Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İddialı imkansızlıq – Əbülfəz Qurbanlı

Gündəm referendumun boykotudur. Daha dəqiqi, bunun üçün təşkil olunan tədbirlər – Milli Şuranın 11 sentyabr mitinqi, növbəti tədbirlərdir.

Müxalifətin referendum taktikaları yazısında partiya və təşkilatlarının taktikaları haqqında danışmışdıq. MŞ başdan məhdud şəraitdə doğru olanı seçdi, 11 sentyabr mitinqi isə bu mövqeyə inamı və rəğbəti artırdı. “Monarxiyaya yox” mitinqi hazırkı şərtlərlə hakimiyyətə “yox” deməyin ən təsirli forması idi. Əlbəttə, növbəti mərhələdə bir qədər də irəli getmək mümkündür.

Mitinq say və keyfiyyət baxımından uğurlu idi. Mitinq həm də ona görə uğurlu idi ki, meydandan verilən mesajlar hakimiyyətin girovuna çevrilmiş, zülmü altında inləyən bütün təbəqələri əhatə edirdi. Təkcə “Azadlıq” qəzetinin mitinq reportajı 100 mindən çox oxunub. “Meydan TV”-nin mitinq haqda dörd reportaj və xəbərinin oxunma sayı 185 mini ötüb. “Azadlıq” radiosunun facebook səhifəsində mitinq çəkilişlərinə baxış sayı 30-40 minin üzərindədir…

Bu statistkalar ən müxtəlif formalarda sınağa çəkilmiş, qorxudulmuş bir cəmiyyətin baş verənlərə reaksiyasıdır. Bu statiska əsasən, informasiyalı narazılardır. Və potensial etirazçıdır. İqtidar həmin statiskada olanların pisini vurub və özündən əsaslı şəkildə narazı salıb.

Qarşıda referendumun boykotu üçün müxtəlif tədbirlər və zaman var. Təşkilatçılara vəzifələri aydındır, mitinqdə də iştirakçılara və izləyicilərə bu istiqamətdə açıq çağırışlar edildi. İndi müxalifət yuxarıdakı rəqəmlərin bir hissəsini aktiv etirazçıya çevirmək və ya fəallaşdırmaq istiqamətində iş aparmalıdır.

Demokratiya uğrunda mübarizə üçün tramplin rolu oynaya biləcək belə bir şəraitdə “mitinq niyə 18 sentyabra yox, 17 sentyabra təyin edildi?” sualı ilə başlayan müzakirələr başlanan ciddi prosesin əleyhinə çevrilir. Əlbəttə, bu müzakirə iştirakçılarından səmimi mövqedə olub müxalifətin birliyini istəyənlər də var, dirəndiyi dalandan çıxmaq üçün çılğınlıqla birlik pərdəsinə bürünüb səmimi olmayanlar da. Bu müzakirələr suallar ortaya çıxarır:

Niyə Milli Şura ilə birgə mübarizə tərəfdarı olanlar səbəbsiz onu tərk etdi? Dünənki ayrılıqla bu günki birlik istəyinin motivi nədir? Axı o zaman da ölkədə avtoritarizm mövcud idi, indi də.

Niyə ən yaxın tarixdə təşviqat qrupu yaradaraq iştiraka qərarı verildi, amma Milli Şura ilə birlikdə referendumu boykot qərarı deyil? Niyə Milli Şura 11 sentyabr tarixinə mitinq təyin etdikdən bir gün sonra Müsavat partiyası 18 sentyabrda mitinq edəcəyini açıqladı?

Müsavat Partiyası nədən 11 sentyabra qərar verib birlikdə mitinq diləyini ifadə etmədi? Cavab ola bilər ki, Müsavat MŞ nın mitinqinə dəstəyini ifadə etdi və bir qrup üzvü ilə iştirakçılar sırasında da yer aldı. Cəbhəçilər də analoji addım atacaqlarını bəyan edir. Amma başqan yardımçısı Yadigar Sadıqlının “əqrəblə-tısbağanın söhbəti” bu deyil. Dava eyni tarix və eyni saatda meydanda birləşməkdir. Bu isə xeyli dərəcədə yersiz iddiadır.

Nədən Müsavat partiyası artıq elan olunmuş tarixi deyil, başqa bir tarixi seçdi? Bütün bunlar məsələnin görünən tərəfidir. Ümumiyyətlə, Müsavat partiyası mitinq etmək istəyirmi, buna hazırdırmı? Müsavat 3000 min imzanın saxta elan olunması ilə MSK-dan geri qaytarıldıqdan sonra “vəziyyətdən çıxmaq” üçün mitinq qərarı verdi. Sadəcə, qərar verdi. Bu qərarın arxasında mitinqə hazırlıq yox, icra hakimiyyətinin “yox” cavabını gözləmək və bununla da, AXCP və Milli Şura ilə “xalqın tərəzisində” yer almaq var idi.

Milli Şura 17 sentyabr mitinqini elan etdi. Bu dəfə 18-nə mitinq təyin edən, əsas işi xalqı meydanlara çıxarmaq olmalı olan qüvvə vəziyyətdən çıxmağın yeni metodlarını işə saldı: Milli Şuranı, AXCP-ni, Əli Kərimlini qınaq atəşinə tutmaq, nələrdəsə ittiham etmək. Təsəvvür edirsiz, bir tərəf mitinqi elan edir, ertəsi gün digər tərəf başqa bir tarixə öz mitinqini açıqlayır və oturub gözləyir ki, birincilər növbəti tədbirini onun tarixinə elan etsin, onun təbliğatını aparsın, insanları meydana səsləsin. Bir sözlə, mitinqi təyin edənlərə mitinq keçirmək. Etməyəndə mərəkə qopur. Nəticə isə budur: Müsavat partiyası mitinq etmək istəmirdi və indi isə buna məcburdu.

Ötən yazıda da qeyd etmişdik ki, Müsavat partiyası uzun illərin siyasi təcrübəsinə sahibdir. Və bu təcrübə ilə referendumda iştirak prosesi heç bir halda üst üstə düşmür. Təşviqat qrupu qeydə alınmadığı halda boykot çağırışına xidmət edəcək mitinq qərarı tərəfimizdən təqdir olunmuşdu. Təəssüf ki, Müsavat mitinq hazırlığını kənara qoyaraq orta yaşlı funksionerləri ilə AXCP, MŞ üzərinə hücum üstünlük verdi.

Müsavat partiyasını hazırkı mövqeni sərgiləməyə vadar edən hansı səbəblərdir? Siyasi fəaliyyətdə, konkret olaraq kütləvi partiyalar bu cür şəraitdə ilk növbədə öz sosial bazasını və imkanlarını hesablayaraq qərarlar verir. Xalq həmişə siyasi proseslərə qoşulmaya bilər. Mövcud şərait, partiya üzvləri, tərəfdaşlar nəzərdən keçirilir. Əgər bu faktorlardan heç biri yerində deyilsə, kütləvi tədbirləri əhatə edən fəaliyyət istiqaməti ilə bağlı qərar uğursuzluğa çevrilir.

Müsavat rəhbərliyi heç bir dəyərləndirmə aparmadan belə hansı durumda olduğunun fərqindədir. Partiya hər hansı normal tədbir təşkil etmək gücündə deyil. Strukturlar möhkəm deyil, sıralar xeyli boşalıb, prinsipsizlik ictimaiyyət, müttəfiqlər arasında Müsavat liderlərinə olan inamı sarsıdıb. Bu çox aydın görünür və bunun əksini israr etmək uğursuzluqla nəticələnər. Son illər ərzində Müsavatın keçirdiyi bütün tədbirləri foto və videoları, sosial şəbəkələrdəki təbliğat imkanlarını nəzərdən keçirməklə obyektiv hər kəs bunun əlahəzrət fakt olduğunu təsdiq edə bilər. Əlbəttə, partiyaların öncəki gücünü itirməsi, zəifləməsi faciə deyil…

Faciə odur ki, Azərbaycanda siyasi partiya və təşkilatların bir çox hallarda iddiaları imkanlarından bir boy üstün olur. Nədənsə kimlərsə öz imkanlarını qiymətləndirmək istəmir. Ondan daha fəal və güclü olanın kölgəsində dayanıb daha böyük iddialarla çıxış edir. Nəticədə isə hazırkı durum yaranır. Qeyd etdiyimiz kimi, bir gün bu məmləkətdə demokratik seçkilər, azad rəqabət şərtləri olacaq. O zaman bu günki imkansız iddialılara xalq öz yerini göstərəcək.

Əgər Müsavat partiyası bu fikirlərlə razı deyilsə, mitinq etməkdə israrlıdırsa, o zaman hazırkı ziyanlı müzakirələri saxlayıb 18 sentyabr mitinqinə hazırlaşsın. Bu ölkədə sərbəst toplaşmaq azadlığını, vətəndaşın özünüifadə azadlığını Əli Kərimli və ya Cəmil Həsənli məhdudlaşdırmayıb. Bu ölkədə partiyalarlarla qeyri sağlam, sivil olmayan rəqabəti AXCP və ya MŞ aparmır. Səbəbkar iki referendum keçirib xalq hakimiyyətinə sahiblənən və növbətisi ilə yerini daha da bərkitməyə hazırlaşan İlham Əliyev, onun hakimiyyətidir.
Bu prosesdə lap başdan olmasa da, sonradan boykot taktikasına qoşulan gənclər strukturlarının NİDA-nın, D18-in, mitinqə dəstək verib respublika dəyərlərinə sədaqətini ifadə edən miliyyətçi gəncləri mövqeyi alqışlanmalıdır.

Yeri gəlmişkən, REAL-ı təbrik etmək olar. Geri çəkildi və susub dayandı. Heç kimi narahat etmədilər.

Əbülfəz Qurbanlı

Abzas.net

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıbıar

%d bloqqer bunu bəyənir: