Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“İnter”in 3 illik cəzasında Cahangir Hacıyev “izi” – TƏFƏRRÜAT

cahangir-haciyevBakının “İnter” klubunun UEFA tərəfindən cəzalandırılması və üç il müddətinə avrokuboklardan uzaqlaşdırılması Azərbaycan futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Hətta belə düşünənlər də var ki, zamanında ölkə futboluna, eləcə də “İnter”ə rəhbərlik edən şəxslər tədbir görsəydilər, belə ağır cəza almazdıq.

Doğrudanmı, müəyyən addımlar atmaqla, nəyəsə nail olmaq mümkün idi.

Əvvəla bundan başlayaq ki, klub bu aqibətlə zamanında yüksək əməkhaqqı ilə oynatdığı yeddi legionerin şikayəti əsasında üzləşib və onlardan biri uzun illər “İnter”in baş məşqçisi olmuş Kaxaber Tsxadadzenin oğlu Baçanadır. Hələ bir müddət öncə klub prezidenti olan Georgi Nikolov həyəcan təbili çalaraq ağır cəzaların olacağını deyəndə, nədənsə nə Cahangir Hacıyev, nə ətrafı, nə digər məsul şəxslər buna önəm vermirdi. Amma istisna deyil ki, bu önəmsəməmək Azərbaycan futboluna ağır zərbə vurmağa hesablanmışdı.

Şübhəsiz ki, burada AFFA-nın və baş katib Elxan Məmmədovun birbaşa “əməyi”ni də danmaq olmaz. Heç kimə sirr deyil ki, AFFA istədiyi vaxt, qeyri-rəsmi də olsa klubların işinə müdaxilə edə, hansısa qərarların verilməsinə nail ola bilir. Necə ki, Ağasəlim Mircavadov kimi təcrübəli mütəxəssisi Rövnəq Abdullayevlə Ramin Musayevin qorxusundan heç kim yaxına buraxmır.

Deməli, bu məsələdə də AFFA-nın müdaxiləsi yetərli ola bilərdi.

Məsələn, zamanında həmin futbolçularla danışıb, onları pulu hissə-hissə ödəməyə razı salmaq mümkün idi. Yaxud da oyunçuların dilindən alınmış iltizami UEFA-ya göndərmək olardı. Yaxşı bir vəkil tutub bütün bunları qanuni yolla həll etməyə də zaman var idi. Ən pis halda isə “Futbol dünyası” adlı çıxmayan qəzetə ayrılan vəsait qədər məbləğ ayırıb, “İnter”ə kömək edə, borc verə bilərdi. Daha doğrusu, AFFA bu borcu “İnter” son mövsüm avrokuboklarda çıxış edərkən vermişdi. Amma çifayda…

Bilməyənlər üçün deyim ki, “İnter” bu mövsüm Avropa Liqasındakı çıxışına görə 750 min avro pul qazanmışdı. Məlumdur ki, UEFA klubların qazancını birbaşa federasiyalara göndərdiyindən, AFFA dərhal öz borcunu o puldan çıxa bildi. Söhbət “İnter”in avrokubok oyunlarında iştirak zamanı AFFA-nın kluba etdiyi yardımdan gedir. Şübhəsiz ki, fürsətcil davranılmasaydı, klubun borcu dərhal həmin məbləğdən çıxılmasaydı, “İnter” legionerlərə borcunu ödəyə bilərdi.

Bu da baş vermədi. Çünki bir yerdə başlar alverə qarışanda, futbol, milli maraqlar on səkkizinci plana keçir. İndiki halda nə baş verəcək? Birincisi, klub reytinqimiz xeyli aşağı düşəcək, ikincisi, “Zirə”nin avrokuboklarda iştirak hüququ olmadığından, ölkəmizi ya “Neftçi”, ya “Kəpəz” təmsil edəcək. Hələ AZAL-ın flaqmanı keçəcəyi də mümkündür. O AZAL-ın ki, cəmi 850 min manat büdcəsi var. Sizcə, Azərbaycan futboluna bundan böyük “xidmət” ola bilərmi?
Ölkə.az

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

BŞDYPİ-nin Yasir Qurbanovu – NAZİRDƏN BELƏ ÇƏKİNMƏYƏN ADAM

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: