Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
isiq

İşıqların sönməyi ilə polis rəisləri arasında bağlantı varmış

Keçmiş deputat Nazim Məmmədovun fikrincə, Azərbaycanda hələ də işıq probleminin mövcudluğu korrupsiyadan və qeyri-peşəkarlıqdan qaynaqlanır.

…Gecə saat 11-dir. Hava soyuq olsa da, nə güclü külək var, nə də aramsız yağışlar. Qəfildən işıqlar sönür. Mərkəzi istilik sistemi hələ işə düşmədiyindən, elektrik qızdırıcılarla isidilən mənzil az sonra bumbuz olur. Ana körpəsini altdan-üstdən geyindirib üstünə qalın yorğan atır. Ümid edir ki, işıqlar bir azdan, amma… Amma işıqlar bir də ertəsi gün günorta yanır…

“Bir az külək əssə, ya yağış yağsa…”

Bakının Qaradağ rayonunda yaşayan Aliyə Əliyeva elektrik enerjisinin kəsildiyi günlərdən birini belə təsvir edir. Deyir ki, ertəsi gün Xırdalan işıq idarəsinə zəng edəndə, ona qəza olduğunu və hazırda iş getdiyini deyiblər. Onun sözlərinə görə, son vaxtlar yaşadığı ərazidə işıqların sönməsi, az qala, adi hala keçib: “Bir az külək bərk əsdi, ya yağış yağdı, işığın kecəcəyini gözləyirik. Keçməyəndə, möcüzə kimi gəlir. Deyirlər ki, adı təmirdir, köhnə xətləri bağlayır, yenisinin də pulunu ciblərinə qoyurlar”.

Aliyə Əliyeva işıqpulunu vaxtlı-vaxtında ödəsə də, keyfiyyətli və aramsız elektrik təminatının olmamasından gileylidir.

Son vaxtlar Bakıda və ölkənin ayrı-ayrı yerlərində elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı şikayətlər diqqət çəkir. İstər-istəməz, həm də ard-arda suallar doğur: Ölkənin enerji istehsalı və təsərrüfatı vətəndaşları fasiləsiz elektriklə təmin etməkdən ötrü yetərli imkanlara sahibdirmi? Elektrik enerjisi istehsalı və paylaşdırması ilə məşğul olan qurumlar nə qədər vəsait xərcləyir, hansı işləri görür və hansı nəticələrə nail olurlar?

AzadlıqRadiosu bu sualların izinə düşüb, ölkənin enerji təsərrüfatına son illərdə qoyulan investisiyanı araşdırmağa cəhd göstərib.

Büdcədən iki 2 milyard manatdan çox vəsait ayrılıb

Maliyyə Nazirliyinin məlumatına görə, 2006-2016-cı ildə dövlət büdcəsindən “Azərenerji”yə 1 milyard 530 milyon manat, indi “Azərişıq” adlanan “Bakıelektrikşəbəkə”yə 798 milyon manat ayrılır. Yəni, ölkənin elektrik təsərrüfatına təkcə dövlət büdcəsindən 2 milyard 328 milyon manat yönəldilib.

Bəs xarici kreditlər?

“Azərenerji” və “Azərişıq” yüz milyonlarla dollarlıq xarici krediti də investisiya kimi cəlb edir. Bundan başqa, Prezidentin Ehtiyat Fondu, Neft Fondu da elektrik enerjisi qurumlarının işinə yardımçı olmaq üçün, ara-sıra, səxavət kisəsini açır.

Ötən ilin məlumatına görə, “Azereneji”nin balansında 3 milyard 390 milyon manatlıqdan çox əmlak, tikili və avadanlıq var. Qurumun sərəncamında olan qısamüddətli aktivlərin dəyəri 485 milyon manatı aşır.

“Azerenerji” ötən il enerji satışından, elektrik şəbəkəsinə qoşulmaqdan və digər fəaliyyətdən 733 milyon manatdan çox vəsait əldə edib. Bu, 2014-cü illə müqayisədə 17 milyon manat çoxdur. Qurum öz xərclərini də göstərib: təmir və texniki xidmətə 23 milyon manat, yanacağa isə 300 milyon manat xərclənib.

“Azerenerji”nin ictimaiyyətə açıqladığı məlumatda yanacağın sərf olunduğu mənbələr, o cümlədən, təmir-texniki xidmət obyektləri konkret göstərilmir.

“Azərişıq”sa açıqladığı maliyyə sənədlərində nizamnamə kapitalını, uzun və qısamüddətli borcları barədə rəqəmləri təqdim edir, amma bu rəqəmlərin arasında investisiya həcmlərini görmək mümkün deyil.

“İşçilərimiz təhlükəsiz şəraitdə işləsin deyə…”

Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bununla razılaşmır, deyir ki, qurum ötən il yaradılıb və bütün görülən işləri ictimaiyyətə açıqlayır: “Nə qədər yarımstansiya tikmişik, hava və kabel xətləri, transformator məntəqələri inşa etmişiksə, hamısı barədə saytımızda məlumat yerləşdirmişik”.

Tanrıverdi Mustafayev deyir ki, “Azərişıq” təsis olunandan bəri – ilyarımda çoxlu işlər görülüb: “Bu gün hər yerdə normal enerji təchizatı var, rayonlarda, şəhərlərdə, kəndlərdə ömrünü başa vurmuş dayaqlar, köhnəlmiş xətlərin dəyişdirilməsi davam etdirilir”.

“Azərişıq” sözçüsü deyir ki, artıq elektrik enerjisinin kəsilməsi ilə bağlı şikayətlər barmaqla sayılacaq qədərdir, çünki hər evə fasiləsiz işıq verilməsi üçün infrastruktur yenilənib. O, ara-sıra, neçə saatlığa elektrik enerjisinin verilməsində fasilələr olduğunu etiraf edir, amma bunu təmir işlərinə bağlayır. Bir də:

“İşçilərimiz təhlükəsiz şəraitdə işləsin deyə, elektrik enerjisinin verilişi dayandırılır”.

Tanrıverdi Mustafayevin sözlərinə görə, enerji təsərrüfatına dövlət büdcəsindən də investisiya ayrılsa da, “Azərişıq” ölkə boyunca yenidənqurma işlərini daxili imkanları hesabına aparır.

“Keçmiş polis rəisləri işıq idarələrinə müdir qoyulanda…”

Keçmiş millət vəkili Nazim Məmmədovun fikrincə, dövlət büdcəsindən və digər mənbələrdən elektrik enerji təsərrüfatına ayrılan külli miqdarda vəsaitə ölkənin elektrik infrastrukturunu lap sıfırdan qurmaq, əhalini keyfiyyətli və fasiləsiz elektriklə təmin etmək olardı. O vurğulayır ki, işıq pulunun ödənişi ilə bağlı problem, o cümlədən, “elektrik oğurluğu” müşahidə edilməsə də qoyulan investisiya xərcləri özünü doğrultmur: “Bəzi bölgələrdə, bəzən, günlərlə işıq olmur. Məsələn, Gədəbəyin elə kəndləri var ki, 10 gündür işıqsızdır. Bir balaca qar yağınca, işıqlar keçir. Bakının ortasında da işıq keçir”.

Nazim Məmmədov düşünür ki, Azərbaycanda hələ də işıq probleminin mövcudluğu korrupsiyadan və qeyri-peşəkarlıqdan qaynaqlanır. O deyir ki, yerlərdə elektrik enerjisi təsərrüfatlarını keçmiş polis rəisləri, tikintidə isə adi iş icraçıları idarə edir və qeyri-peşəkar idarəçilik öz mənfi təsirini göstərir.

Yerli mal

Söhbət etdiyimiz ekspertlər ölkənin elektrik enerjisi təsərrüfatına qoyulan dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflığın olmadığını, qurumların açıqladığı maliyyə və fəaliyyət hesabatının daha çox ümumi xarakter daşıdığını hesab edirlər.

Hələ iki il əvvəl 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışı zamanı “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev bildirmişdi ki, xəttin inşasında istifadə edilən xüsusi gücləndirilmiş, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, yarımstansiyanın metal konstruksiyaları və digər köməkçi avadanlıqlar Sumqayıt Texnologiyalar Parkında istehsal olunub. Bəlkə elektrik enerjisinin verilməsində yaşanan problemlərin bir səbəbi həm də yerli istehsalın keyfiyyətindədir? Bu isə artıq başqa yazının mövzusudur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ölüm saçan turşular və mürəbbələr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: