Loading...

İŞİD-in azərbaycanlıları pulla ələ alma metodları

Şəmsəddin Əliyev: “Vətəndaşlar hüquq- mühafizə orqanlarına yardım etməlidir”

Radikal islamçı qruplar artıq Azərbaycan üçün təhlükəli qüvvəyə çevriliblər.Artıq müəyyən dairələr müəyyən vasitələrlə Azərbaycan gənclərinə təsir edir, onların terror qruplaşmasına qoşulmaq üçün müxtəlif variantlara əl atırlar.Bu dəfə isə tamam fərqli bir olay yaşanıb.

Loading...

Belə ki, Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasına qoşulmaq təklif olunub. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib. Özü də naməlum şəxs bu işin müqabilində Suraxanı sakininə nə az, nə çox düz 14 000 ABŞ dolları təklif edib. Bu  olay cəmiyyətdə ciddi rezonans doğurub. Təhlükəsizliklə bağlı ekspertlər yaşanan bu olayın cəmiyyət üçün ciddi təhlükələr saça biləcəyindən xəbər verdiyini bildirirlər.Hesab edirlər ki, bəzi gənclər gizli şəkildə belə terror qruplarının sıralarına daxil olurlar.Məsələ ciddi nəzarət altında saxlanılmalıdır ki, baş verə biləcək bu cür xoşagəlməz halların qarşısı vaxtında alına bilsin.

“Təhlükəsiz cəmiyyətdə yaşamaq istəyiriksə…”

Keçmiş polis rəisi Şəmsəddin Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, neqativ, ictimai münasibətlərə zidd hallarla bağlı mübarizənin aparılması qaydaları olmalıdır: “Hüquq-mühafizə, təhlükəsizlik orqanlarından savayı da vətəndaş cəmiyyəti də bu mübarizədə fəal olmalıdır. Əgər təhlükəsiz bir cəmiyyətdə yaşamaq və sabitliyin qorunmasını təmin etmək istəyiriksə, burada hər bir vətəndaşın töhfəsi olmalıdır.Məsələn, məlumatları ötürmək bacarığı, bu cür məlumatları ötürmək üçün “cəsarət” olmalıdır.Bəzən vətəndaşlarda ictimaiyyətə zidd məlumatlar olur ki, onlar bu məlumatları ötürməyi özlərinə ar bilirlər.

Son baş verən olayda gənc aktivlik nümayiş etdirərək özü hüquq-mühafizə orqnlarına bu barədə məlumat verib.Artıq məsələni araşdırmaq və nəticəyə varmaq hüquq-mühafizə orqanlarının işidir.Amma burada bir şey var. Siyasi baxımdan belə qruplaşmaların Azərbaycana transfer olunması ehtimalı var. İstər İraqda, istərsə də Suriyada bu tip qüvvələr müxtəlif hadisələr törətməkdədirlər.Rusiya, Türkiyə, Suriyada, İraqın özü dövlət səviyyəsində belə qruplara qarşı mübarizə apardıqda, eyni dindən olan müsəlman soydaşlarımızın Azərbaycana qayıdışı və özləri ilə digər qrupları gətirməsi ehtimalı var. Çox güman ki, Daxili İşlər Nazirliyi bununla bağlı pərdəarxası, bəlli olmayan səmtdə işləyirlər”.

“Polisi tək qoymamalıyıq”

Ekspert deyib ki, bütün dünyada dövlətin və hüququn yarandığı quldarlıq cəmiyyətindən bu yana cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları vətəndaş cəmiyyətindən kənarda fəaliyyət göstərə bilməmişdi: “Bu gün daxili işlər orqanlarının 10 milyonluq əhali içərisində İŞİD qruplaşmasına qarşı tək mübarizə aparması ağlabatan deyil. Hər bir binanın qarşısında, blokda, parkda, məktəblərdə və digər yerlərdə təhlükəsizlik xidmətinin yerləşdirilməsi mümkün deyil.Kifayət qədər dövlət maliyyə vəsaiti lazımdır ki, əlavə ştatlar ayrılsın.Deməli, burada cəmiyyətlə qarşılıqlı münasibətdə olmaq lazımdır. Bu təhlükəsizlik tədbirlərini etməsək, həmin təhlükəli qüvvələr  bizə qarşı daha fəal ola bilərlər. Məsələn, Türkiyədə baş verən terror hadisəsindən təhlükəsizlik xidmətinin xəbəri var idi.Sadəcə olaraq bu məsələdə bir qədər çevik tərpənmək lazım idi.Düşünürəm ki, biz belə hadisələrin qarşısını almağa çətinlik çəkmərik.Yetər ki, biz də ayıq və sayıq olaq.Konstitusiyada belə bir fikir var. Hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr var. Demək bizim hüquq və azadlıqlarımızdan vəzifələr yaranır.Bu vəzifələri yerinə yetirməliyik”.

Şəmsəddin Əliyev onu da əlavə edib ki, radikal dini, ektremist qruplarla mübarizə aparmaq çətindir. Ona görə ki, koalisiya ordusu yaransa da bunları dağıtmaq, kökündən məhv etmək mümkün deyil: “İkinci dünya müharibəsində sovet ordusunda qələbə çalmasına töhfə verən partizan döyüşü oldu. Onların bugünkü “döyüşü” partizan döyüşünə bənzəyir.Çünki partizanların harda nə düşünmələri o qədər dövlətə bəlli olmur.Bunlar birdən partlayış verirlər, zəlzələ, şimşək kimi çaxırlar və gözdən itirlər.Ona görə bunlarla mübarizə çətindir. Bu tip qüvvələr, qruplaşmalar XXI əsrin müharibəsinin başlanğıcını göstərmiş olurlar. Onları da maliyyələşdirən qruplar var.

Bu mənada “partizanların” hər hansı hərəkətləri yalnız vətəndaşlara bəlli ola bilər. Təbii ki, müxtəlif orqanlarda məxfi şəbəkələr var və onlar da işləyir.Amma bu baxımdan vətəndaşlar da daha diqqətli, aylq-sayıq olsalar belə, qruplaşmaların hərəkətləri barədə məlumata sahib olsalar, vaxtında onları zərərsizləşdirmək mümkün olacaq”.

Alçina Amilqızı
Cebhe.info

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Erməni politoloqları :“Xoşumuza gəlsə də, gəlməsə də, Azərbaycan ərazi tutmağa nail oldu”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: