Loading...
Loading...

İŞİD Rusiyada cihada hazırlaşdığını bəyan etdi

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində hökumət qüvvələrinə qarşı döyüşənlər arasında tatar-başqırdlardan ibarət “Cünud-əl-Mehdi” (“Mehdinin əsgərləri”) dəstəsi də fəaliyyət göstərir. Bu dəstənin rəhbəri əslən Tatarıstandan olan, Çeçenistanın səhra komandiri Əmir Xəttabın başçılığı altında vaxtilə hərbi düşərgələrdə təlimlər keçən, sonralar isə Əfqanıstanda döyüşən şəxsdir.

“Mehdinin əsgərləri”nin cihadı Xəzərin şimal sahillərinə – Volqaboyuna istiqamətləndirmələri nə dərəcədə realdır?

Dəstə üzvlərindən birinin “Azadlıq” radiosuna verdiyi müsahibəsi (döyüşçü rus dilində danışıb) ingilis dilinə tərcümə olunaraq nüfuzlu ingilis dilli saytlarında, o cümlədən ChechensinSyria.com-da dərc edilib. Maraqlıdır ki, ekstremist təşkilatların təbliğatında bu saytın adı qeyd edilməyib. Amma Rusiyada terrorçular haqqında həddən artıq ətraflı informasiya yaydığı üçün bir müddət əvvəl bloklanmışdı. Buna baxmayaraq, müsahibənin rus mətninin çap variantı var.

Müsahibədə səsləndirilən fikirlərə görə, “Cünud əl-Mehdi”əvvəllər “Taliban” hərəkətinda döyüşən bolqar camaatının və Suriyadakı İslam Şimal Ordusunun birləşməsi yolu ilə yaradılıb.

“Buradakı mücahidlərin böyük əksəriyyəti Tatarıstan və Başqırdıstandan gələnlərdir. Onların arasında Rusiyanın müsəlmanlar yaşayan bölgələrindən olan tatarlar və başqırdlar da var”, – “Mehdinin əsgərləri”dəstəsinin üzvü deyib.

Yaraqlı deyir ki, onların dəstəsi Lazkiye əyalətinin şimalında fəaliyyət göstərir. Burada türkdilli camaatla birgə əməliyyatlar keçirirlər. Onların sırasında “Türküstanın İslam Partiyası”ndan olan uyğurlar, həmçinin türklərdən və türkmənlərdən ibarət mücahidlər var.

Amma bizim əsəs strateji məsələmiz Tatarıstanda və Başqırdıstanda yaşayan müsəlmanları ayağa qaldırmaq, Rusiyanın ərazisində cihad etmək, dogma torpaqlarımızda cihadın bayrağını qaldırmaq və Putin rejimini məhv etməkdir”, – deyə terrorçu dəstənin üzvü bildirib.

Xatırladaq ki, Volqaboyunda məskunlaşan bulqarlar 922-ci ildə İslamı qəbul ediblər. “Bulqar camaatı” “Taliban”ın himayəsi altında 1999-cu ildə Əfqanıstanda yaradılıb. Onlar 2001-ci ildə amerikalılara qarşı döyüşüblər. Sonra taliblərlə birlikdə Pakistanın sərhəd əyalətinə – Vəziristana keçiblər.

2012-ci ildə qruplaşma təxminən 400 döyüşçüdən ibarət olub. Onlara Dağıstandan gələn bir nəfər rəhbərlik edib. Hərbi itkilərə görə terrorçu dəstənin üzvləri seyrəlib, bir müddət hətta könüllülərin axını da dayanıb. Amma sonradan cihadın yeni həvəskarları Volqaboyundan Suriyaya vətəndaş müharibəsinə gediblər.

Rusiya Milli Strategiya İnstitunun eksperti Rais Süleymanov ötən il iyulun 8-də Çelyabinsk əyalətində dini radikallar haqqında məruzəylə çıxış edib: “Həmin konfransdan sonra Volqaboyu respublikalardan birinin idarə məmuru mənə dedi ki, Suriyaya təxminən 180 döyüşçüdən ibarət olan bulqar camaatı keçib”.

İslam Şimal Ordusuna gəlincə isə, “Ceyşül-əl şomal əl-İslami”nin adı ərəb dilindən tərcümədə “İslam Şimal Qoşunları” kimi səslənir. Onlar barəsində məlumat çox azdır.

20 noyabr 2015-ci ildə İslam Şimal Ordusunun lideri Sayfəddin əl-Tatari “YouTube” vasitəsilə tatar xalqına videomüraciət edib. O, müraciətində hərbi hava qüvvələrinin Suriyaya endirdiyi zərbələrə görə Rusiayanı cihadla hədələyib. Həmin videomüraciət tez bir zamanda şəbəkədən silinib.

Bu qruplaşma haqqında məlumat az olduğuna görə heç nə demək mümkün deyil. Bəziləri hətta belə bir qruplaşmanın mövcud olmadığını iddia edirlər.

“Əvvələr İslam Şimal Ordusunun lideri olan, Bəşər Əsəd rejiminə və onu dəstəkləyən şiələrə qarşı vuruşan Seyfəddin-əl-Tatari şuranın qərarına əsasən bu qruplaşmaya əmir seçilib. O, Şimali Qafqazda Əmir Xəttabın başçılıq etdiyi düşərgədə hazırlıq keçib, 5 il ərzində Əfqanıstanda “Taliban” ordusu tərəfində cihad edib”, – müsahibədə bildirilib.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Volqaboyundan gedərək Suriyada qanunsuz silahlı birləşmələrin sıralarına qoşulanlar barədə hələ 16 iyun 2015-ci ildə Milli Terrorçuluqla Mübarizə Komitəsinin iclasında bildirmişdi: “Bizdə olan məlumatlara görə, 200-dən çox sakin Suriyada və İraqda döyüşlərdə iştirak edirlər”.

Tatarıstanın və Başqırdıstanın statistikasından da göründüyü kimi, “Mehdinin əsgərləri”nin əsas mənbəyi buradan getmiş döyüşçüləridir.

Tatarıstanın daxili işlər naziri Artyom Xoxorin 2015-ci ilin yekunlarına dair məruzəsində göstərib ki, 2014-2015-ci illərdə Suriyada hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün 59 nəfər vətəndaş ölkəni tərk edib, onların barəsində cinayət işi qaldırılıb.

Bir neçə nəfər artıq Suriyadan qayıdıb, onlar həbs olunub, hazırda məhkəmə qarşısına çıxarılıblar. Yaxın günlərdə Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak edən 41 yaşlı terrorçu Kukmora Vitali Qaysinin məhkəməsi başlayıb.

Qonşu Başqırdıstanda isə bu rəqəm 70-i ötüb. Bu barədə 16 iyunda respublikanın dövlət-dini münasibətlər üzrə şurasının sədri Vyaçeslav Pyatkov deyib.

Ural federal dairəsi üzrə Yaxın Şərqdə cihada qoşulanların sayı ilə bağlı açıqlama verilmir.

Çelyabinsk əyalət prokurorluğundan verilən məlumata görə, bu ilin fevralında Suriyaya beş nəfər gedib, onlardan biri tez bir zamanda geri qayıdıb.

Tümen vilayətinin Xantı-Mansiysk muxtar dairəsi üzrə hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, 2013-2014-cü illərdə təxminən 30 nəfər Dağıstan mənşəli, sələfi təriqətinin üzvləri ailələri ilə birgə Yaxın Şərqə gediblər.

Yamal-Nenetsk muxtar dairəsindən Suriyaya 31 nəfər gedib. Qonşu Tümendən 28 sakin cihadçıların sırasına qoşulub. Bu rəqəmlər hamısı elmi konfranslarda mütəxəssislər tərəfindən səsləndirilib. Sverdlovsk vilayətindən 50-yə qədər insan İŞİD-ə qoşulub. Onlardan bəziləri hətta ailələrini də özləri ilə aparıb.

Göründüyü kimi, 2013-2014-cü illərdə Volqaboyundan Suriyaya təxminən 360 sakin yollanıb. Onların arasında yalnız tatar-başqırd camaatı deyil, gəlmələr də üstünlük təşkil edir. Əsasən Şimali Qafqazdan gələnlərin yer aldıqları terrorçu dəstələr “Ceyşül əl-mücahid Vəlya-ənsar”, “Cünud Şam”, “Xəlifə camaatı”, “İmarət Qafqaz”, “Tarxan camaatı” və digərləridir.

R.Süleymanov deyir ki, cihadın Suriyadan Volqaboyuna köçürülməsi heç də Suriyanın səviyyəsində olan bir məsələ deyil. Hüquq-mühafizə orqanları Rusiyanın ərazisində İŞİD-lə bağlılığı olanları aşkarlayır. Volqaboyu ərazilərdə (Samara, Orenburq, Volqoqrad) isə onların bir çoxu məhv edilib.

“Fevral ayının 7-də Yekaterinburqda Rusiya və Mərkəzi Asiya respublikaları vətəndaşlarından ibarət olan terrorçu qrup saxlanılmışdı. İŞİD üzvləri olan bu qrup Moskvada, Sankt-Peterburqda və Sverdlovsk şəhərlərində partlayışları təşkil etməyi planlaşdırırdı”, – R.Süleymanov əlavə edib. Onların yaşadığı mənzillərdən partlayıcı qurğular, elektrodetonatorlar, odlu silah, qumbaralar və dini ədəbiyyat aşkar edilərək götürülüb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İŞİD lideri Şişaninin ölümü TƏSDİQLƏNDİ

%d bloqqer bunu bəyənir: