Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlqar Məmmədov və Xədicə İsmayıl barədə qeyri müəyyənlik – Fərəc Kərimlinin işi məhkəmədə

Vəfa Məmmədova: “Məhkəmədə deyilmişdi ki…”

Nemət Kərimli: “Bir qədər ümidliyəm”
REAL hərəkatının sədri İlqar Məmmədovun aprelin 22-də Şəki Apellyasiya Məhkəməsində qeyri-müəyyən vaxta təxirə salınan məhkəmə prosesindən hələ də xəbər yoxdur. Bu həftənin ilk günü keçirilməsi planlaşdırılan proses yubadılır.

Bu barədə müsavat.com-a REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova məlumat verib: “İlqarla məhkəmədən sonra danışmışam. Özü zəng etmişdi. Hələ ki hazırda saxlanıldığı Şəki istintaq təcridxanasında vəziyyəti yaxşıdır. Orada şəraiti pis deyil. Heç bir təzyiq hələ ki yoxdur. Məhkəməsindən də hələ bir xəbər yoxdur. Son məhkəmədə deyilmişdi ki, bu həftənin ilk günləri proses barədə məlumat veriləcək. Bu vaxta qədər xəbər yoxdur”.
Araşdırmaçı jurnalist Xədicə İsmayılın da Ali Məhkəmədə keçiriləcək prosesindən xəbər yoxdur. Vəkil Fariz Namazlı kassasiya şikayətinə baxılacaq günün məlum olmadığını söyləyib: “Prosesin təyin olunacağı günü gözləyirik. Nədənsə məhkəmə günü gecikir. Hazırda Xədicə xanımın vəziyyəti yaxşıdır. Yəqin ki, may ayında proses təyin olunacaq. Çünki üzərindən daha uzun müddət keçib”.

Digər siyasi məhbus, Müsavat başqanının müavini Fərəc Kərimlinin isə Ali Məhkəməsinin vaxtı məlum olub. Vicdan məhbusunun hökmündən verilən şikayətə mayın 3-də saat 10:30-da baxılacaq. Başqan müavininin vəkili Nemət Kərimli ümidli danışdı: “Son günlərdə siyasi məhbuslarla bağlı verilən qərarlar, onların bir qisminin azad edilməsi, eləcə də, İntiqam Əliyevlə bağlı Ali Məhkəmənin çıxardığı qərar bizdə ümidlər yaradırdı ki, mayın 3-də Fərəc Kərimli barədə də bu cür qərar verilə bilər, yəni onun cəzası şərti cəza ilə əvəzlənər. Bu məsələdə bir qədər ümidliyəm. Bildiyiniz kimi, 2014-cü ilin avqust ayından Fərəc və Sirac Kərimli qardaşları “Amnesty International” təşkilatı tərəfindən vicdan məhbusu elan olunublar. Bu bizə ümid verir ki, onun cəzası şərti cəza ilə əvəzlənsin”.

F.Kərimlinin atası Raqif Kərimli oğlunun həbsxanada vəziyyətinin normal olduğunu bildirdi: “Ayın 3-də məhkəməsinin olacağı barədə bildiriş veriblər. Özü aprelin 26-da zəng etmişdi. Vəziyyəti normaldır. İnamımdan hər şey asılı deyil. Amma göründüyü kimi, ötən ayda siyasi məhbuslarla bağlı gözlənilməz qərarlar oldu. Buna görə istənilən qərar verilə bilər”.

NİDA-çı gənc Əbdül Əbilovun anası Nurcahan Əbilova da oğlunun vəziyyətinin qənaətbəxş olduğunu qeyd etdi: “Telefonla danışırıq. Vəziyyətinin yaxşı olduğunu deyir. Onun problemi olsa da demir. Əfvlə bağlı soruşanda deyir ki, əfvlə maraqlanmıram, siz məndən daha yaxşı bilərsiniz. İndiyə qədər oğlum azadlığa buraxılmayıbsa, bundan sonra nə olacaq, tək Allah bilir”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Məleykə Abbaszadə ixtisarlardan danışdı

%d bloqqer bunu bəyənir: