Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlham Əliyev Putinə arxa çevirdi: Aprel döyüşləri təkcə ön cəbhədə aparılmır

Azərbaycan hakimiyyəti ən azı Qarabağ məsələsində Rusiyadan üz döndərir. Bu 4 günlük “aprel döyüşləri” ərəfəsində və ondan sonra yaranan situasiyada özünü qabarıq şəkildə göstərir.

Düzdür, Azərbaycan hakimiyyətinin Rusiya ilə açıq ziddiyyətə getmək kimi imkanları demək olar ki, yoxdur. Həm də təkcə ona görə yox ki, Rusiya beynəlxalq siyasətin azsaylı supergüclərindən biridir, həm də ona görə ki, Azərbaycan hakimiyyəti bir çox parametrlərə görə Kremldən əhəmiyyətli şəkildə asılıdır. Ən azından mövcud rejim illərdir ki, hakimiyyət başında qalmasına görə məhz Kremlə borcludur. Bu baxımdan Azərbaycan hakimiyyətinin açıq şəkildə Rusiya ilə yollarını ayırması nəinki mümkün deyil, bu perspektiv heç üfüqdə belə görünmür.

Bu öz yerində, amma Azərbaycanın xarici siyasətində nəzərə alınması vacib olan müəyyən dəyişikliklər müşahidə olunur ki, 24saat.org bu yazısında məhz bu məqamlara işıq salmağa çalışacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan uzun illərdir ki, antoqonist ziddiyyətlərdə olan Rusiya və Qərb arasında manevr etməklə konkret seçim etməkdən yayınır. Rəsmi Bakı həm şimal qonşusu ilə, həm də Qərb dövlətləri ilə iqtisadi-siyasi münasibətlərini eyni dərəcədə yaxşı qurmağa çalışır. Bu isə hakimiyyətin həm Rusiyadan, həm də Qərbdən asılılığını təmin edən faktor kimi çıxış etməkdədir. Əgər əvvəllər Qərbin ölkəmizə qarşı yalnız siyasi təzyiq imkanları daha geniş idisə, indi bu təzyiqlər zərurət hiss olunarsa iqtisadi çalar da ala bilir. Eyni fikri ölkəmizin Rusiya ilə qarşılıqlı münasibətlərinə də şamil etmək olar. Bu baxımdan Azərbaycan hər zaman iqtisadi-siyasi mənfəətləri baxımından gah Rusiyanın, gah da Qərbin yanında olub.

Bununla belə Azərbaycan Dağlıq Qarabağ probleminin ədalətli həllində Rusiyaya güvənməyin faydasız olduğunu çoxdan dərk edib. Son baş verənlər isə bir daha göstərdi ki, Azərbaycan Qarabağ məsələsində Rusiyadan tamamilə üz döndərmək xətti tutmağa başlayıb. Təbii ki, bunu təkcə Azərbaycan hakimiyyətinin öz istəyi, ya da atılan könüllü addım kimi dəyərləndirmək də sadəlöhvlük olardı. Hər halda, dünyanın bir çox coğrafiyalarındakı münaqişə nöqtələrində Rusiya ilə NATO qarşı-qarşıyadır. İndi bu siyahıya Qarabağ da əlavə olunur. Azərbaycan isə milli və dövlət maraqları naminə ikincinin yanında olmaq zorundadır.

Azərbaycanın ən yeni tarixinə “aprel döyüşləri“ kimi düşmüş 4 günlük müharibə zamanı isə bu olduqca qabarıq şəkildə göründü. Bunun ardınca verilən açıqlamalar da müəyyən nəticələrə gəlmək üçün ipucu rolunu oynaya bilər.

24saat.org bu baxımdan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aşağıdakı fikirlərinə göz atmağın faydalı olacağı qənaətindədir: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir, hər kəs aysberqin üst tərəfini görür. Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.
Hətta diplomatik normaların belə pərdələyə bilmədiyi bu fikirlərdən Azərbaycanın Rusiyaya qarşı aqressiyasını görməmək mümkünsüzdür.
Nəzər salınmalı digər bir açıqlamaya isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müəlliflik edib. O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tərəfi olduğuna, Azərbaycanı müharibəyə təhrik etdiyinə dair Rusiyada səslənən ittihamlara cavab verib: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir”.

Bütün bunlar isə İlham Əliyev hakimiyyətinin Qarabağ məsələsində Putinə arxa çevirməsi anlamına gələ bilər. Xarici siyasətimizdə yenilik sayılan bu xəttin hansı nəticələrə gətirib çıxaracağı haqda danışmaq isə hələ tezdir.

Orxan
24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Elçibəy qatilləri – MƏNİ HEÇ KIM QUL EDƏ BILMƏZ – II YAZI

%d bloqqer bunu bəyənir: