Loading...
Loading...

İkinci əl adamlar…

Yalçın İmanov

Cinayət prosessual qanunvericiliyə görə, iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs – yəni, şahid məhkəmədə ifadə verməyə başlamazdan əvvəl and içir: “Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları söyləyəcəyimə and içirəm”.

Amma and nəyə içilir? Məsələnin qəlizliyi də elə bundadı. Yəni, and içmə mərasimi yalnız sözlərdən ibarətdir,  A 4 formatlı ağ kağız parçasına yazılıb xitabət kürsüsünə yapışdırılmış qısa mətni səsləndirməkdən uzağa getmir və başqa hər hansı digər ritualla müşayiət olunmur. Belə çıxır ki, şahid ya quruca sözə and içir, ya da sözün hər hansı bir müqəddəs mənanı ehtiva etmədiyini düşünənlərin nəzərində heç nəyə. Hərçənd, səmavi kitablarda “Əvvəl söz vardı” deyə sözə ehtiram, sözü öymək də var. Amma söz əməllə müşayiət olunmayanda, düşüncə ifrazatından özgə bir şey olmur. Bəlkə Qurana, ya dini inancından asılı olaraq digər dini kitablara and içilsin? Necə olur, prezident səlahiyyətlərinə başlayanda əlini Qurana və Konstitusiyaya uzadır. Hərçənd, bizdə Konstitusiya çoxdan funksionallığını və müqəddəsliyini itirib, mütəmadi təftişə məruz qalan söz yığınından başqa bir şey deyil və belədə ona and içilməyin nə qədər effektli olacağı sual doğurur. Bəlkə şahidin statusu prezidentin statusundan fərqli və özünəməxsusdur? Bilmirəm, fəqət, azərbaycanlı şüurunda heçnəliyi ifadə edən sözə and içiləndə, bu, and içmədən daha çox, ən yaxşı halda doğrunu danışacağına şübhəli vədə oxşayır. Vəd isə and deyil və istənilən an pozula bilər, istənilən vaxt arzu edilən istənilən şəxsə qarşı doğru olmayan və həqiqətdən başqa hər nəyi desən xatırladan ifadə verilə bilər. Necə ki, indi məhkəmə zallarında belədi. Yəqin elə bu səbəbdəndir ki, indi məhəllə “sən ölü” məhkəmələrdəki şahid andından daha çox inam və etibar doğurur. Yəqin elə bu səbəbdəndir ki, Cinayət Məcəlləsindəki şahidin yalan ifadə verməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan 297-ci maddəsi qeyri-işlək və ölü norma vəziyyətindədir.

And, onun məsuliyyəti və pozulacağı halda gələcək real təqibi (təhdidi) fonunda səmərəli ola bilər. “Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün halları söyləyəcəyimə and içirəm” məzmunu isə nə bu məsuliyyət, nə də gələcək təhdid fonunu yaratmağa qadir deyil.

***

Mən, cəmiyyəti mücərrəd vicdanın öhdəsinə buraxmağın tərəfdarı deyiləm. Amma qanunların işləmədiyi ölkələrdə və zamanlarda da vicdan və alternativ əxlaqdan başqa sığınacaq tanımıram.

***

İnsan öz təbiətinə zidd olan nəyəsə can atanda onun faciəsi yaranır. Fyodor Mixayloviç (Dostoyevski) bu “nə isə”ni bir az fərqli, “ideala can atma” kimi ifadə edirdi. Güman ki, “nə isə” və yaxud da “ideala can atma” insanın qeyri-təbii halıdır və faciəni yaradan da insanın öz təbii halından çıxıb, qeyri-təbii halına düşməsidir. Hərçənd, bu “nə isə” bizdə “ideala can atma”dan daha çox psevdoobraza, psevdopozaya xidmət təsiri bağışlayır. Fikir vermisiz, adamların şəkil çəkdirəndən dərhal sonra ilk reaksiyaları “baxım, necə düşmüşəm?” olur. Bu, “necə düşmüşəm”dən daha çox, həyatın əbədiləşmiş bir anının daxildə yaradılan obraza nə qədər uyğun gəlib-gəlməməsini gizli yoxlamaq istəyidir. Adamlar obrazını (intellektual, mübariz, əzabkeş, hansısa ideya tərəfdarı və s. və i.a) yaradanda, vaxtaşırı onun daxildəki miqyası ilə nə dərəcədə uzlaşıb-uzlaşmamsını öyrənmək istəyirlər. Nəticə bəzən kədərli olur. Psixiatriyada buna “depersonalizasiya və derealizasiya sindromu” deyirlər. Düşüncə pozuntusu, özünüdərketmənin ikiləşməsi. Özünə bələdlik nisbətən qalır, mühitə bələdlik isə tam şəkildə yoxa çıxır, pozulur. Psixiatriyadan söz düşmüşkən, orda bir “Plyuşkin sindormu” da var. Yararsız, lazımsız şeyləri toplamağa və saxlamağa meyl pozuntusu. Azərbaycan cəmiyyəti özünün uğursuz obraz axtarışında “Plyuşkin sindromu”nu xatırladır.

***

Quranda “göy gurultusu və ildırımın çaxması” pritçası var. “(Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar”. Bax, həmişə quruca sözə and içib, dayanmadan ağ yalanlar üyüdən şahid ifadələrini dinləyəndə, psevdoobraz nümunələrini müşahidə edib, üzümü çevirəndə o pritçanı xatırlayıram. Onlar işıqda (münbit şəraitdə) nəinki yeriyirlər, hətta qaçırlar, qaranlıq çökəndəsə (şərait dəyişəndə) yerlərində mıxlanıb qalırlar…

***

Bu, ikinci əl adamların həyat şousudur. Kəffarə verin, cənablar!…

azadliq.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yanan bina ilə bağlı məhkəmə yenidən başladı

Loading...
%d bloqqer bunu bəyənir: