Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlham Əliyev “müxalifət yox olacaq” deyirdi

Şahvələd Çobanoğlu

Uzun illər öncə “müxalifət yox olacaq” söyləyirdi Ilham Əliyev, əvəzində Azərbaycan xalqına minnət kimi təqdim edilən “analoqu olmayan inkişaf” yox oldu…

Hanı əsrin müqaviləsi – tarixi zəfər adlandırılan neft müqavilələri, hanı neft pulları? “Nədən nefti unudaq” əmr edildi birdən-birə? Xalqın böyük sərvətinin taleyi necə oldu, hara getdi neftdən gələn gəlirlər? Nefti unudaq o deməkdir ki, neft xatırlamağa da dəymədi, yada salınacaq qədər də faydalı olmadı. Nədən?

Müxalifətə gəldikdə isə… getmədi də, ona qarşı amansız repressiyalara sinə gərərək qalıb, hələ yeniləri də yaranıb. Düzdür, ölkəni dəyişmək öhdəliyinə də qarşılıq verə bilməyiblər. Amma söhbət müxalifətin qalıb-qalmamağından da getmir. Məsuliyyət hakimiyyətin üzərindədir. O hakimiyyət ki, indi tarix ona dönməz müxalifətdir, xalq ona müxalifətdir, baş verən hər şey ona müxalifətdir. Yaranmış vəziyyət hər yanda fəsad verir, hər yanda hakimiyyətin iç üzünü, bacarıqsızlığını, oğurluğunu, gizlinlərini, pisliklərini açır…

Baxın, Azərbaycan xalqı bilirdi ki, yaxşı səhiyyə sistemimiz yoxdur, indi görür ki, səhiyyə sistemi sağlamlığın keşiyində durmaq əvəzinə, azərbaycanlıları öldürməklə məşğuldur. Səbəb də korrupsiyalaşma və vicdansızlıqla həyata keçirilən idarəçilikdir.

Son günlərdə mətbuatda çoxlu yazılar eyni adla gedir: “Manat nə qədər tab gətirə bilər?” Bu suallı görən kimi ağlıma başqa sual gəlir: “Azərbaycan insanı nə qədər tab gətirməlidir?” Çünki Azərbaycan insanı ən ağır durumdadır.

Dünyaca məşhur “Bloomberg” də yazır ki, manat çətin vəziyyətdədir. Bilirik ki, YAP-çılar deyəcək: “Bloomberg” erməni dramına su tökür. Amma bunu bilmək və demək üçün nə nüfuzlu və səviyyəli bir media qurumu olmaq lazımdır, nə də iqtisadçı-maliyyəçi. Ölkə əhalisi çətin vəziyyətdədir. Yuxarıda dediyim kimi, əhalinin vəziyyəti ağırdırsa, manatın durumu da aydındır.

Ölkə yenə, dizləri əsə-əsə olsa da, neftin üstündə durur. Nefti unutsaq da, unutmasaq da. Başqa heç nə. Manatın çökməsindən sonra hakimiyyətin gördüyü tədbirlər isə heç bir nəticə vermədi. Verə də bilməzdi. 21-ci əsrin şıdırğı bir dövründə kim ədaləti, dürüst məhkəməsi, azad sözü olmayan ölkənin iqtisadiyyatına etibar edər, çalışar, sərmayə qoyar, əgər neft pulları dövran sürmürsə? Kim etibar edər bu məkana? Əlində az-çox pulu olan azərbaycanlı belə hansısa etibarlı ölkə axtarır yatırım etməyə. Qıraqdan kim gələr bura?

O səbəbdən də görülən tədbirlər, verilən fərmanlar, sahibkarlara dəstək proqramları qaldı arxada və hamı yenidən manatın taleyini müzakirə etməyə başlayıb. Manatın çökməyi gözlənilir. Bu isə elə insanın taleyidir. Əslində manat çökmür, insan çökür, manatı düşmək gözləmir, insanları düşmək gözləyir. Manat çoxdan üzməli idi, üzməyi bacarmalı idi, insan başlı-başına sulara atıla bilməz. Üzməyə buraxılan isə Azərbaycan manatı deyildi, Azərbaycan insanı idi – harada batarsa batar.

Nəhayət sual edilir: yaxşı, müxalifəti məhv edirdiniz, yox etməyə çalışırdınız, bəs Azərbaycan xalqını niyə bu günə qoyurdunuz?

Məşhur türk şairi Cemal Süreyanın “Hükumət” adlı bir şeiri var – gözəl bir biçimdə məhz bu sualı ifadə edir…

Bu hükümet

Pir Sultan’a pasaport vermiyor,

Onu anladık.

Yunus Emre’ye de

Basın kartı vermiyor,

Onu da anladık.

Ama bu hükümet

Ferman çıkarmış

Karacaoğlan’ı

Otobüse bindirtmiyor.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Lavrov bu gün Bakıya gəlir

%d bloqqer bunu bəyənir: