Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra başçısı Bərdənin büdcəsinə “süpürgə çəkib”

Rayon ziyalıları Vidadi İsayevin Prezident Administrasiyasına gönədrdiyi “inkişaf” hesabatını darmadağın edib
Rayona ayırılan 30 milyon manat mənimsənilib, Bərdənin tarixi məhv edilib, Nizami Gəncəvinin adı Bərdədən silinib

Bərdə rayonunda büdcə vəsaitlərinin talan edilməsi iddiası ilə Bərdənin icra başçısı Vidadi İsayevdən Prezidentə, Nazirlər Kabinetinə və Hesablama Palatasına şikayət olunub. Müraciət bir qrup ziyalı (Şahlar Baxşalıyev, Abbas Abbasov, Rüstəm Həsənov, Yusif Əliyev, Elşən Cavanşirov və Əli  Sadıqov) tərəfindən göndərilib. Həmin müraciətin bir nüsxəsi Bizimyol.info-ya ünvanlanıb.
Müraciətdə bildirilir ki, ölkə müstəqillik əldə edəndən 2011-ci ilədək  (V.İsayev icra başçısı təyin olunan tarixədək) rayon öz hesabına yaşayayıb: “Heç bir milyonda olsun pul vəsaiti ayrılmayıb. Amma 2011- 2015-ci illər ərzində  Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən rayonda yol təsərrüfatı və abadlıq işlərinin görülməsi adı ilə Bərdə rayon İcra Hakimiyyətinə 30 milyona yaxın pul vəsaiti ayrılıb.
2011 və 2014-cü illərin yekunları ilə əlaqədar V.İsayevin hesabatlarına əsasən şəhərin mərkəzi küçələrində 185,0 min kv metrdən çox hasar hörüldüyü, 129,4 min kv metr aqlay, 50,0 min kv metr suvaq vurulduğu, 73,6 km dəmir-beton, 2460 p/m qranit bordyor düzüldüyü, 12,2 min kv metr qranit üzlük  çəkildiyi,  172,2 min kv metr tamet döşəndiyi, şəhərin prospekt və küçələrinə 110,2 min kv metr asfalt qoyulduğu, müasir üslubda 44,8 min kv metr dam örtüyü vurulduğu göstərilib. Aparılmış hörgülərə 3,6 milyon ədəd mişar daşı, 60,0 min kub metrdən artıq qum-çınqıl işlənildiyi bildirilib. Şəhərin küçələrinə 185,0 min kv metr hasar hörüldüyünü göstərib.
Bu rəqəmlər həddindən artıq şişirdilib və rayonda bu həcmdə  işlər görülməyib.
Məsələn, Vaqif, Xəqani, Təbriz, Vəzirov, Pişəvəri,Tağıyev, Nüşabə, Fizuli, C.Cabbarlı və Ə.Əbilov küçələrində asfalt örtüyü döşəmədiyi halda hesabatlarında bu küçələrə asfalt saldığını göstərib.
Hansı ki, bəzi küçələrə (Vaqif, Xəqani, Təbriz, Nüşabə, Fizuli və C.Cabbarlı küçələrinə) asfalt V.İsayev Bərdəyə icra başçısı təyin olunmamışdan öncə salınıb. Vəzirov, Pişəvəri, Ə.Əbilov və Tağıyev küçələri isə ümumiyyətlə asfaltsızdır.
Hesabatlarda Bərdə-Tərtər avtomobil yolunun 1,5 km məsafədə genişləndirildiyini,  H.Əliyev prospekti, Bakı, Koroğlu küçələrinin başdan-başa asfaltlandığını göstərmişdir. Hansı ki, o yollar “Azəravtoyol” ASC-nin balansındadır və RİH-i bura vəsait xərcləyə və müdaxilə edə bilməz.
İcra başçısı hesabatlarında 60,0 min kub metrdən artıq qum-çınqıl işləndiyini bildirib. Lakin həmin qum-çınqılın haradan götürüldüyünü, götürülmüş qum-çınqılın pulunun ödənib-ödənməməsini göstərməyib. Həqiqətdən də qum-çınqılı Bərdədə fəaliyyət göstərən 4 qum-çınqıl karyerlərindən götürülüb və onların heç birinə bir manatda olsun vəsait ödənməyib.
V.İsayev öz şəxsi ambisiyalarını bilərəkdən dövlət maraqlarından üstün tutub, yerli sahibkarları, iş adamlarını dövlətdən narazı salmağa çalışıb. Məsələn, sahibkarlara məxsus obyektlərin fasad hissələrinə sahibkarların özlərinə aqlay vurdurub, obyektlərinin qarşı hissəsindəki səkilərə tamet döşənməsini onların şəxsi vəsaitləri hesabına etdirib”.
Ziyalıların müraciətində o bildirilir ki, Satınalmalar üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən guya 2014-cü ildə Bərdə şəhərinin küçələrində “İnstal – Servis MMC” tərəfindən  593,8 min manat dəyərində 27.0 min kv metr asfalt salındığı və 621997 manatlıq digər abadlıq işləri görüldüyü bildirilib: “Reallıqda isə bu işlər görülməyib. Bəs  593,8 min manat vəsait  hara sərf olunub?
Ümumiyyətlə, 2014-cü ildə şəhərin küçə və prospektinə asfalt döşənməyib. Həmin ilin birinci rübündə rayonda görülmüş abadlıq və quruculuq işləri barədə Prezident Administrasiyasına yalan məlumat verilib”.
Müraciətdə bildirilir ki, icra başçısı Azərbaycanın müstəqilliyi uğurunda canlarını qurban vermiş 20 yanvar şəhidlərinin xatirəsinə salınmış parkı və abidəni məhv edib: “Həmin ərazidə olan ağacları qırılır. V.İsayev qədim Bərdənin sikkəxanasının qalıqları aşkar edilmiş qazıntını məişət tullantıları ilə dolduraraq məhv edib.
O, “mən tarixçiyəm, Bərdənin tarixi elə də qədim deyildir” deyərək   tariximizi məhv etməyə başladı.
Halbuki, bunun üçün Bərdədə simpozium da keçirilib və burada çıxış edən xarici ölkə tarixçilərindən bəziləri Bərdənin tarixinin 3000 ili keçdiyi barədə tarixi faktların olduğunu qeyd ediblər.
Mütəfəkkir şairlərimizdən biri olan dahi Nizami Gəncəvinin adı Bərdədən yox edildi. Adını daşıdığı küçədən lövhələr yığışdırıldı, adına olan kinoteatr söküldü, heykəli zibilliyə atıldı. Bununla da Bərdənin adını dünyada məşhurlaşdırmış dahi Nizaminin adı  V.İsayevin “qəhrəmanlığı” sahəsində Bərdə tarixindən silindi. Əvəzində Bərdənin küçələrinə vəhşi heyvan heykəlləri ucaldıldı”.
Həmçinin, Sovet dövrünün kolxoz idarələrinin (indiki yerli bələdiyyələrin) və kolxozlardakı,  təhsil, səhiyyə və mədəniyyət obyektlərinin həyətlərindəki bordyorları sökdürərək şəhərə gətizdirib  və həmin bordyorları rayon ziyalıları tərəfindən Gərənə kəndindən başlayaraq, şəhərin girişinədək 3 km yolun hər iki tərəfinə düzdürüb.
Şəhərin Qaradağlı kəndindən başlayaraq “Bakı” küçəsinə qədər (təxminən 2 km-ə yaxın) piyada yolu, yəni səki yoxdur. Həmin küçədə yaşayan sakinlər magistral yolla hərkət etməli olurlar ki,  ölümlə üz-üzə gəlirlər.
Bərdə-Mirzalıbəyli yolunun ətrafındakı pay torpaqlarında tut ağacları kütləvi şəkildə qırılıb, yerində ticarət obyektləri tikilib”.
Şikayətçilər onu da iddia edirlər ki, icra başçısı 2013-2018-ci illərdə “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində rayonda əkin sahələrinin suvarılması məqsədilə nəzərdə tutulmuş 20 ədəd subartezian quyularından 3 ədədi özünə lazım olan yerlərə vurdurub.
Hesabatında V.İsayev gündəlik olaraq 377,0 min kv metr ərazinin süpürüldüyünü göstərib. Hansı ki, şəhərin asfalt olan küçələrinin ərazisinin cəmi  göstərilən rəqəmin heç 50 faizi qədər də deyil. Faktiki olaraq gündəlik H.Əliyev prospektinin bir hissəsi, İ.Qayıbov və H.Aslanov küçələri, Nüşabə küçəsinin bir hissəsi, Koroğlu küçəsi və prospektin kəsişməsindəki  “Mərkəzi” dairə süpürülür”.
“Bizim Yol”-un əməkdaşı bu müraciəti ünvanlayan şəxslərdən biri ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin aparatında uzun müddət baş məsləhətçi vəzifəsində çalışmış Şahlar Baxşalıyev müraciətin onlar tərəfindən yazıldığını təsdiqləyib: “Biz dəfələrlə Maliyyə Nazirliyinə və Hesablama Palatasına müraciət edərək yoxlamanın aparılmasını xahiş etmişik. Yoxlamalar qeyri-obyektiv aparıldığı üçün icra başçısı əməllərinə davam edir. Odur ki, biz problemin həllini onu ictimailəşdirməkdə gördük”.
Şikayətçilərin müraciəti əsasında Maliyyə Nazirliyinə, Hesablama Palatasına və Bərdə Rayon İcra Hakimiyyətinə 07.09.2016-ci il tarixdə göndərilən sorğu cavabsız qalıb.
Ramid İBRAHİMOV
bizimyol.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sabah yağış yağacaq

%d bloqqer bunu bəyənir: