Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra Hakimiyyəti hərbçidən pul istəyir (VİDEO)

Sabuncu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqla qarşılaşması davam edir. Bu gün saytımıza verilən məlumata görə, Azərbaycan ordusunun giziri, bu ayın əvvələrində cəbhədə baş verən döyüş zamanı keçmiş Talış kəndində yüksəkliyin alınmasında son ana kimi vuruşan və hələ üzərlərindən barıt qoxusunun getmədiyi hərbçilərdən biri olan tank komandiri Cavid Çobanovun Sabunçu rayon Ramana qəsəbəsində tikdirdiyi ev Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.

Hərbçinin qardaşı Coşqun Çobanovun verdiyi məlumata görə, onlar evin tikintisinə hələ 2013-cü ilin yayında başlayıblar. Bildirildiyinə görə, qardaşı tikintiyə başlamaq üçün o zamankı “qaydalara” uyğun olaraq sahə müvəkkilinə 400 AZN verib. Maddi imkansızlıq ucbatından tikinti yarımçıq saxlanılıb. Hərbçinin qardaşı daha sonra bildirir ki, bu ilin mart ayının sonunda qardaşı pul göndərib ki, tikintini davam etsin. “Tikintiyə təzə başlamışdım ki, özünü Abbas Nəbiyev kimi qələmə verən biri bizə yaxılaşıb “icradan” olduğunu bildirdi və tikintini saxlamağımızı söylədi. Söhbət əsnasında məlum oldu ki, mən onlara 2500 manat verməliyəm ki, tikinti aparmağıma göz yumsunlar.

Düzü artıq mən əvvəldən bilirdim bu məbləği məndən istəyəcəklər. Çünki ətrafda tikinti aparanlar 2500 ödədiklərini və o pulu vermədən evi tikməyə imkan verilməyəcəyini söyləmişdilər. Fikirləşdim ki, yəqin qardaşım hərbçi olduğu üçün ondan rüşvət tələb etməzlər. Amma tam əksi oldu. İcra Hakimiyyətinin əməkdaşı olduğunu bildirən və özünü Abbas Nəbiyev kimi qələmə verən şəxs lap “küçə uşaqları”na xas jarqonla “mən hərbçi-mərbçi hərləmirəm, get Fərid müəllimə 2500 ver. Gəl tik” deyə bildirdi”.

Hərbçinin qardaşının verdiyi məlumata görə, Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə ilk qarşılaşmaları və onlardan pul tələb etməsi aprelin 5-nə təsədüf edir. “İcra Hakimiyyətinin əməkdaşları ilk dəfə aprelin 5-də gəlmişdilər. Mən artıq bir neçə gün idi ki, qardaşımla cəbhədə baş verən döyüşlər səbəbi ilə əlaqə yarada bilməmişdim. Heç sağ olub-olmaması haqda məlumat belə ala bilmirdim. Amma bunlar burda mənimlə 2500 davası edirdilər. Bir dəfə getdim Fərid Məmmədəliyevin qəbuluna, dedilər saat 3-dən sonra olur yerində. Bu gün də Fərid deyilən o şəxs özü də gəldi başının dəstəsilə, evi uçurtdurdu və “Qardaşına de gəlsin yanıma” – deyərək getdi. Qardaşımın həqiqətən də döyüşçü olmasını sübut etmək üçün son döyüşlərdə olan fotolarını, vurulan düşmən texnikasını göstərsəm də fayda vermədi. Abbas adlı şəxs geri dönüb barmağını-barmağına sürtüb, pul işarəsi göstərib getdilər”

Xatırladaq ki, sözü gedən ərazidə bütün torpaqların təyinatı dövlət tiplidir və vətəndaşlara Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən 99 illik müqavilə əsasında çıxarışla satılıb.

Qazeta.info

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Niyə başqasına olar, mənə yox?”

%d bloqqer bunu bəyənir: