Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
62498.jpg

İş adamları, siyasi və əmək miqrantları – biz hamımız azərbaycanlıyıq- Xalqımızı qruplara bölməyin!

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər və əlavələr edilməsi məqsədilə 26 sentyabr tarixində keçirilmiş ümumxalq səsverməsi – referendumun yekunları ətrafındakı ehtiraslar bir daha azərbaycan diasporunun dağınıqlığını göstərdi. Ümummilli maraqların qorunması məsələlərində Azərbaycan hakimiyyəti ilə həmrəylik göstərmək yerinə, azərbaycan diasporunun özlərini ‘’siyasi miqrant’’ adlandıran müxalif yönümlü nümayəndələri aztanınmış avropa KİV lərində doğma
respublikanın hakimiyyətinə qara yaxmağa başladılar.

Ümumxalq referendumunun iştirakçılarının 90 % dən çoxunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin əsas qanununa təklif edilən əlavə və dəyişiklikləri, o cümlədən dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasını, vitse-prezident vəzifəsinin yaradılmasını, millət vəkilliyinə namizədlik üçün yaş həddinin 25 dən 18 ə salınmasını, həmçinin ölkə prezidentliyinə namizədlər üçün yaş məhdudiyyətinin götürülməsini  dəstəkləməsinə baxmayaraq, ‘’siyasi miqrant’’ adlandırılan bəzi həmvətənlərimiz ictimai şəkildə referendumun yekunlarını tənqid etməyə başladılar. Hətta, səsvermə günü Azərbaycanda olan bütün beynəlxalq müşahidəçilərin, Avropa parlamentinin, Azərbaycan hakimiyyətini daim qərəzli tənqid edən ABŞ dövlət departamentinin, digər dövlətlərin və beynəlxalq institutların referendumun nəticələrini legitim tanımalarına, səsvermə prosesinin özünü demokratik hesab etmələrinə baxmayaraq,   onların  bu tənqidləri davam etdi.
O faktı xüsusilə qeyd etmək lazımdır ki, referendumdan sonra xarici medya məkanında Azərbaycanı yalnız Avropada yerləşən bəzi Azərbaycan müxalifətçiləri, ermənipərəst KİV ləri və Ermənistanın öz medya resursları tənqid etdilər. Bu faktı qeyd etməkdə məqsədim heç də xaricdən doğma respublikanın hakimiyyətini tənqid edən həmvətənlərimizi bir daha yeni tənqidin və ya təqibin hədəfinə çevirmək deyil, üstəlik gördüyünüz kimi mən məqaləmdə konkret olaraq adlar da çəkmirəm, sadəcə bu adi misalla göstərmək istəyirəm ki, biz bir-birimizlə çox tez və emosional olaraq çəkişə bilirik, həm də bunu açıq dava şəklində, nəzakət və etika çərçivəsindən çıxmaqla edirik. Məsələ ondadır ki, bizim bəzi ‘’siyasi miqrant’’ larımız referendumun yekunlarını tənqid etdikdən sonra  həm doğma respublikamızdan, həm də Azərbaycandan kənardan onlara hakimiyyət tərəfdarlarının cavab reaksiyası gecikmədi. Respublika əhalisinin mütləq çoxluğunu təşkil edən Azərbaycan Prezidenti İlham Əliyevin tərəfdarları (26 sentyabr referendumu da bunu təsdiq etdi) tanınmış sosial şəbəkələrdə yazdıqları ismarıclarında və şərhlərində bizim ‘’siyasi miqrant’’ həmvətənlərimizi ‘’milli xain və erməni təbliğatına xidmət edən satqın’’ adlandırmağa başladılar, bunun cavabında isə azərbaycan hakimiyyətinin azsaylı rəqibləri sosial şəbəkələrdəki səhifələrində Azərbaycanı gözdən salan materiallar yerləşdirməyə başladılar. Bütün bu kompromatların əsassız olmasına və heç bir sübutsuz tərtib edilməsinə baxmayaraq, bu vəziyyətdən də dərhal Azərbaycanın düşmənləri istifadə etdilər.  Üstəlik Avropaya miqrasiya etmiş bəzi azərbaycan müxalifətçiləri bu materialları öz səhifələrində yalnız azərbaycan dilində yox, həm də digər dillərdə, o cümlədən rus və ingilis dillərində də yerləşdirdilər. Bu vəziyyətdən də erməni KİV ləri və Ermənistandan sosial şəbəkə istifadəçiləri faydalandılar, azərbaycan ‘’siyasi miqrant’’ larının yazılarına istinad edərək anti-azərbaycan məqalələri yazdılar, respublikamız haqqında düşməncəsinə və təhqiramiz ifadələr işlətdilər. Beləliklə də həmvətənlərimizin bu 2 qrupu arasında olan bu açıq didişmə dərhal bütün Azərbaycana qarşı istifadə edildi.
Çox böyük təəssüf edirəm ki, heç bir tanınmış azərbaycan jurnalisti, bloqqeri və ictimai xadimi çəkişən həmvətənlərimizi sakitləşdirmək üçün münsiflər məhkəməsi rolu oynamağa cəhd də etmədi. Sanki, bu açıq-aşkar davanın gedişində zərər çəkən ümummilli maraqların və Azərbaycanın nüfuzunun onlardan heç birinə aidiyyəti yoxdur. Axı respublikadan kənarda çalışan bütün azərbaycan diasporunun və iş adamlarının nüfuzu və işgüzar əlaqələri məhz doğma Azərbaycanın imicindən və nüfuzundan asılıdır.
Xüsusilə qeyd etmək istəyirəm ki, mən heç də Azərbaycan hakimiyyətinin tənqid edilməsinə qarşı deyiləm, təbii ki, əgər bu tənqidlər əsaslı və konstruktivdirsə. Mən istənilən tənqidə, o cümlədən də öz ünvanıma olan tənqidlərə təmkinlə yanaşıram və rəqibin düşüncəsinə hörmət edirəm. Plüralizm, söz və fikir azadlığı istənilən demoktratik cəmiyyətin əsas atributlarından biridir. Lakin, hər bir tənqid əsaslı və qərəzsiz olmalıdır, əks təqdirdə o bayağı bir təhqirə çevrilir. Referendumun nəticələrini tənqid edən, Azərbaycan hakimiyyətinin həmin emiqrant-müxalifətçilərinin məskən saldığı elə həmin yüksək səviyyəli demokratiyaya malik inkişaf etmiş Qərb ölkələrində əsassız tənqidə görə, xüsusilə də sübutsuz ittihamlara görə şəxsləri məhkəməyə verir, rəqiblərindən ictimai təkzib və vurulmuş maddi və mənəvi ziyana görə təzminat tələb edirlər.
Bu arada siyasi baxışlarından asılı olmayaraq, doğma respublikadan kənarda yaşayan azərbaycanlılar arasındakı münasibətlərin səviyyəsindən azərbaycan diasporunun vəhdəti asılıdır. İstənilən diasporun nüfuzu onun bütün xalqın və tarixi vətənlərinin maraqlarına aid olan məsələlərin həllində dərhal birləşə bilməsi qabiliyyəti ilə müəyyən olunur. Buna görə də biz bir ‘’qızıl qaydanı’’ birdəfəlik və həmişəlik yadda saxlamalı və qəbul etməliyik – nə zaman ki, söhbət ümummilli maraqlardan və Azərbaycanın və azərbaycanlıların nüfuzundan gedir, o zaman biz bir-birimizə qarşı olan öz şəxsi incikliklərimizi, öz siyasi və digər ambisiyalarımızı unutmalı və ümummilli ideyalar, məqsədlər və dəyərlər ətrafında birləşməliyik. İş adamı, siyasi və ya əmək miqrantı, Azərbaycan hakimiyyətinin tərəfdarı və ya rəqibi, qısacası kim olmağımızdan asılı olmayaraq – biz hamımız azərbaycanlıyıq. Xalqımızı, o cümlədən azərbaycan diasporunu müxtəlif qruplara bölmək qətiyyən yolverilməzdir. Bizim bir-birimizə müxtəlif təhqiredici adlar qoymağa və tənqidlərə aqressiv cavab verməyə hüququmuz yoxdur. Bizim bütün müzakirələrimiz, o cümlədən siyasi müzakirələrimiz yalnız qarşılıqlı anlaşma və hörmət əsasında baş tutmalıdır. Əks halda azərbaycan diasporunun həmrəyliyini həmişəlik unutmağa məcbur olacağıq və bir-birimizə düşməncəsinə baxacağıq.
Həmvətənlərimiz arasındakı ixtilaf bizim çoxmilyonluq azərbaycan diasporumuzu dağınıq, pis təşkilatlanmış və idarə oluna bilməyən, maraqları ilə heç kəsin hesablaşmadığı bir kütləyə çevirəcək. Əgər biz özümüz ictimai müzakirələrdə bir-birimizə hörmət etmiriksə, bəs o zaman başqaları bizə necə hörmət edəcək?
Biz hakimiyyəti sevməyə bilərik, lazım olarsa, onun fəaliyyətini tənqid də edə bilərik, amma doğma respublikamızın hakimiyyət strukturlarına düşməncəsinə yanaşmağa haqqımız yoxdur. Belə olduqda biz yalnız respublikamızı təcrid etməyə və qaralamağa cəhd edən Azərbaycanın düşmənlərinə xidmət edəcəyik. Bizim iqtisadi maraqlarımız və siyasi baxışlarımız fərqli ola bilər, lakin, ümummilli maraqla bağlı məsələlərdə biz həmrəylik nümayiş etdirməliyik. Yalnız belə həmrəylik vasitəsilə biz azərbaycan diasporunun birliyinə və mütəşəkilliyinə ümumi yol tapa bilərik.
Biz, azərbaycan diasporunun bütün nümayəndələri, öz sosial statusumuzdan, maliyyə-iqtisadi durumumuzdan və siyasi baxışlarımızdan asılı olmayaraq, 2 məsələni anlamalı və bununla barışmalıyıq. Birincisi, biz qürbətdəyik, burda yaşayırıq, öz biznesimizi qurmuşuq və çalışırıq. Biz burda çox qala bilərik, bəlkə də hətta həmişəlik. Buna görə də bizim hamımız öz hüquqlarımızı və iqtisadi maraqlarımızı birgə qorumaq üçün effektiv və dinamik işləyən ictimai təşkilatlarımızı yaratmaqla, vahid və mütəşəkkil diaspor kimi birləşməliyik. Çünki, heç kim bizim yerimizə bizim problemlərimizi həll etməyəcək.
İkincisi, vətənimizdən qopmamaq üçün biz hamımız doğma respublikamızın hakim dairələri ilə xoş münasibətlərdə olmalıyıq. Hətta özümüzü doğma ölkəmizin hakimiyyətinə rəqib hesab etsək belə, yenə də həm Azərbaycan hakimiyyəti ilə həm də onun tərəfdarları ilə konstruktiv dialoq üçün kompromis yollar axtarmalıyıq. Çünki, belə dialoq olmadan  yalnız azərbaycan diasporu yox, həm də bütün azərbaycan xalqı parçalanacaq. Hakimiyyətin zorla dəyişdirilməsi və qanlı vətəndaş qarşıdurmalarına səhnə olmuş Liviya, Misir, Suriya, İraq və digər ölkələrin pərişan təcrübəsi onu göstərir ki, vətəndaş cəmiyyəti daxilində konstruktiv dialoqun olmaması hər zaman katastrofik nəticələrə gətirib çıxarır.
Sentyabr ayının 26 da keçirilən referendumun gedişində Azərbaycan Konstitusiyasına edilən dəyişikliklər və əlavələrə gəldikdə deyim ki, bunlar respublikamızda uğurlu iqtisadi və siyasi islahatların həyata keçirilməsi üçün son dərəcə zəruri idi. Dünyadakı mövcud iqtisadi böhran şəraitində, eyni zamanda qeyri-sabitlik və silahlı ekstremizmin digər dünya regionlarına yayılma mənbəyinə çevrilmiş Yaxın Şərqdəki partlayışa hazır vəziyyət durumunda bu dəyişikliklər olmadan dövlətin dayaqlarını və Azərbaycanın iqtisadi təməllərini möhkəmləndirmək mümkün deyil.
Bundan başqa, hal-hazırda Rusiya və Qərb arasında gərginlik artır, Suriya isə Moskva və Vaşinqton arasında daha bir münaqişə səbəbinə çevrildi. Bununla belə bütün bu hadisələr İkinci Dünya müharibəsindən sonra müəyyən edilmiş dünya intizamının aşkar süquta uğraması şəraitində baş verir. Və hər gün vəziyyət həm Yaxın Şərqdə, həm də bütün dünyada daha da təxminedilməz olur. Buna görə də ölkəmiz yarana biləcək hər cür təhlükələrə operativ, effektiv və qətiyyətli cavab verməyə hazır olmalıdır. Əks təqdirdə Azərbaycandakı dayanıqlı sabitliyi qoruya və onun intensiv iqtisadi inkişafını təmin edə bilmərik.
Xatırlatmaq istəyirəm ki, taleyüklü iqtisadi və siyasi islahatların aparıldığı dövrlərdə bütün ölkələrdə dövlət başçısına zəruri qərarların qəbul olunması üçün geniş səlahiyyətlər verilməklə hakimiyyəti möhkəmləndirmək zərurəti yaranır. Buna görə də zamanla ayaqlaşmaq və Azərbaycan hakimiyyətinin qarşısında dayanan uğurlu iqtisadi, siyasi, kadr və digər islahatları həyata keçirmək üçün artıq mövcud olan dünya təcrübəsindən istifadə etməliyik. Bununla əlaqədar olaraq biz hamımız, həm Azərbaycan əhalisi, həm də bütün dünyadakı azərbaycan diasporunun nümayəndələri bir daha Azərbaycan Prezidenti İlham Əliyevə öz etimadımızı və dəstəyimizi nümayiş etdirərək bütün lazımi köməyi göstərməliyik.
Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Xalq artistindən Xoşqədəmlə bağlı deputata sərt sözlər: "Sən kimsən Naxçıvanlı"

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: