Loading...
Loading...

İran mətbuatı türkləri yenidən təhqir etdi

Acı doğuran daha bir məqam odur ki, azərbaycanlıları və türkləri təhqir edən qəzet rəhbəri və müxbir əslən azərbaycanlıdır

Bu günlərdə İran mətbuatında türklər yenidən təhqir olunub. Yayılan məlumatlara görə İranın “Tərh-i No” adlı qəzetinin 20 iyul tarixli buraxılışında türklər bu dəfə də “bədbəxt”, “irqi pis” kimi təqdim olunub.
Belə ki, adı çəkilən qəzetin Süleyman Əfşar Tikabi adlı azərbaycanlı müxbiri Firdovsinin Şahnamə əsərindən bir hekayə nəşr edərək bildirib: “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındılar. Ey irqi pis olan türk sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get qadınlar kimi əlinə pambıq və mil götür”.
Yazı Güney Azərbaycanda yaşayan azərbaycanlı türklərin kəskin etirazına səbəb olub, hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə yer alan məlumatlara görə artıq bir qrup azərbaycanlı etiraz aksiyası keçirməyə hazırlaşır. Bu səbəbdən bölgələrdə, xüsusən də Təbrizdə ola biləcək etiraz aksiyalarının qarşısını almaq üçün təhlükəsizlik qüvvələri nəzarəti gücləndirib, polis hər tərəfdə asayişi ciddi surətdə qoruyur.
Ötən gün İran mətbuatında yayılan xəbər görə qəzetin müdiri, əslən azərbaycanlı olan Amir Əlizadə təxribatçı yazı ilə əlaqədar hər kəsdən üzr istəyib və açıqlama verərək bildirib ki, müxbir yanlışlıqla həmin məqaləni dərc edib.
Gunaz.tv-nin məlumatına görə isə yazının müəllifi Süleyman Əfşar Tikabi əməlindən peşman olmadığını, yazısının türklərə aid olduğunu bildirib.
O, xüsusi ilə vurğulayıb ki, azərbaycanlılar türk sayılmır. Müxbirin xüsusi əlaqəsi olduğu, ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) bağlı olan “Azəriha” saytının Teleqram səhifəsi S.Ə.Tikabinin açıqlamasını bu şəkildə qeyd edib: “Araşdırmalardan sonra qalmaqallı mətləbin qəzetin müxbiri Süleyman Əfşar Tikabi tərəfindən yazıldığı məlum olub. O Tikab şəhərinin vətənsevər bir sakinidir və elan etdiyi bir mesajda etdiyi işdən peşman olmadığını bildirib. O həmçinin turanlılarla azərbaycanlılar və İran millətinin heç bir əlaqəsinin olmadığına təkid edib.”
Məlumata görə Süleyman Əfşar Tikabi məsələni xidmət etdiyi orqanlara belə izah edib: ““Tərh-i No” qəzeti İslam ölkəsi olan İranın qanunları çərçivəsində işləyir, bu mətbuatın Təbriz və Urmiya şəhərlərində də ofisi var. Mən Süleyman Əfşar Tikabi bu məqaləni əsasən buna görə yazdım ki, pantürklər bilsinlər ki, biz Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətinin azərbaycanlıları pantürkizmə və türkçülüyə qarşıyıq. Prinsipcə biz azərbaycanlıların irqi türklər və turanlılarla heç bir əlaqəsi yoxdur. Müasir dövrdə isə əslində heç bir təmiz irqin olmadığı sübut olub. Belə olan halda, irqçilik etmək və ya hər hansı bir irqə təsibkeşlik etməyin nə mənası var? Ona görə də, biz azərbaycanlılar yalnız İran üzərində dayanırıq və hər bir irqçiliyə və ya müəyyən bir irqi müdafiə etməyə qarşı çıxırıq”.
Qeyd edək ki, bəzi iddialara görə adı çəkilən məqalə heç də təsadüfdən deyil, təxribat yaratmaq məqsədi ilə ortaya çıxarılıb. Məlumdur ki, son vaxtlar İranda çoxlu sayda azərbaycanlı milli-mədəni fəallar müxtəlif bəhanələrlə həbs edilir, izlənilir. İddialara görə bu cür təxribat xarakterli, etirazlara səbəb ola biləcək olayların ortaya atılması daha çox fəalın həbsinə hesablanıb.
Məsələ ilə əlaqədar sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının mövqeyini öyrənməyə çalışdıq. S.Rüstəmxanlı da olayın təxribat olduğunu bildirib: “Bu gözlənilməz hadisə deyil. Çünki İranda buna bənzər hadisələr, yazılar, təhqirlər illər uzunudur davam edir. Əvvəla  onu deyim ki, İran əhalisinin az qala yarısı türkdür. Onlar qala-qala bizim cavab verməyimiz mənə hərdən qəribə gəlir. Əgər doğrudan orda yaşayan insanlar bu cür təxribatçılara cavab verə, onları yerində oturda, millət olaraq birdəfəlik öz haqlarını, bu cür nadanlığı sübut edə bilmirlərsə, deməli o yazılan doğrudur. İllər uzunu millət orda təhqir oluna, onların başı üzərindən düşməni Ermənistana hər cür yardım edilə, bəzən yüksək məqamlar bunların əlində olsalar da öz millətləri üçün gün ağlaya bilmirləsə, onda görünür bu cür təhqirləri bu insanlar haqq edir. Bəzi reallıqlara düzgün baxmaq lazımdır. Heç bizim cavab verməyimizə ehtiyac yoxdur ki. Azərbaycanın bir hissəsi öz varlıqlarını sübut edib öz dövlətlətini qurublar. Əsrin əvvəlində də qurmuşdular. Hazırda da ədəbiyyatı, mədəniyyəti ilə hər halda dünyada var olduqlarını göstərirlər.  Güney Azərbaycan bizdən 3-4 dəfə böyükdür və əslində bu millətin mənəvi dəyərlərinin bir çoxu ordadır, dövlətimizin paytaxtı Təbriz, Ərdəbil olub. Türkçülük şurunun yayılmasında Təbrizin çox böyük rolu var. İndi nə oldu? Bir gədəyə, qəzet jurnalistinə və yaxud millətin karikaturasını çəkən adama cavab verə bilmirlər?! Mən inanmıram belə bir şey olsun. Bu təxribatdır”.
Xalq şairi türkləri təhqir edib, azərbaycanlıları türk olmadığını məhz azərbaycanlı müxbiri tərəfindən iddia edilməsinə isə bu cür münasibət bildirdi: “Bu cür hadisələrin əksəriyyətini türklər, azərbaycanlılar etmir, onların adından edənlər var. Əgər belələri varsa onların qanı pozuqdur. Uzun illər Azərbaycanda da, içimizdə bu dövlətin çörəyini yeyib, amma rusa farsa işləyən, hətta parlament səviyyəsində onların mövqelərini müdafiə edən, bu milləti təhqir edənlər yoxdur? Var, burda da var və həmişə olacaq da. Adı bu millətdən olan amma bu millətə aid olmayan adamlar var.
Fikrimcə elə buna görə Güneydə o hadisəyə özləri yetərincə cavab verəcəklər və bu imkanları var. O ki, qaldı bu millətin vuruşa bilməməyinə, bir çox xalqlar gəlib-gedib, bir çox dövlətlər qurulub, tarix səhnəsinə gəliblər, amma sonra silinib gediblər. Türklər yaranandan var və dünyanın sonun kimi də qalacaqlar. Farslar İrana gəlməzdən də əvvəl türklər orda olub, bu gün də var və həmişə olacaqlar. Onların dili dövlət səviyyəsində müdafiə olunmur, bu, həmin millətin yox olması demək deyil. Türklər bu dünyanın 3 qitəsində bir-birindən qüdrətli dövlət qurublar.
Bu günlərdə Güney Azərbaycandan çəkilmiş bir çox videoları izlədim. Körpə, məktəbli  uşaqlar “mənim ana dilim var” deyə dil haqqında şeirlər oxuyurlar. Həmin şeirləri o qədər yüksək sevgi ilə, məhəbbətlə orda oxuyurlar ki. Təbriz, Sulduz aşıqlarına qulaq asırsan, oradakı fəallarla söhbət edirsən görürsən ki, camaat, millət bilgilidir. Əgər iranlı olmaqla fars olmağı eyniləşdirirlərsə yanılırlar. Farsistan başqa, Şiraz ətrafında olan bir  bölgədir, amma İran tamam ayrıdır. İranın təxminən ostanlarının 80 faizində türk yaşayır, amma farslar heç onun yarısında yaşamır. Farslar heç vaxt İranın hər tərəfinə  yayıla bilməyib və heç vaxt da bilməyəcəklər də”.
Onu da əlavə edək ki, əslən azərbaycanlı olan millət vəkilləri türklərlə bağlı yaydığı təhqiramiz yazıya görə “Tərh-i No” qəzetinə kəskin etirazlarını bildiriblər.
Belə ki, Gunaz.tv-nin məlumatına görə Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhullah Həzrətpur Azərbaycan xalqının kütləvi informasiya vasitələrində (KİV) təhqirə məruz qaldığı barədə “Durna news”a danışıb. Millət vəkili bildirib: “Azərbaycan xalqı bir neçə dəfədir ki, bəzi mətbuat orqanları tərəfindən təhqirə məruz qalıb. Bu qəbuledilməzdir. Səlahiyyətli şəxslər bu işdə əli olan hər kəsi dərhal məsuliyyətə cəlb etməli və onları cəzalandırmalıdır. Əks halda mən şəxsən özüm məsələ ilə bağlı lazımi yerlərə müraciət edəcəyəm”.
Etiraz edən deputatlardan biri də Qoşaçay, Tikantəpə və Şahiddejin İran parlamentindəki millət vəkili olub. Qəzetin yaydığı təhqiramiz yazıya sərt reaksiya verən Cahanbəxş Mohebbi
Niya bu barədə “Yol Press”ə danışıb.
O, qeyd edib ki, etniklərə təhqiramiz gözlə baxmaq olduqca axmaqlıq və cahillikdə qərq olmaq deməkdir: “Belə mətnləri ancaq puç və absurd düşüncələr kimi qiymətləndirmək olar. Təhlükəsizlik orqanları araşdırmalıdır ki, ölkənin milli birliyə ehtiyacı olduğu halda, necə olur ki, bir sıra xəstə insanlar təxribatçı mətnlər yayırlar… “
C.Mohebbi bu məsələdən çox narahat olduğunu elan edərək, bir millət vəkili kimi ölkə rəhbərliyindən  belə qərəzli hallara qarşı kəskin tədirlərin alınmasını ciddi şəkildə tələb edib: “Bu məsələ cavabsız qalmayacaq, güneyli milli-mədəni fəallar qanuni şəkildə, məhkəmə yolu ilə, millət vəkillərinin vasitəçiliyi ilə öz etirazlarını bildirirlər. Əgər bu etirazların bir cavabı, nəticəsi olmasa, türkləri təhqir edən qəzet bağlanmasa sonu pis nəticələnə bilər”.
Bu sözləri isə “Yeni Müsavat”a açıqlamasında tanınmış milli-mədəni fəal Cəmşid Zareyi bildirib. Fəal həmçinin qeyd edib ki, iyulun 25-də Təbrizin “Traxtur” futbol komandasının oyununda azarkeşlərin bu məsələyə münasibət bildirməsi qaçılmaz olacaq: “Təhqir cavabsız qalmayacaq, bunu fars şovinizmi, İran hakimiyyəti də bilir. Artıq milliyyətçilər millət vəkillərinə öz etirazlarını ünvanlayıblar ki, parlament səviyyəsində bu məsələyə baxılsın. Təbrizin valiliyinə də yazılı şəkildə etiraz məktubu göndərilib. Validə qeyd edib ki, məsələ qanuni şəkildə öz həllini tapacaq. Amma təbii ki, bu yalnız milləti sakitləşdirmək üçündür.
Pəhləvi rejimindən bu yana 100 il boyunca azərbaycanlı türklərə qarşı daima fars şovinizmi tərəfindən təhqirlər, həqarətlər olub. İran İnqilabından sonra isə bu hal daha da intensivləşib. Hər təhqirdən sonra bunun yanlışlıqla səhv olduğunu deyirlər. Xeyir ola ki, niyə bu günədək fars mədəniyyətinə qarşı yanlışlıqlar, səhv, təhqirlər olunmayıb?! Bir dəfə də qəzetlər səhvən farslar haqqında yazsın görək onda da məhkəmədə səhv olduğu deyilərmi?! Adicə fars əvəzinə ərəb sözü yazsalar nə qədər insanı həbs edər, cəzalandırarlar”.
Qeyd edək ki, İranda azərbaycanlıların, türklərin təhqir olunması ilk dəfə deyil. Təkcə sonuncu dəfə ötən ilin noyabrın əvvəlində İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilmişdi. Verilişin yayılmasından az sonra Güney Azərbaycan vilayətlərində geniş şəkildə etirazlar keçirilmişdi. Aksiyalar zamanı çoxlu sayda etirazçı saxlanılıb, həbs edilmişdi. Bu günədək həmin etirazlarda iştirak edənlərin həbsi davam etdirilir.(musavat)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

7 qadını zorlayan 26 yaşlı gənc: “Özümü saxlaya bilmirəm…”

Loading...
%d bloqqer bunu bəyənir: