Loading...
Loading...
53952

Kim daha çox korrupsiyaya bulaşıb?

Cavid Qurbanov və Arif Əsgərovun hesabatsızlığı hər ikisinin “təmiz”liyini şübhəyə alır Nə “Azərbaycan Dəmir Yolları” QSC-nin, nə də «Azəravtoyol» ASC-nin maliyyə əməliyyatlarında şəffaflıq var

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov sələfi Arif Əsgərovu korrupsiyada ittiham edib. Əvvəllər Dəmir Yollarında işlədiyini, sonradan Nəqliyyat Nazirliyinə təyinat aldığını, daha sonra təkrar cəmiyyətə qayıtdığını xatırladan idarə rəhbərinin dediyinə görə döndüyü zaman QSC-də ona tanış olmayan ciddi problemlərlə qarşılaşıb.

Cavid Qurbanov: “Arif Əsgərov Rusiyadan köhnə vaqonlar gətirib”

50315

Bizimyol.info bildirir ki, A,Əsgərov 2004-2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Prezidentin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Nəqliyyat nazirinin müavini təyin edilib. Onun QSC-də yeri isə Cavid Qurbanova həvalə edilib. Cənab Qurbanovun sözlərinə görə, gördüyü ilk problem lokomotiv parkının yox dərəcəsində olmasıdır. Bildirib ki, Əsgərovun dövründə işlənmiş elektrovoz və teplovozlar alınıb. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir edilmiş lokomotivlər gətirilib. Vaqon parkında aparılan araşdırmadan o nəticəyə gəlib ki, belə davam etsə 2023-cü ilədək parkda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq.

QSC sədri işlərin dəyərindən iki dəfə çox şişirdildiyini deyir

QSC sədrinin sözlərinə görə, gəldiyi zaman yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində imiş, hətta maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırmış. İşlərin əksəriyyətində geriləmə varmış. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalar bərbad vəziyyətdə təhvil verilib. Bir sözlə, hara ayaq qoyubsa, orada problemlə rastlaşıb, hətta başlanğıcda bu qədər problemin öhdəsindən necə gələcəyi də onu düşündürüb. C.Qurbanov deyib ki, hazırda cəmiyyətin fəaliyyətində şəffaflığın yaradılmasına nail olmaq istəyir. Bildirdiyinə görə, artıq mal-materialın alınmasında mövcud olan nöqsanların, pozuntuların kökünü kəsib. Ona qədər yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirmişlər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirib. Tender proseduru keçirilmədən kənardan mal-material gətirməyi qadağan edib. Amma cənab Qurbanov gəldikdən sonra hansı şərtlərlə, neçə yeni vaqon aldığını, vəsaitləri necə istifadə etdiyini söyləməyib.

Rəsmi şəxsin korrupsiya şikayəti prokurorluğadır, mətbuata yox

Dəmir Yollarında korrupsiya iddiası hələ Ziya Məmmədov bu quruma rəhbərlik etdiyi dövrdən var. Araşdırmalara görə, 2005-2011-ci illərdə Dövlət İnvestisiya Proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə 642 milyon 159 min manat sərmayə yatırılıb. Həmin tarixə olan məlumata əsasən, xarici kredit təşkilatlarından QSC-yə ayrılan vəsait isə 2 milyard dollara yaxın olub. Büdcədən də quruma milyonlar ayrılıb. Amma təəssüf ki, səhm-nəzarət paketi 100% dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” adına sadiq qalıb, əksər dövlət qurumları kimi cəmiyyət üçün hər zaman qapalı olub, heç vaxt şəffaflıq nümayiş etdirməyib. Bundan əlavə, cənab Qurbanovun korrupsiya faktları ilə bağlı pokurorluq orqanlarına yox, mətbuata şikayətlənməsi korrupsiyaya uğramış vəsaitlərdin dövlət büdcəsinə bərpa olunmasını təmin etmək əvəzinə, özündən əvvəlki idarə rəhbərini gözdən salmağa xidmət etdiyi rəyi yaranir. Söylənənlər haqqında ciddi addımlar atılmadığına görə, dedi-qodudan uzağa getmir. Halbuki, bu, bir idarəyə rəhbərlik edən şəxsin iddiasıdır, dediyinə görə söylədikləri sənədli və faktiki araşdırmaya əsaslanır, aidiyyatı dövlət qurumları bu bəyanata reaksiya verməlidirlər.

Cavid Qurbanov da hesabatlı deyil

Bizimyol.info QSC-nin C.Qurbanovun vaxtındakı durumunu araşdırıb. Cənab Qurbanov bu qədər açıq danışdığına görə yəqin ki, ilk növbədə şəffaflıq üçün cəmiyyətin hesabatlılığını təmin etməliydi. Amma müəssisənin ady.az saytında heç bir maliyyə hesabatı yoxdur. Ona görə Əsgərovun Qurbanovdan nə qədər çox və ya az korrupsiya etdiyini söyləmək çətindir. Bununla yanaşı, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin web-saytında keçirilən tenderlərin reyestr bazasında hər iki rəhbər şəxsin dövrünə aid yalnız QSC-nin tabeliyində olan səhiyyə qurumlarının alışları qeydə alınıb, cəmiyyətin özünün tenderlərdə iştirakının 2015-2016-cı illərdə artdığını söyləmək mümkün deyil. “Azərbaycan Dəmir Yolları”-nın tender elanı və sifarişləri də rastımıza çıxmadı. Bu ilin satınalma planında yenə idarəyə məxsus tibb müəssisələrinin cəmi 3 sifarişi yer alıb. Odur ki, Qurbanovun bütün alışlarda tender tələb etməsi haqqında iddiasını maləsəf digər dövlət qurumunun hesabatı təsdiqləmir. C.Qurbanovun dəmir yollarına sədr postuna gətirilməzdən əvvəl rəhbərlik etdiyi yenə 100% səhm-nəzarət paketi dövlətdə olan “Azəravtoyol” ASC-nin (keçmiş “Azəryolservis” ASC) də rəsmi saytında müəssisənin illik maliyyə hesabatları yoxdur. Təkcə 2015-ci ilin fəaliyyətinə dair hesabat dərc olunub ki, bu da onun yox, xələfinin dövrünə təsadüf edir. Amma görülən işlərin maliyyə dəyəri yeganə hesabatda da yer almayıb. Halbuki, dövlətə aid ASC hər il maliyyə hesabatını dərc etməlidir. Cənab Qurbanovun “şəffaf” işi buradan bəllidir. Səhmdar Cəmiyyətə rəhbərlik etdiyi dövrdə belə hesabatlılığı təmin etməyib. Cənab Qurbanov nə vaxt mətbuat nümayəndələini başına yığıb, gördüyü işin fəaliyyət və maliyyə hesabatını açıqladı ki, onun nə qədər düzgün işlədiyini görək?

“Azəryolservis”-in adı şübhəli maliyyə əməliyyatlarında hallanır

Əksinə, həmin dövrdə qurumun adı bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanıb. Bu gün barəsində hökm çıxarılan Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev məhkəmə prosesində ona yaxın “Azərinşaatservis” MMC-yə dövlət büdcəsindən yönəldilən 250 milyon manatdan danışmışdı. Amma həmin vəsaitin şirkətə çatmadan mənimsənildiyini demişdi. Son 10-12 ildə ölkədə həyata keçirilən dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi bu şirkət çıxış edib. Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-beton örtüklə layihələndirilməsi və tikintisi üzrə işlərin görülməsi məqsədi ilə Maliyyə Nazirliyindən “Azərinşaatservis” MMC-yə verilməsi üçün “Azəryolservis” ASC-yə 253 milyon manat yatırılıb. Lakin həmin məbləğdən “Azərinşaatservis” MMC-nin hesabına yalnız 170 166 655 manat köçürülüb. Qalan 82 833 345 manat isə şirkətin hesabına daxil olmayıb. MMC-nin “Azəryolservis”-in zəmanət məktubu ilə aldığı kreditləri də bir neçə gün sonra “Azəryolservis” ASC banka geri ödəyib. “Azəryolservis” ASC-nin rəhbərliyi kredit üçün ödənilmiş ümumilikdə 34,5 milyon manatın Xaçmaz layihəsinə aid olduğunu və qeyd olunan 253 milyon manatdan ödənildiyini iddia edib. Büdcədən külli miqdarda pullar ayrılan “Bakı dairəvi şose yolu”nun tikintisi, Hacıqabul-Kürdəmir avtomobil yolu və Ələt-Astara avtomobil yolunun 22 km. hissəsinin inşası, Ələt-Masallı avtomobil yolunun 9 km. hissəsinin yenidənqurulması, Yevlax-Gəncə Avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi, Axalkalaki-Kartsaxi (Türkiyə sərhəddi) dəmiryolunun tikintisi sözügedən şirkətə həvalə olunub. Bu şirkətin həyata keçirdiyi Bakı-Şamaxı-Muğanlı yoluna Dünya Bankı 37 milyon 500 min manat kredit verib. Masallı-Astara avtomobil yolunun 22-ci kilometrliyinə qədər çəkilməsinə isə təkcə Asiya İnkişaf bankı 108 milyon manat ayırıb.

Ailə biznesində ortaqlıq bitdi, sirr də qalmadı

Saytların birinin araşdırmasına görə, “Azərbaycan Dəmir Yolları”-nın sabiq və indiki rəhbərlərinin ortaq ailə biznesi mövcuddur. Yazılır ki, məhz bu ortaqlıq səbəbindən Əsgərovun xələfi Qurbanov onun dövründə stansiyaların təmiri adı ilə mənimsənilən pulları ört-basdır edib. Belə ki, “Araz ltd” MMC-nin həmtəsisçiləri Qurbanovun oğlu və Əsgərovun həyat yoldaşıdır. Hər biri iki yüz manat olan, 500 paydan ibarət şirkətin təsisçiləri Şəmşir Cavid oğlu Şəmşirli, Balaxatın Tapdıq qızı Məmmədova və onun bacısının əri Rizvan İlyas oğlu Rzayevdir. C.Qurbanovun oğlu, Azərbaycanın İstanbuldakı konsulluğunda 3-cü katib vəzifəsində çalışan Ş.Şəmşirli “Araz ltd” MMC-də 160 paya və ya nizamnamə kapitalında 32 min manata sahibdir. Amma mətbuatda onların ailə biznesinin dağıldığı haqda məlumatlar yer alıb. Deməli, biznes bitdisə dostluq da bitdi, sirr-filan da qalmayacaq. Amma baxır hansı həddə qədər. Yazılanlara görə idarənin əksər tenderlərində də Əsgərovun oğlu El­nar Əs­gə­ro­vun şir­kət­lə­ri qa­lib olurmuş. Və bu tenderlər zamanı da maliyyə pozuntularına yol verilib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İqtidar mediasında növbəti dalğa: hansı KİV-lər bağlanacaq? – Özəl

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: