Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kimin cəsarəti varsa desin ki, hakimiyyət xalq üçün bu işləri görüb”

Tofiq Yaqublu: “Biz axı hakimiyyətə qarşı birgə mübarizə aparmayaq, səylərimizi birləşdirməyək?”

Müsavat Partiyasının Divan üzvü, başqan müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublunun 24saat.org saytına verdiyi müsahibəni təqdim edirik.

– Tofiq bəy, son zamanlar sizin təşəbbüsünüzlə AXCP və Müsavat funksionerləri arasında görüşlər keçirilir. Bu görüşləri keçirməkdə məqsədiniz nədir?

– Həm Müsavatda, həm də cəbhədə hamı dərk edir ki, biz bir yerdə olmalıyıq, mübarizə birgə getməlidir, qüvvə və səylər birləşdirilməlidir. Burada söhbət iki partiyanın mexaniki birləşdirilməsi və ya bir blokda birləşməkdən getmir. Əlbəttə, gələcəkdə bunlar istisna edilmir. Ancaq indilikdə məsələnin vacibliyi ondadır ki, biz səylərimizi birləşdirməliyik. Bu hakimiyyətə qarşı maksimum səmərəli mübarizə aparmaq lazımdır. Bunun üçün də, təmaslar başlayıb. Çox dərinə getmədən müzakirələr, fikir mübadiləsi aparırıq. Mənə elə gəlir ki, bu proses daha da dərinləşəcək. Yaxşı şanslarda görürük. Amma indidən daha dərinə gedən məsələlərlə bağlı söz deməyə ehtiyac yoxdur.

– Bəzi xəbərlərə görə, bu yaxınlarda başqa bir tədbir də planlaşdırılır. Bu barədə konkret məlumat verə bilərsinizmi?

– Bəli, belə bir tədbir gözlənilir. Məqsəd dostluq münasibətlərinin yumşaldılması, etimadın artmasına xidmət etməkdir.

– Təşəbbüsün mahiyyəti nədən ibarətdir, hansı xarakterli tədbir keçirəcəksiniz?

– Yox. Bunu açıqlamaq istəmirəm. Sadəcə deyirəm ki, indiyə qədər iki dəfə və daha geniş heyətlə çay süfrəsi arxasında oturmağımız, geniş müzakirələr aparmağımız, habelə bu görüşlərdən dost və səmimiyyətlə ayrılmağımız tərəflərdə inam yaradıb və sual meydana çıxıb ki, biz axı niyə birgə mübarizə aparmayaq, səylərimizi birləşdirməyək? Hər iki tərəf qeyd edir ki, mübarizəni müxalif düşərgə daxilində çıxararaq iqtidara qarşı çevirməliyik. Yəni hər iki tərəf müxalifət düşərgəsi daxilində qarşıdurmalara, qarşılıqlı ittihamlara son qoyulmasının vacibliyini dərk edir. Hazırda proses gedir, sonda hara gəlib çıxacağı, bunun nəticələrinin nədən ibarət olacağını indidən demək olmaz. Amma ümidlərimiz var ki, doğurdan da biz yaxşı yerlərə gəlib çıxa bilərik.

– Siz həm də Qubad İbadoğlunun sədri olduğu ADR Hərəkatı ilə Müsavat Partiyası arasında münasibətləri yoluna qoymaq üçün də, təşəbbüslər ortaya qoyursunuz. Bu istiqamətdə real situasiya nədən ibarətdir?

– Təşəbbüs göstərmək, üzərinə missiya götürmək deyəndə bu, bir qədər pafoslu çıxır. Mənim sadəcə olaraq mövqeyim bundan ibarətdir ki, müxalif düşərgə imkan və resurslarını parçalamamalıdır. Məsələn, həbsdən çıxdıqdan sonra qeyd etmişdim ki, ADR ilə Müsavatın anlaşmasını istisna etmirəm, lakin bu bir qədər çətin görünür. Çünki münasibətlərin pozulması yenicə baş verib, tərəflər bir-birinə qızğındır və s. Ancaq sizə deyim ki, ADR Hərəkatında olan dostlarımızla bir araya gəlmişəm. Qubad İbadoğlu ilə bir neçə dəfə görüşmüşəm. Burda da bir müsbət məqam ondan ibarətdir ki, tərəflər hesab edir ki, narazılıqlara baxmayaraq didişmələrlə gündəmi zəbt etməyə ehtiyac yoxdur. Yetər ki, hər kəs olduğu yerdə qalsın və iqtidara qarşı mübarizə barədə düşünsün. Sonrasına baxarıq. İndiki halda mən çalışıram, lakin bu haqda konkret bir söz demək çox çətindir.

– Mehriban Vəzirin Milli Şuradan çıxarılmasından sonra bəzi müsavatçılar sizə məsləhət görmüşdü ki, bu məqama diqqət yetirəsiniz. Hətta Arif Hacılının qardaşı Vaqif Hacıbəyli bundan dərs götürməyi məsləhət görmüş və sizinlə Milli Şura arasında yaxınlığa bir növ etiraz etmişdi…

– Açığını sizə deyim ki, bu fikirlərlə tanış deyiləm. Düzdür, mən son zamanlar sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirəm, amma yazılanların hamısını oxumaq fiziki imkanlarım xaricindədir. Mən, sizə açıq deyim. Bildiyiniz kimi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü deyiləm. Orada müzakirələr aparılıb və qərara alınıb ki, Mehriban Vəziri üzvlükdən azad etsinlər. Mən bu prosesin detallarını bilmirəm. Sadəcə olaraq düşünürəm ki, iqtidara sərf edən mövzulara getmək, onu qaynatmaq olmaz. Bu hakimiyyət xalqın inkişafına, Qarabağın azad edilməsinə mane olur. Mehriban Vəzirin açdığı müzakirələr demokratik düşərgəyə qarşı əsassız və yersiz hücumlara, bəhanələrə şərait yaratdı. Məncə, Mehriban Vəzir bunu etməməli idi. Ancaq bir daha qeyd edirəm ki, onun Milli Şuradan və onun rəhbər qurumundan xaric edilməsi ilə bağlı prosesdən xəbərim yoxdur, bilmirəm ki, müzakirələr zamanı nələr deyilib və niyə belə qərara gəlinib. Sadəcə informasiyanı oxumuşam. Ancaq xüsusilə qeyd etmək istəyirəm ki, Mehriban Vəzirin açdığı informasiya müxalif düşərgənin xeyrinə olmadı. O, gedib bunu dar çərçivədə müzakirə edə, nələrsə tələb edə bilərdi. Eyni zamanda Oqtay Gülalıyevin dediklərini də, oxudum. Məncə, bunda qəbahətli bir şeydə yoxdur. Oqtay Gülalıyevin dediyi fikirlərdə söhbət müdaxilədən deyil, təssübkeşlikdən gedirdi.

– İndi bəllidir ki, müxalifət düşərgəsi zəifdir və son illər resurslarını obyektiv səbəblərdən itirib, əvəzində daxildə ittihamlar və qarşıdurmalar müşahidə olunub. İndiki mərhələdə müxalifətin əsas hissəsinin imkanlarını birləşdirərək hakimiyyətə qarşı cəbhə açmaq perspektivi nə qədərdir?

– Bunu zaman göstərəcək. Keçmiş dövr göstərib ki, nə qədər ixtilaflar, qarşıdurmalar mövcud olsa da, seçkilər mərhələsində və hansısa həssas proseslər dövründə müxalifətin aparıcı siyasi qolları birləşə, bir araya gələ bilib. Ümid edirəm ki, bu dəfə də elə olar. Həm də, məsələyə ancaq hakimiyyət-müxalifət müstəvisində mübarizə konteksində baxmaq doğru deyil. Söhbət eyni zamanda Azərbaycanın xilas olmasından gedir. İndiki iqtidar xalqımızın mənafeyinə zidd addımlar atır. Bunu son zamanlar qəbul edilən qərarlar da ortaya qoymuş olur. Bir var ki, hakimiyyət var, onun imici formalaşıb, bir də var konkret olaraq azadlıqları məhdudlaşdıran, repressiyalar aparan, rəqiblərini qeyri qanuni yolla sıradan çıxarmağa çalışan, korrupsiya ilə məşğul olan hakimiyyət var. Bunlar fərqli məsələlərdir. Hesab edirəm ki, biz də buna qarşı olan fəaliyyətə keçməliyik. Mən məsələyə bu prizmadan yanaşıram. Başqa sözlə, digər ölkələrdə əsas mübarizə hakimiyyətin əvəzlənməsindən gedir, bizdə isə problem ondadır ki, indiki hakimiyyət sanki xalqa qarşıdır. Kimin cəsarəti varsa desin ki, hakimiyyət xalq üçün bu işləri görüb. Neft pulları əsasında körpülər tikilib, yollar çəkilib və s. Ancaq bunu Qətərdə və ya Səudiyyə Ərəbistanında da tikirlər. Yəni pulu olan tikir. Odur ki, bunlar əsas arqument olaraq göstərmək ciddi deyil.

– Həbsdən çıxmağınızdan az qala iki ay keçir. Mövcud vəziyyətə adaptasiya olmuşunuz?

– Təbii. Mən kosmosda yaşamıram. Həbsdən çıxdım, iki-üç gün keçdi, sağımda, solumda baş verənləri müşahidə etdim. Hər şey qaydasındadır. Sadəcə olaraq mənim üçün problem vaxt çatışmazlığıdır. Elə şeylər var ki, ona vaxt çatdıra bilmirəm.

– Müsavat Partiyasının Divan və digər toplantılarına qatılırsınız. Fəaliyyət sizi qane edirmi?

– Mən toplantılara qatılıram, müzakirələrdə iştirak edirəm və fikirlərimi də açıq söyləyirəm. Bu istiqamətdə fəaliyyət davam edir.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Vasif Talıbovu qorxudan sirlər Vəli Ələsgərovu girova çevirib – TƏFƏRRÜAT

%d bloqqer bunu bəyənir: