Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kəmərsıxma”, yoxsa “canıçıxma?..”

Səadət Cahangir


Deyəsən, hökumətin “kəmərsıxma” siyasəti yeni mərhələyə qədəm qoyur. Amma iş daha “kəmərsıxma”dan keçib, xəbəriniz olsun. Buna olsa-olsa, “canıçıxma” deyə bilərsiniz. Bir halda ki, kündədən kəsmə məsələsi gəlib yoxsulun təknəsinə dirənib, durum yaxşı heç nə vəd etmir demək ki. Daha bunun adı qənaət-filan deyil, yetimin boğazından tikəsini çıxarmaq, onu acından öldürməkdir. Artıq söhbəti bilirsiniz özünüz, hökumət ünvanlı sosial yardımı dayandırmaq haqqında qərar verib. Yəni qaragün kasıbın qapqara günləri başlayır. Əslində, bu təbəqədən olan on minlərlə insanın ağzı o yardımdan yağa, bala da batmamışdı. Ölkədə hamıya bəllidir ki, o ünvanlı sosial yadım çox az halda ünvanına gedib çatır. Verilməyə başlandığı 10 ildən bəri onun başında nə oyunlar gedir, bilməyən yox. Insanlar açıq-açığına deyir ki, bu yardımı almaq üçün onlardan öncədən 6 ayın pulunu istəyirlər. Bunu bəri başdan vermək imkanı olmayanların kartından da məlum məbləği hissə-hissə tuturlar. Elə yaxın günlərdə yardımın kəsiləcəyini açıqlayan rəsmi şəxslər də onun çox az halda təyinatlı ünvanlara çatdığını etiraf ediblər. Bir də deyiblər ki, insanları bu qədər ələbaxım öyrətmək olmaz. Adamlar bu ələbaxımlıq məsələsini dilə gətirməkdə haqlıdır, təbii. Amma nədənsə öz əllərinin işləklərini unudub, yetim-yesirin gözünü dikdiyi qəpik-quruşun hesabını çəkirlər. Axı yoxsulluğa yardım məqsədi ilə ortaya çıxan bu proqram daxilində necə yeyintilər olduğunu da mətbuat dəfələrlə açıq şəkildə yazıb. Mən iki il öncə açıqlanan həmin rəqəmi xatırlada bilərəm. O vaxt ünvanlı sosial yardıma 1 milyard manatdan artıq pul ayrıldığı, bunun da 604 milyon manatının mənimsənildiyi yazılmışdı. Bu hələ köhnə rəqəmdir, yenisi məbləği çoxdan ikiyə qatlamış olar hər halda…
Yadınızdasa, yaxın günlərdə Isveçrədə keçirilən referendumla vətəndaşlara hər ay zəmanətli minimum gəlir ödənilməsi barədə təşəbbüs səsverməyə çıxarılmışdı. “Hamıya maaş” prinsipi ilə ortaya çıxan bu təşəbbüsə seçicilərin 78%-i “yox” demişdi. Ölkədə çoxluğun “marksist yuxu” adlandırdığı bu layihədə yetkinlik yaş həddini keçmiş hər bir vətəndaşa işləyib-işləməməsindən asılı olmayaraq ayda 2500 Isveçrə frankı (2562 dollar) həcmində zəmanətli gəlir ödənilməsi təklif olunurdu. Lakin ölkə insanı bu ifrat humanist qərarı qəbul etmədi, müftə yemək istəmədiyini, çalışıb qazanmaq arzusunda olduğunu bildirdi. Açığı, normal ölkədə yaşamış olsam, tərəddüd etmədən mən də bu fikrə səs verərdim. Lakin taleyimizə elə bir məkanda yaşamaq düşüb ki, çevrədə gözünü o sosial yardımı dikən yüz minlərlə insan var. Və sən o yüz minlərin kədərli gözlərinə baxa-baxa bunu edə bilməzsən. Ölüm-dirim mücadiləsi verən insanların bu minimum haqqını əlindən almaq qəddarlığın misli görünməmiş dərəcəsidir artıq. Rəsmi olaraq ölkədə on minlərlə yoxsulun olduğunu etiraf etmək nə, onları bu cüzi imkandan məhrum etmək nə? Axı Dövlət Statistika Komitəsi özü məlumat vermişdi ki, 2009-cu ildə ünvanlı sosial yardım alanların sayı 163.409 ailə, 2012-ci ildə 120.478 ailə olub. Hələ bu açıqlanan rəqəmlər ölkədəki yoxsulların çox az hissəsidir, bilirsiniz. Bəs o zaman necə olsun? Bu qədər imkansız, çarəsiz, ac adamı kürüyüb uçurumdan aşağı tökmək istəyirsiniz? Illərdir yoxsulluğun aradan qaldırılması istiqamətində böyük səylər göstərildiyini deyirsiniz. Siz çox şey deyirsiniz. Amma ortada görünən mənzərə çox acınacaqlıdır. Ölkə bir ovuc milyarderlə yüz minlərlə acın üz-üzə qaldığı yerdədir. Sonunu özünüz düşünün…

azadliq.info

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Eldar Mahmudov Bəylər Əyyubova qarşı hücuma keçdi

%d bloqqer bunu bəyənir: