Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İrəvanın “müharibə seçimi”: Qarabağda rusların oyunu başlanır?

“Qarabağda müharibə istənilən an başlaya bilər” deyən Serj Sarkisyanın “Bloomberg”ə müsahibəsi “dördgünlük müharibə”dən sonra münaqişə ətrafında Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda kartlar yenidən qarışdırdı.

“Düşmən müharibəni seçir”, Rusiya baş diplomatı Sergey Lavrovun İrəvana 21-22 aprel səfərindən sonra baş verənlər belə düşünməyə əsas verir.

Lavrov özü ilə İrəvana birbaşa Vladimir Putinin şəxsən nəzarət etdiyi planı aparmışdı. Rus diplomat İrəvanda iki gün qaldı. Bu müddət ərzində bağlı qapılar arxasında danışıqlar aparıldı, ictimaiyyətə isə daha çox “dəstək” mesajı verildi. İlkin ehtimallar, xüsusilə ümumi abı-hava Lavrovun İrəvanda Qarabağla bağlı planı diktə etdiyini, Sarkisyanın isə razılaşmaqdan başqa çarəsi qalmadığını deməyə əsas verirdi. Rəsmi İrəvanın təşkil etdiyi rus səfirliyinin önündə “yumurtalı” aksiya, Lavrova “Qarabağdan əllərini çək” etirazları kimi “ümumxalq teatr” Sarkisyan hakimiyyətinin Rusiyaya “xalqım bu plana qarşıdır” mesajını verməsi də bu ehtimalı gücləndirir.

Plana görə, Ermənistan Laçın dəhlizi istisna olmaqla işğal etdiyi rayonları qaytarır, qaçqınların təhlükəsiz şəraitində evlərinə qayıtması təmin olunur, daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün referendum keçirilir. Rusiyanın burada əsas şərti sülhməramlıların Qarabağa yerləşdirilməsidir. Rəsmi Bakı tərəfindən danışıqlarda qəbul edilməyən məqam da budur. Lakin Ermənistanda rayonların qaytarılması “təslimçi sülh” kimi qiymətləndirilir. Sarkisyanın Xankəndinə səfəri və burada keçirdiyi toplantıda yaşanan qalmaqal da Moskvanın İrəvana diktə etdiyini göstərirdi.

Lavrovun İrəvan səfəri başa çatadan dərhal sonra – aprelin 23-də yaşananlar münaqişəyə dair yeni proseslərin baş verdiyini göstərdi.

– Serj Sarkisyan məhz aprelin 23-də – Lavrovla danışıqlardan bir gün sonra “Bloomberg”ə müsahibə verərək, sülhdən imtina etdiklərini rəsmi şəkildə açıqladı.

– Azərbaycan müdafiə naziri Zakir Həsənov aprelin 23-də Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirdi. “Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək döyüşlərə hazır olmalıyıq”, – deyən müdafiə naziri bununla həm də yeni döyüşlərin ola bilməsi ehtimalını vurğulayırdı. Hesab etmək olar ki, rəsmi Bakıda Ermənistanın sülh danışıqlarından imtinasına dair informasiya olub və buna qarşı tədbirlər həyata keçirilir.

– Aprelin 23-ü axşam saatlarında düşmən tərəfi sülhə qarşı olduğunu açıq şəkildə göstərdi. Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutdu. Qarşı tərəf cavab atəşi ilə susduruldu.

Bu, “dördgünlük müharibə”dən sonra Ermənistan tərəfinin ən böyük təxribat addımı idi və özündə bir neçə amili birləşdirir.

1. Rəsmi İrəvan Rusiyaya onun planını qəbul etmədiyi mesajını verir.
2. Ölkə daxilində yaranmış anti-hakimiyyət abı-havası bununla sakitləşdirilir.
3. Sarkisyan nüfuzdan düşmüş imicini bərpa etmək istəyir.
4. Hər il aprelin 24-də – qondarma “erməni soyqırımı”nın ildönümündə olduğu kimi bu dəfə də “təxribatın ildönümü” qeyd olunurdu.

Lavrovun səfərindən bir gün sonra Sarkisyanın məlum müsahibəsi və axşam saatlarında cəbhədə növbəti təxribat rəsmi İrəvanın “təslimçi sülh” hesab etdiyi Rusiya planına qarşı olduğunu sübut etdi.

Amma, “həqiqətənmi bütün bunlar İrəvan ideoloqlarının planıdır?!” Axı Kremlin sözünün qarşısında dura bilməyən Sarkisyan Putinin göndərdiyi diplomatla danışıqlardan sonra nədən sülhə qarşı olduğunu açıq şəkildə bəyan etdi? Doğrudanmı, Lavrov İrəvanda bağlı qapılar arxasında ermənilərə işğal etdiklərinin geri vermək vaxtı çatdığını deyib?

Dəqiq cavabı olmayan bu suallar baş verənlərə fərqli rakursdan baxmaq zərurətini yaradır.

Rusiya doğrudan da indi münaqişəni həll etmək niyyətini açıq şəkildə bəyan edir. “Dördgünlük müharibə” Kremlə cənub sərhədlərində hər an partlamağa hazır barıt çəlləyini xatırlatdı. Hansı ki, Suriyada, Ukraynada müharibə aparan, eləcə də Qərblə “soyuq savaş” dövrünü yaşayan ruslar üçün dörd gün davam edən döyüşlər siqnal oldu. Rəsmi Bakının atəşi məhz real danışıqların bərpası şərti ilə razılaşdığı da məlumdur. Deməli, ruslar regionda təşəbbüsü əldən vermək üçün hansısa irəliləyişə nail olmaq niyyətindədirlər, lakin burada “sülhməramlı” adlanan əsas maneə var.

“Kazan düsturu”, yaxud “Lavrov planı” adlanan təkliflərdə bu, və ya digər formada Azərbaycanın ərazi bütövlüyü qismən təmin olunur. Lakin Moskva rayonların qaytarılmasından sonra Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi şərtini irəli sürür. Hansı ki, Dnestryanı və Cənubi Osetiyada olduğu kimi bu, rus əsgərləri olacaq. Rəsmi Bakı bunu qəbul etmir, çünki, faktiki olaraq Qarabağın itirilməsinə imza atmaqdır.

Belə şəraitdə Rusiya köhnə ssenarini – münaqişəni arxa plandan idarə etmək üslubunu işə salır. Ehtimallar deməyə əsas verir ki, Putinin diplomatik dili olan Lavrov İrəvanda bağlı qapılar arxasında ermənilərə əvvəlki kimi qeyri-konstruktiv davranışları davam etdirmək göstərişi verib. Rusiya özünü münaqişənin həllinə tərəfdar kimi göstərir, öz vassallına isə bütün hallarda danışıqlardan yayınmaq göstərişi verir. Bu, sülhməramlıların Qarabağa yerləşdirilməsinə qarşı olan rəsmi Bakıya gizli təzyiq vasitəsidir. Bir sıra məqamlar belə düşünməyə əsas verir:

Lavrovun İrəvanda çıxışı zamanı bildirdi ki, Rusiya sadəcə vasitəçidir, münaqişənin həlli üçün tərəflər razılığa gəlməlidir.

Onun səfərindən bir gün sonra Serj Sarkisyan sülhdən imtina etdikləri haqda məlum müsahibəsində belə deyir: “Təhlükəsizlik zəmanətləri olmadan Azərbaycanla sülh danışıqlarına başlamaq ağılsızlıqdır”.

Burada Sarkisyan “təhlükəsizlik zəmanətinə” xüsusi vurğu edir. Təhlükəsizlik zəmanəti necə əldə olunmalıdır? Rusiyanın şərt kimi irəli sürdüyü sülhməramlılar? Sarkisyan “dördgünlük müharibə”dən sonra Almaniyaya səfərində də “Rusiya əsgərlərinin Qarabağa yerləşdirilməsinə qarşı olmadıqlarını” açıqlamışdı. Deməli, Rusiya Sarkisyanın dili ilə sülhməramlı şərtinin qəbul edilməyəcəyi halda danışıqların davam etdirilməsinin mənasız olduğu mesajını verir.

Belə görünür ki, Ermənistan yenidən müharibəni seçir. Hansı ki, Sarkisyan üçün hakimiyyətdə qalmağın yeganə yolu budur. İndi top yenidən Azərbaycan Ordusundadır.(publika.az)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Lavrov və Kerri arasında telefon danışığı olub

%d bloqqer bunu bəyənir: