ədalətlilik prinsipini sarsıda bilər.

“Dövlət mənəm..”

Nə üçün dövlətin digər strukturları icra hakimiyyətindən asılı olmalıdır? Belə olan halda, dövlət başçısına nəzarət, onun fəaliyyətini tənzimləyəcək metodlar necə işləyəcək?

Xalqın seçdiyi şəxs kimin qarşısında hesabat verəcək? Vətəndaşların seçdiyi Parlamentin çəkisi necə olacaq- oradakı millət vəkilləri kimin mənafeyini müdafiə edəcək-seçicilərinin, yoxsa konkret bir şəxsin?

Vitse-prezidentlərlə bağı əlavələr onu göstərir ki, bu postu tutan şəxslər təyinat yolu ilə vəzifəyə gətirilir və dövlət tərəfindən bütün üstünlüklərə yiyələnir. Onların təminatı üçün bütün xərclər dövlət büdcəsindən qarşılanır. Seçki yolu ilə vəzifəyə gəlməyən şəxs və ya şəxslərə dövləti idarə etmək səlahiyyəti verilir.

Digər tərəfdən, seçkili olmayan vəzifəli şəxslər Azərbaycan dövləti və hökuməti adından beynəlxalq müqavilələr bağlamaq hüququna malik olurlar.

Xalqın seçmədiyi bir şəxsin onu idarə etməsi və dövlətin adından çıxış etməsi mübahisə doğuran məqamlardan biridir. Birinci və digər vitse-prezidentlər bu əlahiddə hüquqlara malikdirlərsə, onlar xalqın seçdiyi parlament qarşısında hesabat verəcəklərmi?

Belə ki, təkhakimiyyətlilik parlament kimi siyasi-hüquqi bir institutun sıradan çıxması, dövlət idarəçiliyində etibarını itirməsinə gətirib çıxaracaq.

Referendumdan sonra belə bir vəziyyət yarana bilər: parlamenti xalq seçir, amma o xalqın iradəsini əks etdirmir, çünki istənilən an dövlət başçısı parlamenti buraxa bilər.

1995-ci ildən Azərbaycan Milli Məclisində yalnız hakim partiya qalib gəlib və qanunverci orqanda da təkhakimiyyətlilik olub. 2010, 2015-ci il seçkilərindən sonra Milli Məclis tamamilə “nəzarətə götürülüb” və müxalifət orada təmsil olunmur.

Referendumdan sonra isə Milli Məclis qanuni yolla bir şəxsin iradəsinə tabe olacaq.

Mülkiyyətin itirilməsi

Bu dəyişiklərin orta statistik vətəndaşın həyatına hansı təsiri olacaq?

Hüquqi dövlət quruluşlarında mülkiyyət qanunlarla təminat altında olur. İnsanların şəxsi mülkiyyəti isə müqəddəsdir, toxunulmazdır. İndki konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətin başlıca vəzifəsi hesab edir. Referenduma çıxarılacaq məsələlərdən biri də, mülkiyyət hüququnun məhdudlaşıdırlması ilə bağlıdır.

Konstitusiyanın 29-cu maddəsinə əlavə edilən məhdudlaşdırıcı əlavə vətəndaşların mülkiyyət hüququna ziddir. Belə ki, maddəyə əlavə edilən yeni “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” və “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” hissələri məhdudlaşdırıcı xarakterlidir.

Hazırda vətəndaşların pay torpaqlarını götürüb istifadəsiz saxlamaları ilə bağlı Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsində bu məsələ ilə əlaqədar müəyyən tədbirlər nəzərdə tutulub.

Bu isə vətəndaşın Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş, “əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir” hissəsi ilə ziddiyyət təşkil edir.

Bu hissədən də göründüyü kimi, mülkiyyətdə olan torpaqdan istifadə etmək vətəndaşın vəzifəsi deyil, hüququdur. Həmçinin yeni əlavədə, “torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” hissəsi maddənin IV hissəsində nəzərdə tutulmuş, “heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər” hissəsi ilə də ziddiyyət təşkil edir.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun qəbul olunanda hüquqşünaslar həyəcan təbili çalırdılar ki, layihədə Mülki Məcəllənin 157.9-cu maddəsi nəzərə alınmamaqla, “dövlət ehtiyacları” anlayışının həcmi süni olaraq genişləndirilmişdir ki, nəticədə daha artıq sayda mülkiyyətçilər gələcəkdə belə ehtiyac adı altında mülkiyyətini itirə bilər.

“Fiziki və əqli qüsurlu…”

Referenduma çıxarılacaq əlavələrdən biri, “fiziki və əqli qüsurlu” şəxslərin Konstitusiyada təsbit olunmuş bütün məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, təsbit olunmuş bütün hüquqlardan istifadə etmələri ilə bağlıdır.

Belə ki, bu qrup insan da digərləri kimi qanun qarşısında bərabərdirsə, onların sağlıq durumunu “qüsur” kimi göstərmək Konstitusiyaya ziddidr. Ekspertlərə görə, “fiziki və əqli məhdudiyyətli” daha müvafiq ifadə olardı.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

«Paşa Holdinq» bir az da böyüdü

%d bloqqer bunu bəyənir: