Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İŞİD-ə deyin, əziyyət çəkməsin

Biz yaşamaqdan çox, ölümə könül vermiş adamlarıq

Türkiyə mətbuatı yazıb ki, IŞID-in növbəti hədəfi Azərbaycan ola bilər. Iki gündür Azərbaycan mətbuatı, sosial şəbəkələr də bu mövzunu müzakirə edir. Məqalədə yazılır ki, IŞID intiharçı terrorçuları hərəkətə gətirib və bu terrorçular Azərbaycan, Gürcüstan, Kipr üzərindən keçərək Avropaya göndərilir.

Terror və terrorçu harda olamsından, kimə xidmət etməsindən, hansı məqsədlə fəaliyyət göstərməsindən asılı olmayaraq lənətlənməlidir və bu adamlar bəşəriyyətin bətnində qara yaradır. Bu düşüncənin daşıyıcıları insan cəmiyyətindən təcrid edilməli, bütün dünya bu epidemiyadan birlikdə xilas olmalıdır.

IŞID-in Azərbaycana hücumuna gəlincə, buna qətiyyən ehtiyac yoxdur. IŞID-ə xəbər vermək lazımdır ki, Azərbaycan vətəndaşını ölümlə qorxutmaq, vahiməyə salmaq mümkün deyil. IŞID Azərbaycanı həqiqətən də hədəf seçibsə, çox gecikib və burda çətin mənzərə ilə qarşılaşacaq. Bizim öz “milli IŞID”lərimiz var.

Bu ölkədə uzun illərdi korrupsiya öldürür, monopoliya öldürür, səhiyyə öldürür, ədalətsiz məhkəmə qərarları öldürür. Bu ölkədə aldığı malı gömrükdən keçirə bilmədiyinə görə infarkt olanlar, mülkiyyəti söküldüyünə görə əsəb xəstəliyi tutanlar, obyekti əlindən alındığına görə boğazında şiş əmələ gələnlər var. Bu ölkədə atəşkəs dövründə 2000-dən artıq əsgər həlak olub. Son 6 ayda təkcə Bakıda 480 nəfər infarkt, 1500 nəfər insult olub. Son bir ildə təkcə zəhər vasitəsilə intihara cəhd etmiş 1030 nəfəri xəstəxanaya çatdırılıb.

Bəli, bu ölkədə vətəndaş özünə əl qaldırmağa adət edib. Artıq Azərbaycan “intiharlar ölkəsi”nə çevrilib. Özünə qəsd edən insanı, IŞID-in qəsdiylə qorxutmaq olarmı? Bu ölkədə uzun illərdi mənəvi terror hökm sürür və bunun nəticəsində fiziki ölümlər meydana çıxıb.

Ölkənin təhsilinin məqsədli şəkildə məhv edilməsi terror deyilmi? Səhiyyənin ağır xəstəliyə düçar edilməsi terror deyilmi? Hüququn komaya salınması terror deyilmi?

2.5 milyon vətəndaş ağır faizlərlə kredit borcu ödəyir. Iki devalvasiyadan sonra vətəndaşa heç bir güzəşt olunmadı. Bu qədər biganəlik, qəddarlıq, məsuliyyətsizlik terror deyilmi?

Bu ölkədə intihar edənlərin əksəriyyəti banka borcu olanlardı. Amma səbəb məlum olsa da, bu səbəbi aradan qaldırmaq üçün heç bir addım atılmır. Təsəvvür edin ki, 3 saatdan sonra hansısa məkanda terror törədiləcəyi məlum olur və hüquq mühafizə orqanları heç bir fəaliyyətə keçmir. Indi biz də bu vəziyyətdəyik. Intiharın haradan qaynaqlandığı bilinir və hökumət bunu önləmək üçün həyəcan təbili çalmır. Hər gün 2-3 nəfərin intihar etməsinə rahatlıqla tamaşa edilir.

Ölümlə bu qədər “qol-boyun” olmuş vətəndaş üçün IŞID oyuncağa bənzəyir. Bu ölkədə illərdi vətəndaşın arzuları, taleyi, gələcəyi partladılır. Bu ölkənin vətəndaşı ürəyində bomba boyda dərd gəzdirir.

Bir sözlə, biz IŞID bolluğunda yaşayan adamlarıq. Bizə intiharçı terrorçu lazım deyil. Bəlkə də bu sətirlər yazılan vaxt kimsə özünü kəndirdən asaraq, körpüdən ataraq, zəhər içərək öldürüb. Biz, yaşamaqdan daha çox ölümə könül vermiş adamlarıq. Bu gün hansısa bank vətəndaş üçün IŞID-dən daha qorxuludur. Xəstənin əməliyyatı üçün tələb olunan məbləğ, IŞID-in gülləsindən daha ağır yaralayır.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ekspertdən Lavorun gəlişinə münasibət: “Bu gedişat növbəti toqquşmaya aparır”

%d bloqqer bunu bəyənir: