Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
iqtisadiyyat

İqtisadi göstəricilər azala-azala gedir

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Bizimyol.info xəbər veirir ki, 9 ayda ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43436,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32% azalması olub. Əlavə dəyərin 37,7%-i sənaye, 11,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,7%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 16,7%-i digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4512,5 manata bərabər olub.

Neft hasilatı 0,3%, əmtəəlik qaz hasilatı 1,6% azalıb

Yanvar-sentyabr aylarında 23 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çox sənaye məhsulu istehsal edilib. Məhsulun 65,7%-i mədənçıxarma, 28,2%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,3%, əmtəəlik qaz hasilatı 1,6% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı 0,2% azalma olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 11330,3 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 5790,3 milyon dollarını və ya 51,1%-ni ölkədən ixrac olunmuş məhsulların, 5540,0 milyon dollarını (48,9%) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 250,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 12,3%, o cümlədən ixrac 15,7%, idxal 7,1% azalıb. Ticarət dövriyyəsinin 36,9%-i Avropa İttifaqı ölkələri, 14,9%-i MDB üzvü dövlətləri, 48,2%-i digər ölkələrin payına düşüb. Bu dövrdə qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünə nisbətən 25,3% azalaraq 742,7 milyon dollar təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2% artıb.

Gəlirlərimizin 78,6%-ni istehlaka yönəltmişik

Yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7% artaraq 32762,5 milyon manata çatıb. Gəlirlərin 78,6%-i son istehlak xərclərinə, 9,2%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6%-i yığıma yönəldilib. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-sentyabr aylarında dövlət büdcəsinə 10103,1 milyon manat vəsait daxil olub, büdcədən 10622,2 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 519,1 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2%-i səviyyəsində olub.

Bankların kredit portfeli 16,2% azalıb, vaxtı keçmiş kredtlər 9,5% artıb

Mərkəzi Bankın məlumatlarına görə, sentyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil edib, onun 13211,3 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli ötən il sentyabr ayının 1-i ilə müqayisədə 16,2% azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5%-ni təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği sentyabr ayının 1-nə 7931,9 milyon manat olub.

Bizimyol.info

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

FES-dən aşağı faizlərlə bağlı – Xəbərdarlıq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: